Bakıda körpəsi ilə birgə ölən qadının anası DANIŞDI: "Qızımı qayınanası ilə kürəkənim döyüb" - FOTO

Bakıda körpəsi ilə birgə ölən qadının anası DANIŞDI:

Ötən gün Bakıda övladı ilə birgə özünü binadan atdığı deyilən qadının anası onun bunu intihar məqsədilə etmədiyini iddia edir.

Mehriban Süleymanova "Qafqazinfo”ya müraciət edərək qızı Aytən Niftəliyevanın intihar etmədiyini, həyat yoldaşı və qayınanası tərəfindən döyülərək, damdan atıldığını bildirib:

"Avqustun 30-u qızım Aytən Niftəliyeva bizdə Sumqayıtda qonaq idi. Ayın 29-u bizə yığıncağa gəldi, oğlumun toyu olmuşdu, gəlinimin qohumları bizdə idi. Ayın 30-u da tək taksi ilə yola saldım. Ailəsində axır vaxtlar münaqişələr olurdu. Ümumiyyətlə, əvvəldən yoldaşı Rəhman Niftəliyev tez-tez dalaşırdı qızımla. Yoldaşım öləndən sonra dava-dalaş daha da böyüdü. Yoldaşım Qarabağ qazisi idi, ötən il koronadan rəhmətə getdi”.

Ananın sözlərinə görə, evə getdikdən sonra qızına zəng edib: "Dedi ki, çatmışam. Sonra Rəhman zəng etdi ki, bezmişəm, gəl apar qızını. Uşaq da ağlayırdı. Mən də fikirləşdim ki, yenə döyüblər qızımı. Sonra qayınatasına yığdım, dedi ki, rayondan çıxmışıq çatanda baxarıq. Qayınanası zəng etdi ki, gəl apar qızını, tərbiyəsizdir. Mən də taksiyə minib Sumqayıta gedirdim ki, yolda zəng gəldi ki, tez gəl. Çatana yaxın zəng gəldi ki, qızın atdı özünü”.

Mehriban Süleymanova deyir ki, qonşular ona qızının sağ olduğunu bildiriblər: "Dedilər ki, DTX hospitalına apardılar, amma uşağın öldüyünü dedilər. Qızım 3 mərtəbəli şəxsi mülkün damından özünü uşağı ilə birgə atdı. Bunlar dedilər ki, qızım birinci uşağı, sonra da özünü atıb damdan, amma qız oyananda dedi ki, Rəhmanla dalaşanda ayağım sürüşdü, o da mənə kömək etmədi, uşaq əlimdən düşdü, mən də yıxıldım. Həmişə dalaşanda şantaj eliyirdilər ki, uşağı əlinizdən alacağıq, atam əlinizdən alacaq uşağı. Qızım deyir ki, ayağım sürüşəndə Rəhmana dedim ki, kömək elə, o da eləmədi. Uşağı dartanda damdan düşüb. Qızım da yıxılıb. Hazırda qızımın vəziyyəti ağırdır. Daxili qanaxması var. Nə qədər sümükləri sınıb. Qan köçürürlər. Qızımı qayınanası ilə kürəkənim döyüb. Yoldaşım ölənə kimi, hər gün bizi dava-dalaş üstündə evlərinə çağırırdılar. Rəhman hər gün evdədir. Onlayn proqram dərsi keçir. 3 il idi ki, evli idilər. Cinayət Məcəlləsinin özünü intihara çatdırma maddəsi ilə iş açılıb. Amma qızım intihar etməyib”.

Mehriban Süleymanovanın sayta müraciətindən bir neçə saat sonra onun reanimasiyada olan qızı Aytən Niftəliyeva vəfat edib./publika.az/




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az