Azərbaycanın tarix dərsliklərində saxta erməni "tarixi"...
"Söhbət bu gündən gedir. Bu gün onun adı Qarabağdır və sənin dilindədir, sənin tarixi torpağındır”
Dilavər Əzimli: "Dərslik yazanlar bizim yaratmış olduğumuz metodologiya ilə işləsəydilər, o zaman "Arsax” adının bura hardan düşdüyünü düşünəcək və anlayacaqlar ki, bu xəritələri də bizə Avropa və Rusiya tarixi metodologiyası ilə sırıyıblar”
Bu yaxınlarda Vİ sinfin, 2017-ci ilin nəşri olan "Azərbaycan tarixi” dərsliyinin "Albaniya dövlətinin yaranması” mövzusunda yerləşdirilən xəritə sosial şəbəkələrdə geniş müzakirə olunmaqla yanaşı, bir sıra mübahisələrə də yol açıb. Belə ki, özlərini tarixçi kimi təqdim edən bəziləri xəritədə "Arsak” adı ilə göstərilən ərazinin qədim Azərbaycana məxsusluğunu, mənasının isə "Ər Sak”, yəni "Ər Kişi” olduğunu və bu səbəbdən heç bir qəbahət görmədiklərini bildirirlər.
Digər qisim sosial şəbəkə istifadəçilərinin fikrincə isə, ermənilər Qarabağı işğal edib qondarma "Arsak” dövləti yaratdığı, bu adda qədim dövlətlərinin olduğunu iddia etdiyi hazırkı məqamda dərslikdəki xəritədə Qarabağı "Arsak” kimi göstərmək xəyanətdir. Onlara görə, belə xəritələrlə bizim dərsliklərdə gələcək nəslin beyninə yeridilir ki, elə qədimdən bu ərazilər erməniyə məxsus olub.
Onu da xatırladaq ki, sözügedən xəritədə "Arsak” adı qeyd edilsə də, onun aid olduğu mətndə, ümumiyyətlə Albaniya ilə bağlı mövzuların heç birində "Arsak”dan, onun bizə aid olmasından bir kəlmə də danışılmır. Ermənilər isə məlum olduğu kimi, "Arsak”ı dünyaya öz torpaqları, öz dövlətləri kimi təqdim edirlər. Bu isə şübhəsiz ki, şagirdlərdə çaşqınlıq yaradır. Doğrudan da əgər ortada məkr yoxdursa, onda xəritənin yerləşdirildiyi mətndə, yaxud heç olmasa Albaniya ilə bağlı sonrakı mətnlərdə "Arsak”ın izahı da verilməli idi. Həm də Ermənistanla məhz bu məsələyə görə müharibə şəraitində olduğumuz hazırkı dönəmdə.
Göründüyü kimi, məsələ təkcə tarixi deyil, hazırkı reallıqlar şəraitində siyasi yanaşma da tələb edir. Aşağıda AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, tanınmış ziyalı Dilavər Əzimlinin nəzər nöqtəsini təqdim edirik.
"Bu gün bizim dərsliklərdə kifayət qədər belə hallar baş verir. Nədən bu baş verir? Bunun üzərində dayanmaq lazımdır. Dəfələrlə yazmışam, yenə də deyirəm ki, dərsliyin yazılması ciddi məsələdir. İlk növbədə tarixin metodologiyası işlənməlidir. Biz tarixə hansı metodlarla yanaşırıq? Bizdə bu metodlar yoxdur. Nəinki bizdə, digər türk dövlətlərində də yoxdur. Biz bu vaxta qədər mövcud olan tarixi metodlarla işləyirik. Bunun yaradıcıları da Avropa və Rusiyadır. Bu metodlarda da erməni xüsusi yer tutur. Demək, biz bu metodlarla işləməklə erməninin də dəyirmanına su tökürük. Qədim və orta əsrlər Azərbaycan tarixini işləyən insanlar isə xüsusi seçilməlidirlər. İlk növbədə qədim tarixi və orta əsrlər tarixini gözəl bilməli və keçmişlə bu günü əlaqələndirib, hansı nəticənin bizim xeyrimizə olduğunu müəyyən etməli və bundan sonra dərsliyə salmalıdır.
Bəs bizdə necə olur? Dərslikləri yazanlar bu metodlara üstünlük verirlərmi? Onları düşündürən hər bir dərsliyə ayrılan pullardır ki, ordan pay götürsünlər. Buna görə də əllərinə keçən kitablardan tarix yazıb, qarşısına çıxan xəritəni də ora əlavə edirlər. Düşünmürlər ki, qədim dövrə aid hər hansı xəritədə gedən ad, indi bizə ziyan gətirə bilər. Tarix təkcə keçmiş deyil, həm də gələcəkdir. Bacarmadığın bir işi götürüb işləyirsən, amma düşünmürsən ki, nə boyda ziyan vurursan. Dərslik yazan bizim yaratmış olduğumuz metodologiya ilə işləsəydi, o zaman "Arsax” adının bura hardan düşdüyünü düşünəcək və anlayacaq ki, bu xəritələri də bizə həmin Avropa və Rusiya tarixi metodologiyası ilə sırıyıblar. Onda belə bir sual yaranır: Tarixi mənbələrdə Azərbaycanın Quzeyinin Oğuz dövləti adlandırıldığı halda nəyə görə orada bu ad yoxdur? Amma Arsax adı dərhal qeyd edilir.
