Mayis Güləliyev: “Ömrü boyu Gülər Əhmədova kimi olmağı arzulayanların və ona həsəd aparanların bu gün onu topa tutması ciddi ictimai və psixoloji problemdir”.
“Doğrusunu deyim ki, məni bu fakt yox, bu fakta cəmiyyətin münasibəti çox sarsıtdı. Yəni bu fakt hamiya çoxdan bəlli olan və yeni sübuta ehtiyacı olmayan faktdır”. Bunu “Vətəninfo.az”-ın sualların cavablandıran zaman Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyev bildirdi.
AYP sədri qeyd etdi ki, hamı bilir ki, Azərbaycanda demokratik seçki keçirilmir. “Hamı bilir ki, seçki siyahısı yuxarılarda tərtib edilir. Hamı bilir ki, MSK, DSK və Məntəqə seçki komissiyası cəmiyyətin ən geniş təbəqəsinin iştirakı və dəstəyi ilə seçkini saxtalaşdırırlar. Bu faktı sübut etmək üçün yeni faktlara elə də ehtiyac yoxdur. Digər tərəfdən, hamı bilir ki, haram pullarla varlanmış insanlarda şərəf və ləyaqət hissi olmur. Onlar üçün əsas puldur. Belə insanlar öz doğma insanlarını da şantaj etmək üçün iistənilən vasitələrdən, o cümlədən onların videoya çəkilməsindən istifadə edə bilərlər. Deməli, bu hadisədə hər iki fakt yəni kiminsə video çəkilişı təşkil etməsi və kiminsə “iş düzəltməyə çalışması” bizim cəmiyyətrdə xarakterik bir məsələdir. Odur ki, bu faktlar məni təəccübləndirməyib”.
M.Güləliuevin sözlərinə görə, onu sarsıdan isə bu faktlara insanların münasibətidir.
“Yəni qeyd etdiyim hər iki faktın daşıyıcılarına cəmiyyət tərəfdən olan rişxənd və qisas hissi, onların şəxsiyyətinin aşağılanmasına yönələn ifadələrin işlədilməsi və ya bu hadisədərn yararlanmağa cəhdlər, çox hallarda sevinc və fərəh hissinin gizlədilməməsi bizim cəmiyyətin bizim hər birimizə nə qədər düşmən olduğundan xəbər verir. Odur ki, mən buna təəccüblənmirəm. Amma məni sarsıdan fakt ondan ibarətdir ki, Azərbaycanda Siz neçə nəfər tapa bilərsiniz ki, Elşad Abdullayev qədər pulu olsun, amma bu puldan öz məqsədlərinə çatmaq üçün rüşvət verməyə hazır olmasın? Axı onlar bu pulu əyri yolla ona görə qazanırlar ki, əyri işlərə xərcləsinlər. Digər tərəfdən, Siz Azərbaycanda neçə nəfər tapa bilərsiniz ki, Gülər Əhmədova kimi hakimiyyətə yaxın olduğu halda bu imkanlardan öz məqsədləri üçün istifadə etməsin. Deməli, bizim əksəriyyətimiz Gülər Əhmədovayıq və Elşad Abdullayevik. Odur ki, bu hay-küy onlara qarşı yox, daha çox bütünlükdə cəmiyyətə qarşı çevrilməlidir”.
AYP sədrinin fikrincə ömrü boyu Gülər Əhmədova kimi olmağı arzulayanların və ona həsəd aparanların bu gün onu topa tutması ciddi ictimai və psixoloji problemdir. Və ya Elşad Abdullayevin rəhbərlik etdiyi Beynəlxalq Universitetdə 100-150 manatlıq dərs demək üçün onun qapısı ağzında saatlarla gözləyən və onun rüşvət maşınında iştirakçı olan “ziyalıların” bu gün ona əxlaq dərsi deməsi və sevinc hissini gizlədə bilməməsi ciddi problemdir.
“ Bu cəmiyyətdə əhalinin əksər hissəsi, o cümlədən özünü demokrat adlandıran müxalifət də rüşvət mexanizmində fəal iştirak edir. Bu gizli psixoloji vəziyyət öyrənilməlidir. Cəmiyyət xəstədir. Bu xəstəlik müalicə olunmalıdır
Bu faktların sübut kimi ortaya atılması və ya bu hadisənin müxalifət tərəfindən hakimiyyətə qarşı istifadə edilməsi heç də qeyd etdiyim problemləri, xüsusilə vətəndaşla cəmiyyət arasındakı ziddiyyəti aradan qaldıra bilməz. Bu ziddiyətin həlli sistemli yanaşmanı tələb edir. Bu yanaşma təksə “yaxşı” idarəçiliyin qurulması ilə bitmir. Çünki belə idarəçiliyin qurulması da həm fərdi, həm də kollektiv şüurun saflaşmasını tələb edir. Azərbaycanda Fərdi və Kollektiv şüur son 200 ildə ciddi şəkildə korlanıb. Həm fərdi, həm də kollektiv şüur bir-biri ilə sıx bağlıdır. Onlar bir-birinin inkişafını stimullaşdırır. Onların inkişafı üçün isə əsas meyar dini və əxlaqı dəyərlərin priopitet dəyərlər kimi möhkəmlənməsidir. Halal-Haram, xeyr-şər ziddiyyətlərinin mübarizəsindən şərəfli və əxlaqlı fərd yetişir. Bizim cəmiyyətin ən böyük bəlası onun öz dini dəyərlərindən uzaq düşməsidir. Dini və əxlaqi dəyərlər hər bir cəmiyyətin zaman və məkanda mayakıdır. Bu mayaka malik olmayan cəmiyyətlər intəhasız dəryada qaranlığa qərq olacaqlar. Bu intəhasız dərya qlobal problemlərlə üz-üzə dayanan və rəqabət aparan dünyadır”.
“Vətəninfo.az”