Bişkekdə TÜRKPA-nın III Plenar Sessiyası keçiriləcək

Bişkekdə TÜRKPA-nın III Plenar Sessiyası keçiriləcək

iyun 14-15də Qırğızıstanın Bişkek şəhərində keçiriləcək TÜRKPA-nın III Plenar Sessiyasına  hazırlıq məqsədi ilə baş katib  Ramil Həsənovun rəhbərliyi altında nümayəndə heyəti  Qırğızıstanda  yola düşüb. “Vətəninfo.az”a TÜRKPA-dan verilən məlumata görə, Plenar Sessiyaya hazırlıq prosesi,  təxminən 3 aydır ki, davam edir.

15 iyun 2012-ci il tarixində keçiriləcək Sessiyanın işində TÜRKPA üzv ölkələrindən olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament sədrlərinin başçılığı altında nümayəndə heyətlərinin, həmçinin Türk Konseyi, TÜRKSOY, İslam Əməkdaşlıq Təşkilatının Parlamentlər Birliyi, Qara Dəniz İqtisadı Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası  və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

14 iyun 2012-ci il tarixində baş tutacaq Assambleya Şurasının III iclasında TÜRKPA-nın III Plenar Sessiyasının gündəliyi qəbul ediləcək, dörd daimi komissiyaların katibi vəzifəsinə seçkilər keçiriləcək, Katibliyin 2011-ci il üçün maliyyə və fəaliyyət hesabatları təsdiq ediləcək, həmçinin IV Plenar Sessiyasının keçirilmə tarixi və yeri müəyyənləşdiriləcəkdir.

15 iyun 2012-ci il tarixində keçiriləcək TÜRKPA-nın III Plenar Sessiyasında üzv ölkələrinin sədrlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları dinləniləcək,  TÜRKPA-nın son 1 illik fəaliyyətinə həsr olunmuş  slayd şounun təqdimatı olacaq, bundan başqa Beynəlxalq əlaqələr, İqtisadiyyat, ticarət və maliyyə məsələləri, Sosial, mədəniyyət və humanitar məsələləri, Hüquq məsələləri komissiyalarının hesabat və tövsiyə qərarlarının, həmçinin  TÜRKPA beynəlxalq müşahidəçilər missiyasının Türkiyə, Qırğızıstan və Qazaxıstanda keçirilmiş  prezident və parlament seçkilərinə dair rəylərinin dinlənilməsi və təsdiqi də planlaşdırılır. Bundan əlavə yuxarıda qeyd edilmiş komissiyaların sədr müavini vəzifəsinə namizədlərin seçimi plenar sessiyada baş tutacaqdır.

Qeyd edək ki, Plenar Sessiyada Katibliyin 2013-cü il üçün büdcə layihəsinin təsdiqi də gözlənilir. Sonda TÜRKPA-nın III Plenar Sessiyasının yekun sənədi olan –Bişkek Bəyannaməsinin qəbulu nəzərdə tutulmuşdur. 

Plenar Sessiyadan sonra üzv ölkələrin parlament sədrləri  və TÜRKPA baş katibinin iştirakı ilə sessiyanın yekununa dair mətbuat konfransı keçiriləcəkdir. 

Kamran



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az