Azərbaycanın şok silahı - düşmən iflic olacaq

Azərbaycanın şok silahı - düşmən iflic olacaq
Elektromaqnit şüa verən aviasiya bombası yaradılır

Azərbaycan düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometr məsafədə tam müəyyən edən və məhv etmək iqtidarında olan "Zərbə KH" (kumulyativ başlıqlı) pilotsuz uçuş aparatının yaradılması istiqamətində intensiv işlərə başlayıb.
Bunu Nazirlər Kabinetinin iclasındakı çıxışında müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
"Bildiyiniz kimi, aprel döyüşləri zamanı yerli istehsal olan bir sıra müdafiə təyinatlı məmulatlardan geniş istifadə olunub. Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının dəqiq müəyyənləşdirilib məhv edilməsində Azərbaycan istehsalı olan yeni növ hərbi təyinatlı məhsullar mühüm rol oynayıb.
Bu istiqamətdə məqsədyönlü işlər davam etdirilir. Qısa müddət ərzində yaradılmış yeni nəsil "Zərbə KM" (təsir gücü artırılmış qəlpəli-fuqaslı) pilotsuz uçuş aparatının sınaqları uğurla başa çatdırılıb və ötən ilin sentyabr ayında təqdimatı keçirilib. Adıçəkilən məmulatın seriyalı istehsalı üzrə müqavilələr bağlanıb və istehsal edilərək sifarışçilərə təhvil verilib".
Nazir qeyd edib ki, ötən ilin sentyabr ayında Bakıda keçirilən ADEX-2016 Beynəlxalq müdafiə sərgisində prezidentə təqdim edilən "Tufan" milli zirehli maşını üzrə işlər uğurla başa çatdırılıb və fevral ayında Müdafiə Nazirliyi və digər güc strukturlarının aparıcı mütəxəssislərinin iştirakı ilə təqdimatı keçirilib. Sınaqlar zamanı milli zirehli nəqliyyat vasitəsi qarşıya qoyulan tələblərə cavab verib və mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib. Zirehli maşının üzərində quraşdırılmış 12,7, 14,5, 23 və 30 millimetrlik silahlarla təchiz edilmiş universal döyüş modulu da nazirliyin müəssisələrində istehsal olunub.
Y.Camalovun sözlərinə görə, hazırda yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi işlərinə başlanılıb. Bu layihə iki istiqamətdə - zirehlı texnika üzərində yerləşdirilmiş elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması istiqamətində aparılacaq.
"Məmulatların əsas təyinatı istiqamətlənmiş elektromaqnit şüalanma yaratmaqla, hədəfdə olan müxtəlif hərbi və mülki təyinatlı texnikaların idarəetmə elektron sistemlərini sıradan çıxarmaqdır. Artıq bu layihələr üzrə intensiv və təxirəsalınmaz işlərə başlanılıb. Bu silahların döyüşdə tətbiqi düşmən ordusunu tam iflic vəziyyətə salacaq".
Ümumilikdə, 2017-ci ildə nazirliyin müəssisələrində 136 adda müdafiə təyinatlı məmulatların yaradılması istiqamətində təcrübi-konstruktor işləri aparılır.
Nazir bildirib ki, istismara buraxılacaq 3 istehsalat müəssisəsində 100, 122, 130, 152 millimetrlik, eləcə də NATO standartlarına uyğun 155 millimetrlik artilleriya və 125 millimetrlik tank topları üçün mərmilərin və onların gilizlərinin, 40x46 millimetrlik qumbaraatan üçün müxtəlif növ qumbaralı atəş yığımlarının, RPQ-7V2 tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı üzrə son tamamlama işləri başa çatdırılacaq.
Eyni zamanda, döyüş sursatlarının hazırlanmasında əsas komponent kimi istifadə olunan partlayıcı maddələr - piroksilin, ballistit barıtlar, trotil və heksogen istehsalı üzrə zavodların, eləcə də müxtəlif çaplı artilleriya mərmiləri üçün 4 növ başlıq partladıcılarının və müxtəlif çaplı minaatan atəş yığımları üçün müasir növ tullayıcı barıt atımlarının istehsalı sahələrinin yaradılması işləri davam etdiriləcək.
Silahlanmaya tövsiyə olunan 7,62x51 millimetrlik xüsusi təyinatlı "Yalquzaq" snayper tüfənginin, 7,62x54 millimetrlik xüsusi təyinatlı əl pulemyotunun, 30 millimetrlik avtomatik qumbaraatan kompleksinin, 40x46 millimetrlik əl qumbaraatanının, 7,62x39 və 5,56x45 millimetrlik avtomatların, F-1 tipli əl qumbarasının, VOQ-25P tipli atəş yığımının, M-6, M-12 tipli mina partladıcıların və s. məmulatların cari ildə seriyalı istehsalı nəzərdə tutulur.
Birinci rübdə ümumi məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz artıb. Əldə olunan artım ixrac əməliyyatları hesabına təmin edilib. İstehsal olunan məhsulların 88,3 faizini müdafiə və xüsusi təyinatlı məmulatlar təşkil edir. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılıb.
Cənab Prezident, Sizin göstərişinizlə mütəmadi olaraq həm ölkə daxilində, həm də xarici ölkələrdə keçirilmiş beynəlxalq müdafiə sərgilərində iştirakımız ixrac sahəsində uğurlar qazanmağa imkan verib. Cari il mayın 9-12-də Türkiyənin İstanbul şəhərində keçiriləcək 13-cü "İDEF-2017" Beynəlxalq sərgisində Müdafiə Sənayesi Nazirliyi tərəfindən 260 adda məmulat nümayiş etdiriləcək. Adıçəkilən sərgidə ilk dəfə olaraq nazirliyin müəssisələrində istehsal olunan 8,6x70 millimetrlik "Vaşaq" snayper tüfəngi, 40 millimetrlik QP-25 lüləaltı qumbaraatanı, 12,7 millimetrlik silahla təchiz edilmiş məsafədən idarə olunan döyüş modulu, "Tufan" milli zirehli maşını kimi bir sıra yeni məhsullar ziyarətçilərə təqdim ediləcək. //istipress






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az