“Bizdə beş-altı üzvü olan bir forum var adı Ziyalılar forumudur”

“Bizdə beş-altı üzvü olan bir forum var adı Ziyalılar forumudur”

“Özümə, hökümətimizə, müxalifətə zəhləm artıb…”

ACP lideri, eks-spiker Rəsul Quliyev Azpolitika.com-un suallarını cavablandırıb.

“Vətəninfo.az”  müsahibənin maraqlılığını nəzərə alaraq  bir hissəsin təqdim edir.

- Rəsul müəllim, prezident seçkiləri yaxınlaşır, ictimai-siyasi sahədə vəziyyət isə sabitləşmir. Bunun səbəbi nədir?
-  Pezident seçkilərinə 1 il qalıb. İndiki ictimai-siyasi vəziyyətlə bağlı mülahizələrimi sizinlə bölüşmək, vəziyyətdən çıxış yolları haqqında düşüncələrimi nəzərinizə çatdırmaq, gördüyümüz və görəcəyimiz işlər barədə hesabat vermək istəyirəm. Etiraf edirəm ki, 2012-ci ilin əvvəlindən bu günə qədər keçdiyimiz yola nəzər salanda verdiyim proqnozların bir çoxu özünü doğrultmadı. Hətta 2011-ci ilin sonlarıyla müqayisədə ölkədəki vəziyyət daha acınacaqlı görsənir. İctimaiyyət arasında protest hərəkatının baş tutacağına inam hədsiz dərəcədə azalıb.  May hadisələrindən, xüsusilə İctimai Palatanın keçirdiyi ikinci mitinqdən sonra insanların özlərinə inamsızlığı bir qədər də güclənib. Şəxsən mən ilin əvvəlində ölkədəki ictimai-siyası vəziyyətlə bağlı proqnozlar verərkən Azərbaycan xaıqının bu qədər deqradasiya olunduğunu təsəvvür etmirdim. Bunu təsəvvür etmək də çətindir. Elə bil xalqı sındırıblar, sanki onun bel sütununu qırıblar. Azərbaycan xalqı təəssüf ki,bu gün belə görsənir. Əhalinin 80%-indən çoxunun bu rejimə nifrət etməyinə baxmayaraq az adam tapılar ki, müəyyən protestlə meydana çıxmaq istəsin. Çox az adamda gələcəyə inam hissi mövcuddur, çox az adam bu rejimdən yaxa qurtarmağın mümkünlüyünə inanır. Azərbaycan xalqının qəlbindən öz vəziyyətinə qarşı etiraz etmək, öz haqqı uğrunda mübarizə aparmaq əzmi öldürülüb. Əlbəttə ki, bu vəziyyətin yaranmasında bizim rolumuz az olmayıb.
- Elşad Abdullayevin rüşvət rolikindən sonra müəyyən canlanma hiss olunur…
- Bu canlanma informasiya vasitələrində daha çox hiss olunur, nəinki camaatın arasında. Bu videodan sonra müxalifətin bəzi nümayəndələri qorxa-qorxa Əhmədovanın ‘’qanını’’ tökməyi tələb edib, sonra inkişaf etdirərək parlamentin istefasına çatdılar. Hökümət də həmişəki kimi özünü kənara çəkmək üçün sevimli övladı Gülər xanımı qanına qəltan edəcəyini YAP-ın bəzi üzvlərinin ağzı ilə bildirdi. Xalqımız həmişə olduğu kimi dərin ‘’fikirlərə’’ qərq olub. Müqayisə üçün qonşumuz Gürcüstanı götürün. Həbsxanalarda dustaqlara işgəncə verilməsini göstərən videolar ortaya çıxandan 3 saat sonra minlərlə gənc küçələrə axışdı. Bir neçə gün bundan öncə 200 minlik mitinq keçrildi. O Gürcüstandakı insan haqlarına əməl etmə Azərbaycandan 100 dəfələrlə yüksək səviyyədədir. Yadınızdan çıxmayıbsa bizdə polisin insanları necə döyüb- öldürməyi, şikəst etməsi kadrları dəfələrlə göstərilib. Bu günə qədər zindanlarda 100-lərlə adam işgəncəyə davam gətirməyib dünyasını dəyişib. Bizim nə gənclərimiz, nə orta yaşlılarımız, nə də yaşlılarımız bu rejimin dəyənəyinin onun və ya onun yaxın qohum-əqrabasının başında sınmasından sonrada  səsini çıxardan deyil.
