Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum miqdarı 50 milyon manatadək artırılıb. Məcmu kapitalın minimum miqdarı üzrə yeni normativ 2014-cü ilin yanvarından qüvvəyə minir.
MB-nın son qərarını şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov Publika.Az-a açıqlamasında bildirib ki, bu addım bank sektorunda ciddi müsbət dəyişikliklərə səbəb olmayacaq:
"Əvvəlla, xarici təcrübədə bankların nizamnamə kapitalına olan minimum tələbin 5 dəfə artırılması praktikası yoxdur. MB nizamnamə kapitalının artırılması mexanizmini pilləli şəkildə həyata keçirməliydi. Bu qərarın icrasına 2014-ci ildən başlanılsa belə, nizamnamə kapitalı ilə bağlı tələblərin 5 dəfə artırılması banklarda əlavə psixoloji gərginlik yaradır.
İkincisi, MB-nin bu qərarı heç də bu qurumun açıqlamasında qeyd edildiyi kimi kapitalın keyfiyyətinin və maliyyə vasitəçiliyi effektivliyinin artırılması, bank sisteminin dayanlıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi istəyi ilə deyil, əslində daha çox “Royal Bank”ın müflisləşməsindən sonra bank sektoruna nəzarətin gücləndirilməsini görüntüsü yaratmağa cəhddir".
V. Bayramov deyib ki, MB-nin bu qərarı “Royal Bank”ın müflisləşməsindən sonra yaranan çaşqınlığın nəticəsidir. MB bank sektoruna olan inamın atırılmasına çalışır. Amma tələbləri artırmaqla bu inamı yüksəltmək mümkün olmayacaq. Bu baxımdan MB inzibati metoddan daha çox təşviqedici tədbirlərə üstünlük verməlidir. İSİM sədri bidirib ki, bu gün bank sekorundakı problem nizamnamə kapitalına olan minimum tələblərin məbləği ilə əlaqəli deyil. Ən azı ona görə ki, müflis elan edilən “Royal Bank” nizamnamə kapitalını formalaşdırmaq problemi yox idi.