Azərbaycanlı diaspora rəhbəri Milli Qəhrəmanımızın müalicəsi üçün şəxsi təyyarə göndərmək istəyib — Səfirdən AÇIQLAMA
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Kiyev şəhərində insult keçirən Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyevin müalicəsinin Prezident İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürülməsindən danışıb.
Səfir Demokrat.az-a açıqlamasında bildirib ki, ölkə başçısı tərəfindən atılan belə bir insani və hümanist addım hamı tərəfindən təqdir olunur.
A.Xudiyev deyib ki, hazırda Zabit Quliyevin müalicəsi yüksək səviyyədə davam etdirilir:
"Milli Qəhrəmanımızın vəziyyəti normallaşmağa doğru gedir. Onun müalicə aldığı xəstəxanada 24 saat boyu Azərbaycan səfirliyinin əməkdaşları var. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Səfirlik Milli Qəhrəmanımızın vəziyyətini daim diqqətdə saxlayır".
Diplomat qeyd edib ki, Azərbaycanın Avropa və Rusiyada fəaliyyət göstərən tanınmış diaspora nümayəndəsi də Zabit Quliyevin xaricdə müalicəsi üçün öz dəstəyini təklif edib:
"Bizim Rusiyada çalışan tanınmış diaspora rəhbərlərimizdən biri mənə zəng edib Milli Qəhrəmanın səhhətilə maraqlandı. Hətta, o, Zabit Quliyevin İsraildə müalicə alması üçün şəxsi təyyarə göndərmək istədiyini də bildirdi. Bu cür vətənpərvər insanlarımız çoxdur. Mən onlara öz təşəkkürümü bildirirəm. Amma sağ olsun ki, cənab Prezident zamanında bu məsələyə müdaxilə etdi və digər insanların köməyinə ehtiyac qalmadı. Mən bir daha həmin insanlara öz təşəkkürümü bildirirəm".
Miq.Az