 - Gürcüstandan söhbət düşdüsə fikrinizcə, son parlament seçkilərindən nə deyə bilərsiniz?
- İlk növbədə gürcü xalqını təbrik etmək lazımdır. Onlar artıq demokratiyanın astanasından keçib içərisinə daxil oldular. Sözsüz ki, qısa bir zamanda belə bir vəziyyətin yaranmasının yaradıcısı olan Saakaşvilinin rolu danılmazdır. Qısa bir müddətdə İvanişvilinin ətrafında toplanan müxalifətin qələbəsi dünyada gürcü xalqına qarşı hörməti dəfələrlə qaldırdı. Biz azərbaycanlılar isə əgər bacarırıqsa xəcalət çəkməliyik. Azərbaycanın paytaxtından hadisələrin cərəyan etdiyi Tiflis şəhərinə məsafə azdır. Onları biz nə eşidə nə də görə bilirik. Rəhmətlik M.Ə.Sabir ‘’Dindirir əsr bizi dinməyirik. Atılan toplara diksinməyirik’’ şeirini bu günkü  azərbaycanlılar üçün yazıb. Diqqət yetirin Əbülfəz Elçibəy höküməti ilə Gürcüstanda Qamsaxurdiya höküməti 7-8 ay fərqlə demək olar ki, eyni vaxtda yaranıblar. Bu gün Gürcüstanda  Qamsaxurdiya hökümətindən qalma müxalifətə rast gəlmək mümkün deyildir. Bizim müxalifətin liderlərinin 90 faizi Elçibəy hökümətindən qalmış insanlardır. Bu 20 il ərzində özlərini həm prezident seçkilərində, həm də parlament seçkilərində 6 dəfə sınaqdan keçiriblər, hamısını da uduzublar. Su da bir yerdə qalnda iylənər. 20 ildi müxalifəti və höküməti dəyişməyən xalqın artıq özü iylənməyə başlayıb. Bu partiya başqanları ilişib başqanlıqda qalmaq xatirinə ideya ortaya atıblar. Onları əvəz edən lider hələ yetişmiyib, başqanlıqdan getsəm partiya parçalanacaq. Adamdan soruşarlar, əgər 20 ilə heç olmazsa bir lider hazırlaya bilməmisənsə, hansı haqla prezident olmaq istəyirsən. Belə bir adamı sonradan öz xoşu ilə prezident kreslosundan qoparmaq olarmı heç vaxt.
