Bağdadda yaşamış azərbaycanlı şair - Ruhi Bağdadi

Bağdadda yaşamış azərbaycanlı şair - Ruhi Bağdadi

XVI əsrdə Bağdadda yaşayıb, türkcə yazıb-yaratmış, zəngin irsi dövrümüzə qədər gəlib çatmış Ruhi Bağdadinin ədəbi irsi öz dövründən başlayaraq tədqiqatcıların diqqətini cəlb etmişdir.

“Ruhi” təxəllüsünə öncə türkdilli təzkirəçilərdən Səhi bəyin 1538-ci ildə Türkiyədə qələmə aldığı “Həşt behişt”inin səkkizinci təbəqəsində rast gəlirik. “Həşt behişt”də Ruhi Bağdadinin adı nisbətən gənc, həm də qabliyyətli şairlər sırasında çəkilir.

Səhi bəyin “Mevlana Ruhi” kimi təqdim etdiyi şair Müfti Ali Çələbinin oğludur. Onun əsl adı Fazil, doğum yeri İstanbuldur. Müəllifin son dərəcə istedadlı və gözəl olması, Hicaz səfəri ilə bağlı bəzi yazdıqlarına sonralar Ruhi Bağdadi haqqında söylənilənlərdə də təsadüf olunur. Ruhinin İstanbulda vəfat etməsi də məlumdur. Sadəcə olaraq, 1538-ci ildə yazılmış təzkirələrdəki məlumatları Ruhi Bağdadiyə aid etmək məntiqi və tarixi baxımdan düzgün sayıla bilməz (158, 15-16, 219-2201). Belə ki, XVI-XVIII yüzilliklərdə yazılmış təzkirələr Ruhi Bağdadi haqqında daha müfəssəl məlumat verir.

Ruhi Bağdadi haqqında ilkin bilgilər Əhdi Bağdadinin “Gülşəni-şüəra”  əsərindədir (186, 142a-143a). Əhdinin verdiyi məlumata görə, Ruhi Bağdadda bəylərbəyi olan Anadolu Ayas paşanın adamlarından birinin oğludur. Atası Bağdadda könüllü ordu bölüyünə keçmiş, orada evlənmişdir.

Əsl adı Osman olan Ruhi Bağdadda doğulmuş, buna görə də Bağdadi kimi tanınmışdır. Əhdi Bağdadinin “Gülşəni-şüəra” əsərində göstərilir: “Ruhi Çələbi Bağdadidir, əsli-paknəhadi və nəsəbi-fərəhnəjadı Rumidir. Zira ki, validi-ikramı sabiqən vilayəti-Bağdadda bəylərbəyi olan Ayas Paşanın bəndələrindən olub. Bağdadda könüllü bölügünə keçib təəhhül (evlənmə) etmişdir. Məzkur Ruhi Bağdadi vücudə gəlməgin Bağdadi yad olundu. Nami-vacibül-ehtiramı Osman və zati-xücəstə, geranpəsəndi-yaran və zehni-müstəqimi-çalaki, qədi-büləndi lətafət gülşəninin barik (incə, nazik) nihali və ruyi-fərəhbəxşi mərifət gülzarının güli-ali və gülüstani-təzəhhüdə təbi-nüqtədanı ğönçə gibi ziyuri-hünərilə arəstə və dəbistani-maarifdə vücudi-lətifü zərifi məlumat ilə pirastə (bənzərsiz, bəzəkli) rüzü şəb bəliğ əşari şüərayi-namdar və dəmbədəm birər füsəhayi süxəngüzar edib, yarani-süxəngöstərilə həmdəm tutiyi-şirindəm və hər vəch ilə ğəzəl deməgə təbi-pakilə müsəlləm (şübhəsiz, etirazsız.) təbiəti-şeyriyyəsi xub və əbyati nazikü mərğubdur. Əksər bu diyarə gələn dərbişan və şairani-dilrişan (könlü yaralı, qəmli, qüssəli, dərdli)  ilə əşari-dürərbarü nəzmi-bəlağətnisar deməğə məşğul varub. Kamal içrə məqbuldur.Bu bir neçə beyt və ğəzəl anundur”.

