“Yeni serial Azərbaycan kinematoqrafiyasına böyük töhfə olacaq”
Bu dəfə Vətəninfo.az-ın qonağı gənc rejissor Anar Məmmədəliyevdir. O, gənc olmasına baxmayaraq çətin və məsuliyyətli işlərə imza atır.
- Gənc rejissor olaraq, özünüzü oxuculara necə təqdim edərsiniz?
- 20 yaşım var. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsiyəm. Sənət üzrə müəllimim Xalq artisti Vaqif Mustafayevdir. Buna baxmayaraq məni bu sahəyə hazırlaşdıran ilk müəllimim Samir Qulamov olub.
- Niyə məhz rejissorluq?
- Hər kəsin öz düşüncəsi var. İnsanlar buna görə seçimlərini edir. İnsanlar fikirlərini bir cür çatdırır. Rəssam şəkillər, müğənni mahnılar, yazıçı əsərlər, şair şeirlər, rejissor da çəkdiyi filmlər vasitəsilə fikirlərini çatdırır.
- Yeni “Beşinci fəsil” adlı serialın çəkilişlərinə başlayırsınız. Serialın rejissorlarından biri də sizsiniz. Serial haqqında oxucularımıza məlumat verərdiniz.
- Serial bir qadının həyatı üzərində qurulub. 20-25 yaşlı bu qadın kənd mühitindən çıxıb şəhərə gəlir. Serial şəhər atmosferindən xəbərsiz bu insana ətrafdakıların baxışı və ona göstərdikləri münasibətdən bəhs edəcək. Bu ideyanı ilk dəfə mən ortaya qoymuşam. İdeya müəllifi mənəm. Rejissor kimi mən tək çalışmıram. Mən quruluşcu rejissoram. Aktyorlarla iş üzrə rejissor bizim universitetin tələbəsi Aqşin Onullahi, operatorlarla iş üzrə rejıssor isə Elçin Cəlilovdur. Serialın ssenari müəllifləri bəstəkar Tural Bakuvi və müğənni Rəmal Rəsuldur. Musiqi tərtibatı ilə də onlar məşğul olacaq. Naibə Allahverdiyeva, Allahverdi Yolçuyev, Flora Hüseynova, Vüsal Məmmədov bizimlə çalışacaq.
- Serialı neçə seriyalı nəzərdə tutmusunuz?
- Tamaşaçıların marağını nəzərə alıb 60 seriya nəzərdə tutmuşuq. Deyə bilərəm ki, Azərbaycan teleməkanında ilk dəfə serialın bütün üzvlərinin fikirləri üst-üstə düşür. Filmin anonsunu 3 xətt üzrə düşünürük. 3 hadisə paralel olaraq baş verir və bunları birləşdirən nöqtə olacaq.
- Bu həftə keçiriləcək kastinq haqqında məlumat verərdiniz?
- Teleserial çəkimlərimiz başladığı üçün lazım olan istedadları və obrazları tapmaq niyyəti ilə (güman ki sonuncu) kastinq təşkil edəcəyik. İştirak etmək istəyənlər 4-cü gün (7 mart) saat 15:00-da İçəri Şəhərdə yerləşən "İrəli İctimai Birliyinin" ofisinə gəlsinlər. Kastinq 19:00-a qədər davam edəcək. İstedadlı şəxsləri gözləyirik.
Könül İbrahim