Gürcüstanda baş verənlərlə əlaqədər  nə qədər gürcülərə hörmətim artıbsa, bir o qədər də özümə, hökümətimizə, müxalifət adlananlara zəhləm artıb. Mənim Gürcüstandakı yüksək elita nümayəndələri, keçmişdə rəhbər vəzifədə olanlar arasında kifayət qədər tanışlarım vardır. Bizim intlektual səviyyəmiz onlardan aşağı deyildir. Hər halda mən eləsinə rast gəlməmişəm. Hər halda mən zavod direktoru, parlament sədri olanda da Sant-Peterburq və ya Moskvada görüşəndə onlar “Rəsul, sənin məsləhətin bizə lazımdır” deyirdilər. İndi biz bu Zaqafqaziyada ən varlı və ən məzlum xalqıq. Bu ağır yüklə yaşamaq çox çətindir. Budurmu azərbaycanlıların milli idealogiyası, milli ənənələri? C.Məmmədquluzadənin kefli İskəndərinin sözlərindən təsirli söz tapa bilmədim. ‘’Tfu sizin üzünüzə, ay milləti bu günə salanlar.’’ Bizdə beş-altı üzvü olan bir forum var adı Ziyalılar forumudur. Həmişəki kimi azərbaycanlılar heç ziyalı sözünün də mənasını bilmirlər. Əslində ziyalı adını yüksək təhsil və intellektualı olan adamlar daşıya bilər. O adamlar ki, intlellektualına görə başqaları da tanısın və hörmət etsin. Bu forumda həmin intellektuallar Rüstəm İbrahimbəyov (onlarla dünyada tanınmış kinolara ssenari yazıb, dram əsərləri 30-a yaxın ölkədə tamaşaya qoyulub) Cəmil Həsənli (Harvard univeristeti kimi məşhur təhsil ocaqlarının əsərlərini qəbul etdiyi alim) Əkrəm Əylisli (Sovet dövründə yazdığı əsərləri ilə disident yazıçı səviyyəsinə qalxmış şəxs) Rafiq Əliyev və ola bilər mənim yaxşı tanımadığım kimlərsə də orada var. Müqayisədə biz bütün gürcü xalqını ziyalılar forumu adlandırmalıyıq.

- Siz belə vəziyyətin yaranmasında kimi günahlandırırsınız?

- Cavabdan görürsünüz ki, mən həm xalqı belə vəziyyətə salanları, həm də belə bir vəziyyətdə yaşamaqla barışanları  günahkar hesab edirəm.  Özünü “ana müxalifət” adlandıranların günahı isə hər kəsdən artıqdır.  Bunlara baxmayaraq, mən 2011-ci ilin son aylarında və ya 2012-ci ilin əvvəllərində olduğundan daha çox 2013-cü ildə bu rejimin süqut edəcəyinə inanıram.  Əminəm ki, 2013-cü ildə biz bu rejimin axırına çıxa biləcəyik. Soruşa bilərsiniz,  bu inamım haradan qaynaqlanır? Necə olur ki, mən rejimin hər şeyə nəzarət edə bildiyi indiki dövrdə bu cür nikbin əhval-ruhiyyədəyəm.
Ona görə əminəm ki, bu dövrdə hökumətin  buraxdığı səhvlər, bizim səhvlərlə müqayisədə daha dəhşətlidir. Hökumətin buraxdığı səhvlər bir daha sübut edir ki, belə bir rejim, belə bir liderlə gərək maksimum 5 il yaşayardı. Bizimlə qonşu ölkələrdə 2011-ci ildən baş verən  təlatümlərin fonunda bu rejim əgər 10 ildən artıq yaşaya bilsə, deməli, millətələ nəsə baş verib, psixoz vəziyyətdən çıxa bilmir. Ancaq bunu deməklə mən Azərbaycan xalqını psixoz vəziyyətə düşmüş xalq hesab etmirəm. Hər halda bir-birindən 1000 kmlərlə aralı yaşayan Liviya inqilabı etmiş bədəvi tayfaları ilə müqayisədə daha mobil olmalıyıq.  Bildiyiniz kimi, 2011-ci ilin axırı və 2012-ci ilin əvvəllərindən başlayaraq korrupsiya və rüşvət rejiminə qarşı beynəlxalq səviyyədə təzyiqlər çoxalmış, trans-kontinental kütləvi informasiya vasitələriylə, xüsusilə, beynəlxalq nüfuzlu telekanallarla korrupsiya rejiminin iç üzünün ifşa olunması, onun lideri İlham Əliyev barəsində kifayət qədər inandırıcı materialların göstərilməsi intensivləşib. Bu faktlardan Azərbaycanın korrupsiya rejimi, rejimin lideri və ətrafındakılar nəticə çıxarmalı, öz siyasətlərini korrektə etməli idilər.
