Azərbaycanlı məşhur oliqarxın restoranı “qara siyahı”da-SAFİSA
Telman İsmayılovun məşhur restoranı "qara siyahı”da: söküləcək
Rusiyanın paytaxtı Moskvada azərbaycanlılara məxsus ticarət mərkəzlərinin kütləvi şəkildə söküntüsünə artıq bir müddət əvvəl başlanması ilə bağlı məlumat vermişdik. Moskva bələdiyyəsi bu obyektlərin tikintisi və fəaliyyətinin qanunsuz həyata keçirildiyini bəyan etsə də, obyekt sahibləri bununla razılaşmırlar.
Miq.az xəbər verir ki, hətta bu obyektlərin sökülməsinə etiraz edən Ticari işlətmələr və köşklər birliyinin prezidenti Vladlen Maksimov da Moskva bələdiyyəsinin bu addımına qarçı çıxaraq öz etirazını bildirib: "Mən belə hesab edirəm ki, obyektlərin bu şəkildə sökülməsi Moskva bələdiyyəsinin kobud səhvidir. Ən azından kiçik sahibkarlığa dəstək komitəsi bu obyektləri icarəyə götürən insanlara xəbərdarlıq edə bilərdi. Niyə bunu etmədiklərini mən anlaya bilmirəm. Ona görə indi zərərçəkən bütün sahibkarlarımıza məsləhətim budur ki, birlikdə Moskva bələdiyyəsinə öz etirazlarını bildirsinlər. Bu insanlar arasında təbii ki, ənənəvi olaraq ticarətlə məşğul olan azərbaycanlılar da az deyil”, – deyə Kiçik bildirib.
Sahibləri arasında azərbaycanlıların da olduğu bu obyektlərin xəbərdarlıq edilmədən gecə saatlarında sökülməsi sahibkarların ciddi etirazlarına səbəb olub.
Moskva meriyası şəhərdə "qanunsuz ticarət və iaşə obyektlərinin söküntüsünün ikinci dalğasını başlatmağa hazırlaşır. Miq.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu dəfə siyahıya hazırda müflis durumda olan azərbaycanlı oliqarx Telman İsmayılovun məşhur SAFİSA şadlıq evi də var.
Moskvada ikinci söküntü dalğasının başlayacağı barədə daşınmaz əmlakdan istifadəyə nəzarət üzrə Dövlət Müfəttişliyi bildirib. Müfəttişliyin rəhbəri Sergey Şoqurov deyib ki, paytaxt hakimiyyəti özbaşına tikintilərə qarşı mübarizəni davam etdirəcək və bu məqsədlə yeni siyahı hazırlanır. Xatırladaq ki, bundan əvvəl Moskva meriyası metro stansiyalarının qarşısında yerləşən irili-xırdakı 104 obyekti söküb. Onların arasında azərbaycanlılara aid ticarət obyektləri, habelə T.İsmayılovun qardaşı, Moskva rayonlarından birinin keçmiş rəhbəri Fazil İsmayılovun da obyekti var.
"Prestupnaya Rossiya” saytı isə xəbər verir ki, yeni siyahıda SAFİSA restoranının da adı yer alacaq. T.İsmayılov SAFİSA restoranının yerləşdiyi binanı vaxtilə mer Yuri Lujkovun sayəsində alıb və onu dəbdəbəli şadlıq sarayına çevirib. Həmin sarayda T.İsmayılovun məşhur ad günü ziyafətinin videoları internetdə məşhurdur. Orada Lujkov da çıxış edir və Telmanı "qardaşım” adlandırır. Bildirilir ki, indiki mer Sergey Sobyanin obyektin sökülməsinə, bununla da T.İsmayılovun Lujkovun sayəsində yaratdığı biznes-imperiyasına son nöqtə qoyulmasına qərar verib. T.İsmayılovun bütün mülkləri yüz milyonlarla dollar kredit borclarına görə banklar tərəfindən müsadirə olunub. Təkcə SAFİSA restoranından başqa...
Miq.az