Əhdi Bağdadinin “Gülşəni-şüəra”da “Bəni aşüftə qılan kakili-ənbərburdur” misrası ilə başlayan beş beytlik qəzəli, “şeir” başlığı altında beytdən sonra ayrı-ayrılıqda “vələhu” yazaraq daha Ruhi Bağdadinin beş beytini vermişdir.

Ruhi Bağdadi haqqında ikinci mənbə Kınalızadə Hasan Çələbinin  “Təzkirə”si sayılır (218, 118b-119b). E.J.W. Gibb “Osmanlı şer tarixi” əsərində yazır ki, Kınalızadə ona (Ruhiyə - A.M.) təmas etməz; çünki onun şöhrəti, ünlü təzkirəçi təzkirəsini qələmə aldıqda batıya ulaşmamışdı. Bununla birlikdə, Əhdi Kınalızadədən 20 il daha öncə yaşamış olmasına rəğmən, hər halda, şair kimi özünün də Bağdadlı olmasından olacaq ki, Ruhi haqda çeşidili bilgilər nəql edər (132, 138). Lakin Kınalızadənin təzkirəsinin bir sıra nüxsələrində Ruhi təxəllüslü şairlərdən bilgilərə təsadüf olunur ki, bu da bəzi araşdırıcıları yalnış qənaətə gəlməyə sövq edib.

Əhdi Bağdadinin yazdıqları sonradan bütün mənbələrin müəlliflərinə bir əsas olub və fikirlərini cüzi fərqlərlə təkrarlayıblar.

Düşünmək olardı ki, Gibbin əlindəki nüxsə fərqli olub və ya Ruhi haqqında bilgilər sözügedən əsərə sonralar əlavə edilib. Əgər İbrahim Kutluqun 48 əlyazmasını öyrənərək, 3 nüxsə əsasında hazırladığı, İbrahim Oğlunun 1978-ci ildə nəşr etdiyi Kınalızadə Hasan Çələbinin “Təzkirətüş-şüəra”sının tənqidi mətnini əldə etməsəydik. Müqayisəli mətndə iki Ruhi anılır və onların heç biri Ruhi Bağdadi deyil (152, 424-425).

Üçüncü mənbə Məhməd Rizayinin qələmə aldığı “Riyazüş-şüəra” adıyla XV-XVII əsrlərdə yaşamış şairlərdən müəllifin öz arzusuna görə seşdiyi 400-ə yaxın şəxsiyyəti əhadə edən əsəridir (144, 140). 96 mövləvi şairin həyatı və yaradıcılığından parçaları əhatə edən, əsl adı “Təzkirəyi-şüərayi-mövləviyyə” olan, Şeyx Qalib tərəfindən (1757-1789) qaralama şəklində Məhməd Əsrar Dədəyə (-1796) verilmiş və sonuncunun tamamladığı Əsrar Dədə “Təzkirə”sində (144,140) Ruhi ilə bağlı mübahisəli məqamlar vardır.

Ətainin (-1634) “Hədiqətül-həqaiq fi təkmilətüşşəqaiq”ində, Qazıəsgər Məhməd Emin Salim (1688-1743) “Təzkirə”sində, Katib Çələbnin məşhur “Kəşfuz-zünun”unda da Ruhinin adı anılmışdır (204, 98b; 119 və s.).

Hacı Xəlifənin “Kəşfüz-zünun”u nəşrlərində Ruhi Bağdadinin anılmasında fərqli məqamlarla rastlaşırıq. Əlimizdə bu əsərin iki nəşri mövcuddur: Hasan Hilmi - h.1311-ci il və Şərafəddin Yaltkaya - h.1360-cı il nəşrləri. Birincidə yalnız “1014-cü ildə ölmüş Ruhi Bağdadinin türkcə divanı” qeydi vardır. İkincidə, yəni Yaltkaya nəşrində şairin və atasının adları da verilib: “Ruhi Osman bin Məhəmməd”.