Təəssüf ki, biz hakimiyyətin tamamilə başqa mövqe tutduğunu görürük. Biz görürük ki, mahiyyəti ortaya çıxdıqca, iç üzü açıldıqca rejim mənsubları bu rəzaləti kompensasiya etmək üçün heç bir ağla, məntiqə sığmayan tədbirlərə əl atırlar. Özlərini başqa rejimin mənsubları kimi avropalılara göstərməyə, gözdən pərdə asmağa çalışırlar. Sivil dünya ictimaiyyətinə göstərmək istəyirlər ki, guya Azərbaycanda hər bir sahədə vəziyyət qaydasındadır, millət xoşbəxt yaşayır, insanların yaşayış səviyyəsi Avropa standartlarına uyğundur. Bu məqsədlə xarici diplomatların keçdiyi yolları düzəldib ətrafdakı kasıb yaşayış məntəqələrini görməmələri üçün yollara hasarlar çəkirlər.Yaşlı nəsl Brejnyev Azərbaycana gələndə ata Əliyevin necə müvəqqəti hasarları çəkdirdiyinin, onların üzərində rəhbərin müxtəlif formalarda nəhəng şəkillərinin çəkdirməsinin şahidi olublar. Üstündən 40 ildən vaxt çox keçib, həmin siyasəti bala Əliyev davam etdirir. Deyə bilərsiniz Bakıda tikintinin güclü inkişafını görməmək mümkün deyil. Bəli bu belədir. 2005-ci ildən sonra xarici banklarda çirkli pulların gizlədilməsi xeyli çətinləşəndən sonra oğurlanmış pullar ölkə daxilində binaların tikilməsinə yönəldilib. Maraqlansanız yeni tikilmiş binalardakı mənzillərin 80 faizinin boş olduğunu görərsiniz. Bu inkişaf deyil, sadəcə olaraq çirkli pulların binalar şəkilində qismən leqallaşmasıdır.

“Evrovizion”la özlərini başqa bir sifətdə Avropa ictimaiyyətinə göstərmək niyyətilə yüz milyonlarla dollar xərclədilər. Yüzminllərlə qaçqının olmasına, əhalisinin mühüm qisminin kasıblıq həddindən aşağı vəziyyətdə yaşamasına baxmayaraq, bu cür tədbirlərə astronimik pullar xərcləyən Azərbaycan iqtidarının “Evrovision” siyasəti nəylə qurtaqrdı?
Əminliklə deyə bilərəm ki, rejimin istədiyinin tam əleyhinə situasiyanın yaranmasıyla qurtardı. Bunlar gözləyirdilər ki, bütün dünya cəh-cəlal içərisində yaşayan Azərbaycan xalqının güzaranını görəcək. Dünya isə korrupsiya girdabında batan, evləri başına uçurularaq didərgin salınan məzlum bir millət gördü xalqımızın timsalında. Bunlar gözləyirdilər ki, Azərbaycana səfər edən xarici qonaqlar rifah halı Avropanı belə geridə qoyan ölkə görəcəklər. Avropalılar isə “Evrovizion” vasitəsilə haqları əlindən alınan, ən elementar insan hüququna belə məhəl qoyulmayan topluluq gördü Azərbaycanda. Avropa ictimaiyyəti korrupsiya rejimindən əziyyət çəkən hüquqsuz Azərbaycan xalqının həqiqi vəziyyətini daha geniş miqyaslı şəkildə görə bildi. Əziz Azərbaycan xalqı!
