Azərbaycanlı tarıxçidən türkiyəli TARİXÇIYƏ Xətai DƏRSİ- Tufan Gündüzün cılız çıxışı
Dilavər Əzimli
Tarixçi alim
Bütöv Azərbaycan Ocaqlarının başkanının ideologiya üzrə müavini
İndicə dəyərli dostum, qardaş Türkiyədən olan və Azərbaycan Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətainin araşdırıcısı Tufan Gündüzün bir müsahibəsini izlədim. Ona sual verənlərin sualından aydın olur ki, onlar Şah Xətainin efirdə aşağılanmasını istəyirlər. Daima demişəm və yenə deyirəm ki, bu gün Türkiyə və Azərbaycanda fəaliiyət göstərən anti-milli, islam donuna girən qüvvələr vardır ki, onlar Azərbaycan və Türkiyə arasında olan münasibətlərin inkişafından narahatlıq keçirir və bundan ötəri əllərindən gələni edirlər.
Bu verilişdə də onun şahidi oldum. Çox təəssüf ki, Tufan Gündüz əlində olan Osmanlı mənbələrinə əsasən Şah Xətainin aşağılanmasına yol verdi. Hesab edirəm ki, ona bunu sifariş ediblər. Çünki indiyənə qədər bu cür cılız çıxış etməmişdi. Tufan Gündüz bildirir ki, "Şah Xətai sünni qətliamı törətdi və Xorasandan tutmuş, Mərvə qədər və bütün səfəvilərin ərazilərndə sünniləri qırdırdı".
Ondan soruşmaq istəyirəm ki, bunu hansı mənbədən götürübdür. Səfəvilərin ən mötəbər mənbələrində belə ifadələr yoxdur. Sadəcə olaraq, Şah Xətai taxta çıxanda and içərkən ona deyirlər ki, İmamiliyin qəbulu Təbrizdə etirazla qarşılana bilər. O, da əli ilə qılıncını göstərib deyir ki, "bu qılıncla onlara göstərərəm". Bundan savayı heç nə yoxdur.
Cənab Tufan bəy, bu fikirləri hansı mənbədən götürmüsünüz, xahiş edirəm ki, açıqlayasınız. Əgər Şah Xətai sünniləri qırdırdısa, onda Ərdəbil yaxınlığına Astara şəhəri nə əcəb sünni qaldı, yaxud onun iqamətgahının olduğu indiki Ağdaş rayonunda sünnilər nə əcəb salamat qaldı? Və ya fars vilayətlərində sünnilərə toxunulmadı. Dövlətə qarşı çıxan istər sünni, istərsə şiə cəzalanmalıydı. O zaman Şah Xətai ona qarşı çıxan Mazandaran və Gilan şiələrini də cəzalandırdı. Bir də sizə məsləhət görərdim ki, mənbələrə diqqətlə baxın. Səfəvi mənbələrində şiə sözü keçmir. İsna-əşari, yaxud İmamiyyə sözü keçir. Yəni, 12 imamçılıq. Bu imamlar istər şiələrdə, istərsə də sünnilərdə müqəddəs qəbul edilirlər. Şah İsmayıl yazdığı Divanında bunu aydın göstərir.
Özünün "Cəfəri" məzhəbinə yaxın olduğunu vurğulamaqla, yolunun Əhli-beyt (ə) yolu olduğunu qeyd edir. Bəyəm Türkiuyədə Əhli-beyti (ə) sevmirlər? Çox təəssüf etdim! Səfəvilərə nifrət edən Xoca Sadəddin Əfəndi və başqalarına istinad edən Tufan Gündüz onların Şah Xətaiyə nifrətindən dolayı bu cür ifadələri efirdən söyləməklə öncələr dediklərini demək olar ki, təhrif edir. Onunla yanaşı oturan Hoca isə odu daha da körükləyib Osmançılığı işə salır. Bu gün Türkiyədə Osmançılıq edənlərə məsləhət görərdim ki, bu cür yanaşmalardan əl çəksinlər. Azərbaycanda Osmanlı sultanlarını bir Türk Cahan hakimiyyətinin daşıyıcıları kimi sevirlər. Onlar bizə çox əzizdir. İkinci yerdə isə dini münasibətlər gəlir. Unutmasınlar ki, tarixə, xüsusilə orta əsrlərə dini münasibətdən yanaşma kökündən səhvdir və iki qardaş dövlət arasında ziddiyyətlər yaratmağa xidmət edir. Biz buna kəskin etiraz edirik və onlara tarixi reallığı əks etdirməyən bu cür verilişlər düzənləməkdən yan keçməyi tövsiyyə edirik. Onu da unutmasınlar ki, Şah Xətai Azərbaycanda milli bir dövlətin və Böyük Azərbaycanın yaradıcısı və sufi şair kimi qəbul edilir, sevilir. Onun müqəddəslik simvollarından biridir. Bu cür yanlış verilişlər həm də bu insanlara qarşı hörmətsizlikdir. Əgər normal veriliş edirsiniz, onda Azərbaycandan da bir nəfər səfəşünası skaypla verilişə qoşaydınız. İstəsəydiniz, Türkiyədə Kastomonda olan səfəişünas Namiq Musalını, yaxud sufi tarixçi Ahmet Taşqını da dəvət edə bilərdiniz. Demək, məqsədiniz düzgün məqsəd deyildir və iki ölkə arasında münasibətlərə ziyan gətirməyə yönəlmişdir. Sonda bir daha vurğulayım ki, Şah Xətai ilə Sultan Səlimi gündəmə gətirib, tarixin məcrasını sünni-şiəliyə yönəldənlərin yalnız bir amacı vardır: Ümumtürk Birliyinə zərbə vurmaq. Azərbaycanla Türkiyə arasında ayrımçılıq salıb Türk Dünyasının birliyinin qarşını almaq. Butün bu cür çalışmalarda məqsəd yalnız budur!
Miq.Az