Ruhidən söz açan onlarla mənbə içərisində bu nəşr yeganədir ki, Ruhinin atasının adı göstərilib. Bu nəşrdə həmçinin “Ədəm iqliminə getdi Ruhi” əlavəsi də vardır (119, I, 511; 119, I, 790).

“Təzkirələrə görə divan ədəbiyyatı isimlər sözlüyü” (Ankara, 1988) kitabında Ruhi təxəllüslü doqquz şairdən söz açılıb:

1. Fazil Ruhi Müfti Ali Çələbi oğlu (1505-1522);

2. Mustafa Ruhi Hasan ağa oğlu (-1552/53 və ya 1582); 

3. Ömər Ruhi İstanbuli (-1609);

4. Ruhullah Ruhu Sədrəddinzadə (-1660 və ya 1661/62);

5. Mustafa Ruhi Kilisli (-1798);

6. Ruhi Konyalı - alim-şair;

7. Mahmud Ruhi Gelibolulu;

8. Mustafa Ruhi Filibeli;

9. Osman Ruhi Bağdadi (-1605). 

Sözlükdə Ruhi ilə bağlı aşağıdakılar yazılmışdır: “Riyazi onu məna ruhuna vasil olmuş bir şair olaraq tanıdır, Divanı vardır. Əsrar Dədə Mevləli olduğunu və Qalata, Konya mevləvi dərgahlarında bulunduğunu söyləyir (391-393).”

XX əsrin əvvəllərində nəşr edilmiş Məhəmməd Sürəyyanın “Sicili-Osmaniyyə”, Şəmsəddin Saminin “Qamusül-elam”, Faiq Rəşadın “Tarixi-ədəbiyyati-Osmaniyyə”, Məhəmməd Tahir Bursalının “Osmanlı müəllifləri”, Ziya Paşanın “Xərabat” əsərlərində Ruhi Bağdadi haqqında məlumat almaq mümkündür (110, II, 442; 114, III, 2314; 109, II, I, 182-183; 115).           

Ş.Sami “Ruhi” təxəllüslü beş şairi xatırladır. Bunlardan ikisini osmanlı sayır: Biri  X əsrdə yaşayıb, şeyxül-islam Əli Çələbinin oğlu olub; ikinci Əbu Suud əfəndinin kəndxudasının oğlu olub, hicri tarixi ilə  960-da dünyasını dəyişib.

Ş.Sami digər iki Ruhinin isə İran şairi sayır ki, onlardan biri Sistanlı, digəri Həmədanlıdır. Həmədanlı Ruhi əkabirin həcvi ilə məşğul olduğundan Şah Abbas əmrilə Yaqub xan tərəfindən dili kəsilib.

Ş.Sami Ruhi Bağdadi haqqında yazır: “X əsr hicri şüərasından olub, əşari fövqüladə abdar və hələ tərkibbəndi qayət məşhur və mötəbərdir. Səyahətə pək çoq meyl və arizusi bulunmuş olduğundan xeyli diyarı gəzmiş, hətta bir aralıq İstanbula dəxi gəlib bir müddət qalmışdır. Bədə Dərsəadətdən Quniyəyə və oradan Sama gedib 1014 tarixində Şamda vəfat etmişdir. “(114, 2314).  

M.Sürəyya Ruhinin vəfatı ilə bağlı “Şüərayi-əsrdən” İtrinin söylədiyi “Getdi Ruhi Ədəm iqliminə ah” tarixini yazaraq, Ziya Paşanın

Uğrasa, Ziya, rahın əgər səmti-İraqə,

Bağdad elinə toğru dəxi əzmi-xuram et.

Adab ilə get rövzəyi-Ruhiyə səlam et - 

deməsini onun Ruhinin qəbrinin yerini bilmədiyi ilə izah edir.

Ziya Paşa “Xərabat”ının müqəddiməsində həmdövrü Hami ilə birgə Ruhini belə yad edir: 

Ruhi ilə Hamiyi-süxənsaz,

Bin şivəvü bin əda, bin avaz.