Mən, 1994-cü ildən Azərbaycanda, 16 ildir xaricdən bütün dünyaya car çəkərək, xalqımızın vəziyyətini, rejimin simasını ortaya qoymaq istəyirəm. Sizi inandırıram ki, indiyə qədər bu miqyasda və bu qədər əyani şəkildə Azərbaycan həqiqətlərini olduğu kimi dünyaya tanıtmaq mənə nəsib olmamışdı. Bu rejim öz şüursuz siyasətilə özünü ifşa edərək ölkəmizin demokratik dünyaya tanıtmaq baxımından daha böyük iş gördü. Özlərini ifşa edən bu siyasət isə yenə Azərbaycan üçün itkisiz ötüşmədi. Bilirsiniz ki, “Evrovizion” mahnı yarışması 50 ildir keçirilir. Azərbaycan tək başına  50 ildə bütün ölkələrin indiyə qədər həmin yarış üçün xərclədiyi pulların cəmindən  artıq pullar xərclədi. Bu pul xalqın puludur, bu pul 24 il bundan öncə Ermənistandan, ardınca Qarabağdan  qaçmağa məcbur edilmişlərin puludur. Bu pul ayda 80 manat pensiya alıb, tez ölüb rəzil yaşamaqdan canlarını qurtarmaq istəyənlərin  puludur. Xalqın pulunu xalqdan xəbərsiz xərcləməyə kim icazə verib sizə, cənablar? Sonradan isə məlum oldu ki, xərclənən pulların yarısından çoxunu özləri mənimsəyiblər. Bir sözlə, Azərbaycan “Evrovizion”dan sonra özünün korrupsioner imicini dəyişmədi, əksinə daha da möhkəmləndirdi.
Mənfi imicini kompensasiya etmək üçün “Evrovizion” əks effekt verincə, Azərbaycan hakimiyyəti bütün ümidlərini London olimpiadasına bağladı. Daha çox medal qazanmaq üçün əl atdığı metodlar öz saxta mənəviyyatından qidalandığından bütün dünyada daha artıq biabır oldu. Bütün dünya  korrupsiyaya bulaşmış Azərbaycan hakimiyyətindən danışdı. Adam bütün bunları gördükcə bu hakimiyyətin əvəzinə xəcalət çəkir. Bunlarda zərrə qədər ağıl olsaydı, onsuz da biabırçi imicə malik olduqları halda bu hoqqabazlığa gedərdilərmi?
- Eks-prezident Əbqlfəz Elçibəyin zəhərlənməsi faktının da Azərbaycan iqtidarının məkli planı hesab edilir…
- Son vaxtlar Əbülfəz Elçibəyin guya zəhərlənib öldürülməsi ilə bağlı qurulan şou da mövcud hakimiyyətin ağılsız mahiyyətindən xəbər verir. Mən şəxsən söz tapa bilmirəm bu hadisləri şərh etmək üçün. Nə qədər əxlaqdan, mənəvi dəyərlərdən və üstəlik ağıldan yoxsul olmalısan ki, belə bir uğursuz ssenari hazırlayıb ortaya atasan və prosesin öz əleyhinə yönələcəyini görməyəsən. Bu qədər ağılsız insanların pis-yaxşı bir rejim yaratmasına və onu idarə edə bilməsinə inanmaq mümkün deyil. Bilirsinizmi, zəhərlənmə elə bir hadisədir ki, 2000  il bundan öncə zəhərlənib ölənləri onun başdan götürülmüş tükün bir hissəsinin analizi ilə aydınlaşdırmaq mümkündür.  