Bakı dünyanın gözü önündə İrəvana möhlət verdi
Ermənistan faktiki xəstə bir subyektdir və düşmənin bu vəziyyətini daha da pisləşdirmək üçün Azərbaycana əlavə güc lazım deyil.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloq Azərbaycanın Ermənistandakı vəziyyətdən istifadə edərək Qarabağla bağlı hücuma keçməsinin real cizgilərini görmədiyini deyib:
"Düzdür, ermənilərin başı özlərinə qarışıb, Ermənistanda daxili ictimai-siyasi vəziyyət çox gərgindir. Böhran içərisində çabalayan Ermənistanın hərarəti bir az da qalxıb. Ermənistan faktiki xəstə bir subyektdir və işğalçının bu vəziyyətini daha da pisləşdirmək üçün Azərbaycana əlavə güc lazım deyil. Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün tələb olunan bütün resursları, əzm və siyasi qətiyyəti var. Ancaq biz ermənilər kimi xain xislətli millət deyilik. Azərbaycan açıq şəkildə Ermənistana real danışıqlar yolunu təklif edib. Ermənistanda hakimiyyət onsuz da dəyişir, yeni sistem isə hələ tam oturuşmayıb. Ermənistanı nə prezident, nə də parlament ölkəsi kimi qiymətləndirə bilərik. Çünki işğalçı ölkədə hərc-mərclik o qədər baş alıb ki, hələlik, özləri də bir işıq ucu tapa bilmirlər və Qarabağla bağlı mövqelərində çarəsizdirlər”.
Politoloq vurğulayıb ki, Bakı, öz daxili məsələlərini həll etdikdən sonra Qarabağ probleminə dair aydın, tam formalaşmış və şəffaf mövqe sərgiləmək üçün bütün dünyanın gözü önündə İrəvana möhlət verdi:
"Bakı bundan sonra Qarabağla bağlı öz qərarını verəcək və inanmıram ki, indiki vəziyyətdə erməni sayağı hərəkət edib, düşmənə zərbə endirsin. Azərbaycan həqiqətən də hazırda güclü bəndə xas olan bir davranış sərgiləyir və Ermənistana nə qədər sağlam məfkurədə olduğunu göstərir”.
Qeyd edək ki, az öncə müxalif lider Nikol Paşinyan Ermənistanın baş naziri seçilib.
Miq.Az