İqbal Ağazadə: “Qaz, işıq limiti ləğv edilməlidir”
"Azərbaycanda demoqrafik vəziyyət pisləşir. Boşanmaların sayına və ailə quranların sayının azalmasına baxın. Statistikamızda da böyük yanlışlıq var. Səlahiyyətli dövlət qurumları buna aydınlıq gətirməyib”.
Pravda.az xəbər verir ki, bu barədə Ümid Partiyasının sədri İqbal Ağazadə "Laf Tv”yə danışıb.
Onun sözlərinə görə, statistik rəqəmlərin qaranlıq, cavabı açıqlanmayan tərəfləri var: "Mərkəzi Seçki Komissiyası deyir ki, Azərbaycanda səs verən seçicinin sayı 6 milyon 232 min nəfər, Dövlət Statistika Komitəsi də deyir ki, 18 yaşına çatan vətəndaşlarımızın sayı 2 milyon 634 min nəfərdir. Bunların toplam cəmi 8 milyon 996 min edir. Sual olunur: 1 milyon 302 min əhali hanı? Kimin siyahısındadır? Aydınlıq gətirin. Deməyin ki, bu adamlar Rusiyaya, Ukraynaya, Özbəkistana iş arxasınca gediblər. Gediblərsə, onlar vətəndaşlıqdan çıxmayıbsa, seçki siyahısında olmalıdırlar. Seçki siyahısında yoxdurlarsa, deməli, vətəndaş deyil. Başqa ölkədən vətəndaşlıq alıbsa, ölkə vətəndaşlığından çıxmalıdır. Bəs bu qədər statistik rəqəmlər təqdim edirsiniz. Hamısı bu əhalinin sayına uyğundur. Deməli, bu, yalandır? Niyə bu qədər seçicinin adı heç yerdə yoxdur? Azərbaycanda sosial vəziyyətə yönəlik rəqəmlərlə bu şəkildə oynayaraq ümumi mənzərə yaratmağa ehtiyac yoxdur. Əhalinin sosial vəziyyəti ağırdır”.
İ.Ağazadə qeyd edib ki, sosial paket qəbul edilməlidir: "Qaz, işıq limiti ləğv edilməlidir. Dövlət vətəndaşı düşünməlidir. Nə üçün Azərbaycanda benzinin qiymətini Tarif Şurası müəyyənləşdirməlidir? Tarif Şurası kimdir çörəyin də qiymətini müəyyənləşdirə? Çörəyi əkən, yığan, biçən, üyüdən sonda bişirən özəl sektor, amma qiyməti müəyyənləşdirən dövlət sektoru? Niyə? Necə tənzimlənir bu? Normal rəqabət prinsipi yaradılmalıdır”.