Çün ikisi də İraqdəndür,..

Əhli-dilü sahibi-süxəndür. 

Və yaxud 

Ruhiyə verən kamali-şöhrət,

Türkində olan ulu lətafət.

Amma ki, əgər yuca tədqiq,

Səngü gövhərü olunsa təfriq.

Azdır süxəni-geranbəhayi,

Baqisi əcuzələr duası (115). 

Gibbi Ziya Paşanın “Xərabat”dakı bu yazdıqlarına münasibəti maraqlıdır. O, Ziya Paşanın Ruhinin Hamiyə “heç də xoş olmayan tay tutmasını” tənqid edir. Bunun hər ikisinin İraqda doğulması ilə əlaqəliyini, sözü gedən bölgədə yaşayan bütün insanların təsəvvüfə və şeirə meyilli olduqlarını qəbul etsə belə (132, III-V, 139).

Yalnız yaradıcılığı ilə deyil, həm də şəxsiyəti ilə diqqəti cəlb edən Ruhi Bağdadiyə maraq isə məhz XX əsrin ortalarından artmışdı.

Türk ədəbiyyat tarixinin tədqiqatçılarından Kocatürkün, Banarlının, xüsusilə Gölpınarlının tədqiqatları, əlyazma mənbələrinə müraciəti, bir qədər genişliyi və nisbətən obyektivliyi ilə daha qiymətlidir.

Banarlının “Rəsmli türk ədəbiyyatı tarixi”, Gölpınarlının “Nəsimi-Üsuli-Ruhi”, Kocatürkün “Türk ədəbiyyatı tarixi”, Kabaklının “Türk ədəbiyyatı”, Timurtaşın “Tarix içində, türk ədəbiyyatı” və başqalarının əsərlərində müşahidə edirik. (129,235,249; 136, 19-125; 388-392; 236-238; 131, 204-205).

Türk klassikləri seriyasının 1954-cü ildə nəşr olunmuş 24-cü sayı Abdülbakı Gölpınarlının “Nəsimi-Üsuli-Ruhi” adlanan 127 səhifəlik kitabıdır.

Ümumiyyətlə, XVI-XVII yüzilliklər türk ədəbiyyatından, bu dövrün görkəmli sənətkarlarından danışılan qaynaqlarda Ruhinin də adı yad edilməkdədir.

Avropa müəlliflərindən Hammer və Gibb Osmanlı ədəbiyyatına həsr etdikləri tanınmış əsərlərində bağdadlı Ruhiyə diqqət yetirmişlər (178, III, 135; 176, III, 186-193). Hammer Riyazi və Riza təzkirələrindəki məlumatları verməkdən uzağa getməmişdir.

E.J.Vilkinson Gibb Ruhini zamanın ən yaxşı şairlərindən sayır. Əsasən Əhdinin və Hammerin andığı təzkirələrə istinadən yazdıqlarına söykənərək fikir yürütməklə şairin həyatına nəzər salmışdır. Sufi şeirlərdən tərtiblənmiş bir “Divan”ın varlığından, fəqət tərkibbəndilə şöhrət qazandığından, Bağdad mühitinin bəzi çalarlarını əks etdirən Qitəsindən də söz açmışdır.

E.J.Vilkinson Gibbin ingiliscə yazılmış “Osmanlı şeir tarixi” adlı sözü gedən 6 cildlik monumental əsəri Osmanlı dövlətinin qurulmasının 700 illiyi münasibətilə Ali Çavuşoğlu tərəfindən türk dilinə tərcümə olunaraq 1999-cu ildə 5 cilddə (2 kitab) nəşr edilmişdir.

Keçmiş Sovetlər dönəmində Ruhi Bağadi irsinə o qədər də maraq göstərilməmişdi. Azərbaycan ədəbiyyatı kitablarında  Ruhi Bağdadi haqqında qısa məlumatla kifayətlənirlər.

