«BANK OF BAKU»DA ŞOK DƏYİŞİKLİKLƏR

«BANK OF BAKU»DA ŞOK DƏYİŞİKLİKLƏR

ARTIQ İRANLI OROMİ QARDAŞLARI BANKIN PAYÇISI DEYİL

Neçə müddət idi ki, ailə üzvlərindən biri İran İslam İnqilabı Keşikçiləri Korpusunun istefada olan yüksəkçinli məmurlarından biri olan iranlı Oromi qardaşlarının payçısı olduğu «Bank of Baku» ilə bağlı məlumatları diqqətinizə çatdırırdıq və son xəbərimizdə bildirmişdik ki, fars-molla rejimi ilə münasibətləri pozulan rəsmi Bakı artıq bu bankın fəaliyyətinin dayandırması yönündə iş aparır.

“Vətəninfo.az”ın “DİA.az” istinadən verdiyi məlumata görə, Türkiyə vətəndaşlığını almış və Azərbaycanda özlərini Türkiyə türkü kimi təqdim edən Oromi qardaşlarına məxsus olan «NAB Dış Ticaret» Şirkəti «Bank of Baku»dakı payını yerli məmurlarımızdan birinə satmaq zorunda qalıb.

Bildirək ki, Oromi qardaşlarının günü bu gün də fars agenturasına çalışdığı haqda iddialar ilk dəfə 2010-cu ilin noyabr ayında məşhur «WikiLiks» təşkilatının açıqladığı məxfi sənədlərdə yer almışdı. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri xanım Enn Dörsi tərəfindən ABŞ Dövlət Departamentinə ünvanlanan məxfi qrifli hesabat sənədində bildirilirdi ki, Azərbaycanda təhsil alan bir qrup iranlı tələbənin Amerikanın Azərbaycandakı böyükelçiliyinə verdiyi məlumata görə, Oromi qardaşları hələ də İran xəfiyyəsi ilə əlaqədədir və hər ay İrandan ötürülən 5 milyon ABŞ dolları həcmində vəsait bu şəbəkə vasitəsilə təmizə çıxarılır.

Onu da bildirək ki, hələ həmin ərəfədə bu iddia ilə bağlı bankın rəhbərliyi tutarlı izahat verə bilməmişdi və hətta mətbuata açıqlama verən Bankın o zamankı İdarə Heyətinin rəhbəri naməlum şəraitdə tutduğu vəzifəsindən kənarlaşdırıldı. Və sonradan aydın oldu ki, bu məsələdə «Bank of Baku»da böyük pay sahibi olan Oromi qardaşlarının iradəsi əsas rol oynayıb.

Redaksiyamızı bilgiləndirən mənbənin sözlərindən belə aydın olur ki, indi isə artıq sözügedən Oromi ailəsi «Bank of Baku»da payçı deyil. İddialara görə, Oromi qardaşlarına məxsus «Baku Electronics», «Hyundai Auto Azerbaijan» və digər şirkətlər də anoloji aqibəti yaşayacaq.

Mövzu diqqətimizdədir. Adları keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Bir daha xatırladaq ki, “WikiLeaks” saytının Azərbaycanla bağlı açıqlanan məxfi yazışmalarda “Bank of Baku”nun da adı da keçirdi. Azərbaycanda fəaliyyət göstərən iranlı iş adamları ilə bağlı Bakıda hazırlanan hesabat xarakterli sənəddə bir sıra şəxslərin adı bu bankla əlaqədə çəkilirdi. Sənədi o zamankı ABŞ səfiri Enn Dersi hazırlayıb. Xanım Dersinin hesabatında məsələn, bildirilir ki, Türkiyə vətəndaşlığı almış İran azərbaycanlıları Cəmşid Mahmudoğlu qardaşlarının bəzən türk bankı kimi təqdim olunan “Bank of Baku”da iri səhmləri var.

“Əslən Təbrizdəndirlər, vaxtilə qızıl və valyuta alveri ilə məşğul olublar. İran İnqilabından sonra bizneslərini itiriblər. Ailə Türkiyəyə qaçıb, türk pasportu alıblar. Onlar Azərbaycanda Oromi qardaşları (türk pasportlu təbrizli ailələri) ilə birgə biznes qurublar, Dubayda ”Silsilə General Trading" şirkətini yaradıblar. Azərbaycanda “Baku Electronics” şirkətini və “Bank of Baku”nu təsis ediblər. Şahram Oromi İran inqilabından sonra türk vətəndaşlığı almış İran azərbaycanlısıdır. "Bank of Baku"nun yaradılmasına Oromilərin dəstək verdiyi bildirilir. Şahram həm də İranın Azərbaycandakı keçmiş səfiri Əhməd Qəzainin yaxın dostu olub".



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az