İkincisi, bu Arsax adı hansı tarixi mənbədə özünü göstərir? Bu ad ermənilərin sonradan yaratdığı saxta tarix əsərlərində özünü göstərir. Bir də saklar təkcə həmin ərazidəmi olmuşlar? Adamın Skif (İşquz, Oğuz) tarixindən xəbəri olsaydı, həmin xəritədəki Arsax adına aydlnlıq gətirərdi. Təbii ki, ilk olaraq hesab edirəm ki, dərslik yazanlar tanışlıqla komissiyaya düşür və ordan-burdan köçürməklə dərslik yazırlar. Sonda isə bax belə bir nəticə alınır. Amma burada bir məsələ üzərində xüsusi dayanmaq istərdim. Bu da ondan ibarətdir ki, dərslik yazan adam bu xəritədə adı keçən Arsaxa münasibət bildirməliydi. Bu ona bənzəyir ki, bəziləri "bizim düşmənlərimiz haylardır, erməni bizdəndir” yazırlar. Əslində, bununla da ermənilərə işləyirlər. Çünki bu gün dünya elmi erməni deyəndə yalnız Xocalıda qətliamlar törədən, İrəvan və onun ətrafında, Göyçədə, Zəngəzurda körpələri yandıran bu günki erməniləri nəzərdə tutur. Sən də onları bizdən sayırsan. Onda gəlin Qarabağı onlara verək...
"Arsax” sözünə də münasibət eynidir. Oranın sak, yaxud Ər Saklar yurdu olması tarixdə qaldı. Söhbət bu gündən gedir. Bu gün onun adı Qarabağdır və sənin dilindədir, sənin tarixi torpağındır. Erməniyə aid orada bir dənə də qədim və orta əsr abidəsi yoxdur. Bu gün qaniçən erməniləri bizim ərazilərimizə yerləşdirən dünyanın iri gücləri onlara yalan tarixlər də yaratdılar. Onlar da qədim Ərməniyyə mənbələrinə də sahib çıxdılar. SSRİ dönəmində bizim tarixçilərin böyük əksəriyyəti onların maraqlarına işlədilər. Bu gün də eyni vəziyyət davam etməkdədir.
Ermənilər bizi hətta informasiya məsələsində də özlərinə işlədə bilirlər. Çünki bu sahədə də düzgün taktika müəyyənləşdirilməmişdir. Bundan istifadə edən Azərbaycandakı erməni emissarları da adlarını dəyişərək içərimizə girib sərbəst işləyirlər. Hesab etmirəm ki, bizim dərsliklərdə onların təsiri yoxdur. İnanıram ki, var. Çünki dəfələrlə dərsliklərdə belə hallar olur. Axı dərslik Təhsil Nazirliyinin ekspert şurasından keçir. Bəs bu ekspertlər hara baxırlar? Gözləri kordur? Demək, orada da erməni barmağı oynayır. Bir neçə il bundan qabaq dəyərli milli tarixçimiz Kərəm Məmmədli yeni metodologiya ilə "Azərbaycan tarixi” kitabını yazıb onlara təqdim etdi ki, rəy versinlər və dərslik kimi nəşr olunsun.
Təsəvvür edin ki, Kərəm müəllimin çeçələ barmağı səviyyəsində biliyi olmayan ekspertlər bu kitaba mənfi rəy verdilər və dərslik kimi çap olunmadı. Sizcə, bu savadsızlıqdan baş verdi, yoxsa düşmən fitnəsi öz işini gördü?
Mən üzümü sizlərə tuturam, hörmətli mətbuat işçiləri!!! Bu məsələni daima qabardın. İmkan olsa bir seminar keçirin və bizi dəvət edin. Başqa yol görmürəm. Çünki neçə ildir ki, haray salanlardan biri də mənəm. Fayda vermir. Hələ elə hallar var ki, adam dəhşətə gəlir. Mənə bunları rayonlardan tarix müəllimləri söyləyirlər. Məsələn, yazırlar ki, Azərbaycan Səfəvilər imperiyasının işğalı altında idi. Götürüb SSRİ tarixindən olduğu kimi köçürürlər. Səfəvilər öz torpaqlarını necə işğal edə bilərlər? Bilirsiniz, qısa zaman kəsiyində müstəqil dövlət kimi yaşamaq müstəqil dövlətə sahib olmaqdan çətindir. Bizim ölkədə xarici dövlətlərin nə qədər desən şəbəkələri fəaliyyət göstərir. Onlar sosial şəbəkələrdə doludurlar. Bizim adlarla yorumlar yazırlar. Buna görə də dəyərli milli mətbuat nümayəndələri, bu məsələdə son dərəcə amansız olun!!!”
Nəriman MAHMUD
Moderator.az