Bizlərdən fərqli olaraq Gürcü alimi E.D.Cavelidzenin “Ruhi Bağdadi” adlı gürcücə monoqrafiyası sovet ideologiyası fonunda yazılmasına baxmayaraq, adından da göründüyü kimi konkret olaraq şairə həsr edilmişdir.

Sovetlər dövrünün tədqiqatçılarından E.İ.Maştakovanın “Türk ədəbiyyatında satira və yumor tarixindən” kitabının müvafiq bölməsində də Ruhinin tərkibbəndinə xeyli yer ayrılmışdır. E.D.Cavelidzenin və E.İ.Maştakovanın Ruhi Bağdadi haqqında olan bu tədqiqatlarını o dövr üçün  çox uğurlu saymaq olar. Azərbaycanda Ruhi Bağdadi haqqında məlumat yalnız XX əsrin əllinci illərindən sonraya təsadüf edir. Burada Fizuli və Bağdad şairləri haqqında danışılarkən Ruhinin yalnız adı çəkilir (106, 6,77-85).

Pənah Makulunun 1962-ci ildə Bakıda nəşr olunmuş “Ədəbi məlumat cədvəli” kitabında Ruhi təxəllüslü səkkiz şair xatırlanır:

1. Anarcanlı Ruhi (farsdilli);

2. Türkiyəli Ruhi (türkdilli-XVI əsr);

3. Sistanlı Ruhi (farsdilli);

4. Həmədanlı Ruhi (farsdilli);

5. Ruhi Anarcanlı-Azərbaycanlı (farsdilli);

6. Ruhi Bağdadi (türkdilli-XVII əsr);

7. Ruhi Şeyxülislam Əli Çələbi oğlu (türkdilli XVII əsr);

8. Ruhi Şəhristanlı (farsdilli -XIX əsr).

Tərtibçi sırada altıncı olan Ruhi Bağdadi ilə əlaqədar məlumatı “Qamsül-elam” dan götürdüyünü yazıb (15,315).

Türkşünaslıqda və Azərbaycanda konkret olaraq dil abidəsi kimi Ruhi Bağdadinin divanına yeganə diqqət yetirən, müraciət edən prof. Samət Əlizadədir. Zamanında Ruhi Bağdadinin, artıq nəzərə çadırdığımız kimi, Azərbaycanda əlyazmaları, nəşri olmadığından xarici məmləkətlərdən alınan surətləri və hazırlanmış transfonoliterasiyasına tədqiq obyekti kimi müraciət olunmuşdur. Prof. S.Əlizadə “XVI əsr Azərbaycan ədəbi dili” mövzusunda yazdığı doktorluq dissertasiyasında Ruhi Bağdadi divanını faktiki dil materialları sırasında tədqiq etmişdi (10a).

Əlyazma irsi - yaradıcılığı əsasında isə Azərbaycanda Ruhi Bağdadi ilə bağlı tədqiqatlara ilkin olaraq filologiya elmləri doktoru Azadə xanım Musabəyli aparmışdır. Onun “Əlyazma kitabı və XV-XVI əsrlər azərbaycan ədəbiyyatının araşdırılmamış problemləri”, “Fizuli ədəbi məktəbinin Bağdad davamçılarından biri”, “Fizulidən sonra Bağdadın yetirdiyi ən böyük türk şairi” tədqiqatlarıdır.

Bu göstərilən əsərlərə qədər Bağdadda doğulmuş bir türk şairi kimi Ruhi Bağdadinin Azərbaycanda yalnız adı məlum idi. Çünki şairin obyektiv tədqiqata səbəb ola biləcək əlyazmaları əldə deyildi. Sankt-Peterbruqda başqa bir sıra qiymətli türk əlyazmaları ilə yanaşı Ruhi “Divanı”nın diqqətdən kənarda qalmış naməlum nüxəsinin üzə çıxarılmasından sonra transfoneliterasiyası və filoloji tədqiqatı Azadə xanım Musabəyli tərəfindən paralel aparılmışdır.

Şöhrət Səlimbəyli.

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli Əlyazmaların

tədqiqi şöbəsinin elmi işçisi



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az