MHP lideri: ""Hamımız erməniyik" deyənlər indi hanı?"
"Xocalıda etnik təmizlənmə aparılıb. İnsanlığın gözü önündə sənədli, dəlilli soyqırımı cinayəti işlənib".
Vətəninfo.az-ın məlumatına görə, bunu Türkiyənin Milliyətçi Hərəkət Partiyasının lideri Dövlət Bahçeli deyib.
O, Xocalı qətliamının 23-cü ildönümü ilə bağlı sosial media olan "Twitter" də mesaj yayıb.
Siyasətçi ermənilərin bütün insanlıq önündə soyqırım işlədiklərini bəyan edib.
"Xocalı qətliamdan sonra qaranlıqdan qurtula bilmədi. Erməni diasporu isə yalan və iftira ilə türk millətinə qarşı intiqam həvəsindən əl çəkmir".
MHP lideri ötən gün partiyasının iclasın da çıxış edərkən də Xocalını unutmayıb. O,
Xocalıda vəfat edən, şəhid düşənləri rəhmətlə anıb. "Erməni quldurlarının qətlə yetirdikləri soydaşlarımıza Allahdan rəhmət diləyirəm.
Xocalı 23 ildir ki, qanayan yaradır. Bəs küçə-küçə gəzib "hamımız erməniyik" plakatı daşıyanlar indi hardadırlar? İşgəncə Xocalıda məskən salıb, gözyaşı və dram Xocalının bağrını dəlib. Xocalı 23 ildir əzabda, çuxurda, qaranlıqdadır. İnkişaf etmiş ölkələr isə nə üçünsə əsas soyqırımı və onu törədənləri etiraf etməmək üçün min dərədən su gətirirlər. Xocalının hesabını verə bilməyən üzsüzlər türklərə barmaq yelləyir".
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdü. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olub. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.
Bu qırğının nəticəsində 613 nəfər həlak olub. Onların arasında uşaq (63 nəfər), qadınlar (106 nəfər), qocalar (70 nəfər) də olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideyninin itirib, 130 uşaq valideynlərindən birini itirib.