İndi elm elə bir səviyyəyə gəlib ki, istənilən adamın zəhərlənmədən ölmədiyini təyin etmək çox asan bir məsələdir. Ağılları öz ekspertlərinin verəcəyi rəyə arxalanıb siyasət yürüdəcəklərinə gedib. Hakimiyyətin bu saxtakarlıqlar üzərində qurduqları siyasətin nəticəsidir ki, dünyanın heç bir yerində Azərbaycan ekspertlərinin verdiyi rəyə heç adi kağız  parçası kimi də hörmət qoymazlar. Heç Azərbaycanın öz daxilində də heç kimi bu rəylərə inandıra bilməzlər. Üstəlik, Elçibəy xarici bir ölkənin nüfuzlu tibb klinikasında dünyasını dəyişib və onun səbəbi haqqında tibbi reportlar var. Aydın məsələdir ki, Azərbaycan hakimiyyəti zəhərlənərək öldürmə faktını sübut etmək üçün xarici ekpertizalara müraciət etməlidir və onlar da iqtidarın sifarişiylə tibbi rəy yazmaq məsuliyyətinin altına girməzlər. Bəs, onda bu şounun mənası nədir? Nəyə lazımdır belə şoular? Ayıbdır, bütün dünyanı bu axmaq şoularla üstümüzə güldürmək. Aydın məsələdir ki, Əbülfəz Elçibəy zəhərlənməyib. Hətta zəhərlənibsə belə, bunun Əli Kərimliylə heç bir əlaqəsi yoxdur. Əli Kərimli adamı necə zəhərləməyin yolunu bilə bilməz. Əbülfəz Elçibəy rəhmətə getməmişdən əvvəl mən onunla Vaşinqtonda görüşdüm. Onu görəndə xeyli təəccübləndim ki, insan nə qədər dəyişərmiş? Onun bədəni şişmiş, dərisi dartılmış, rəngi ağappaq idi. Hətta uzaqdan onun ciddi xəstə olduğunu təyin etmək mümkün idi. Mən ona təklif etdim ki, həkimə aparım, onu müayinə elətdirim. O isə bundan imtina etdi. Türkiyədə müalicə olunacağını bildirdi. Bizim o vaxt onunla görüşümüz üç saat sürdü. Bu söhbətimiz zamanı rəhmətlik bir çox kəslərdən gileyləndi. Hamının odu oz qabağına çəkdiyindən şikayətlənirdi. İqtidar qədər müxalif liderlərdən də narazı idi.  Onun ətrafında birləşmək istəməmələrindən narazı idi.  Amma kiminsə onu zəhərlənməsi nə özünün ağlına gəlirdi, nə də bu vaxta qədər belə bir versiya ortaya atılmışdı. Onun cəbhə silahdaşlarından bir çoxları 1998-ci ildən açıq aşkar Əbülfəz bəyin əleyhinə iş aparırdı, hökümətlə sövdələşirdi. Bu sirr deyildir. Hər halda Əbülfəz bəy onların adlarını Vaşinqtondakı görüşümüzdə bir-bir sadaladı. İndi həmin adamların canfəşanlıqla ona necə sadiq olduqlarını söyləməsi də mənəviyatsızlıqdır. Əbülfəz Elçibəyi dahiləşdirənlərlə razı deyiləm. Onun reallıqla yanaşı kifayət qədər də fantastik fikirləridə var idi. Bizim saatlarla çəkən mübahisələrimiz də olub. Ancaq Əbülfəz bəy Azərbaycanda yeganə prezidentidir ki, o şəxsi həyatını millətin xoş gələcəyinə qurban verməyə hazır idi. O yeganə prezident idi ki, ozünün komandasından olanların naqis, yaramaz hərəkətlərini qeyd-şərtsiz bağışlaya bilirdi.
 - Bəs belə bir hakimiyyətlə necə vidalaşmaq olar?
- Hökumət qüvvələri bu qədər qeyri-əxlaqi metodlarla oz kreslolarını, haram yollarla yığdıqları varidatlarını qorumaq istəyirlər. Quba hadisələrinə baxsınlar. Qəzəblənmiş xalq kütlələri basqın etdikləri evin bütün əşyalarını dağıdırdılar. Halbuki, bəlkə o əşyalara bəzilərinin ehtiyacları  vardı. Amma heç birinin ağlına gəlmirdi ki, xalqın halal pulu mənimsənilərək toplanmış bu varidatdan nəyisə özləriylə aparıb hansısa ehtiyac sahibinə versinlər. Çünki, qəzəblənmiş xalq kütləsinin psixologiyası belə olur. Milləti bu dağıdıcı əhval-ruhiyyəyə sürükləmək olmaz!




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az