“Bu qiymətləndirmələr Azərbaycan müəlliminin nüfüzunu 2 qəpiklik etdi” — Ekspert

“Bu qiymətləndirmələr Azərbaycan müəlliminin nüfüzunu 2 qəpiklik etdi” — Ekspert
16 ildir hazırki qiymətləndirmə sistemi tətbiq olunur və müəllimlərin böyük əksəriyyəti hələ formativ qiymətləndirmə imtahanı nədir tam dərk edə bilməyiblər”.

Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublunun çıxışı zamanı ibtidai sinif səviyyəsində bəzi summativ qiymətləndirmələrin azaldılması və ya ləğvi məsələsinin müzakirə olunduğunu bildirməsinə reaksiya olaraq deyib. 

Elşən Qafarov qeyd edib ki, 2008-ci ildən tətbiq edilən qiymətləndirmə həm təhsil verənlər, həm də valideynlər arasında ciddi narazılıqlarla müşahidə olunur: 

"Ümumiyyətlə, təhsil özü sistemləşdirilmiş bilik, bacarıqların mənimsənilməsi və nəticəsi olan bir prosesdir. Nəticə deyərkən burada qiymətləndirmə nəzərdə tutulur. Dünyanın bütün təhsil sistemində təhsil proqramları, təhsil üzrə dövlət standartları, təhsil texnologiyaları, təhsul metodları nə qədər önəmlidirsə, qiymətləndirmə də bir o qədər önəmlidir. 2008-ci ildə Azərbaycanda ümumtəhsildə çox əcaib bir qiymətləndirmə həyata keçirildi. Təsəvvür edin, bu qiymətləndirmə Azərbaycan müəlliminin nüfüzunu 2 qəpiklik etdi. Müəllim tərbiyə verən, nəsihət verən bir şəxs olduğu halda, biz müəllimi məktəbdə summativ pulu, rəng pulu, kağız pulu yığana çevirdik. Dünyanın aparıcı, inkişaf etmiş təhsil sistemlərində normal qiymətləndirmə sistemləri mövcuddur. Bizim ən böyük problemimiz normal qiymətləndirmə sistemimizin olmamasıdır. Hər bir valideynin hüququdur ki, övladının gündəlik təlim nailiyyətləri ilə tanış olsun. 16 ildi tətbiq olunan qiymətləndirmə sistemini müəllimlərin böyük əksəriyyəti tam dərk edə bilməyiblər. Eyni zamanda valideynlər də bunu bilmirlər. Nəticə etibarı ilə məktəbin nüfuzu, məktəbin etimadı sarsılır aşağı düşür”. 

Təhsil ekspertinin sözlərinə görə, hazırkı qiymətləndirmə ümumiyyətlə dəyişilməlidir:

"2021 ci ildə qiymətləndirmə qismən dəyişdi bal sistemi gətirildi. Əvvəlki qiymətləndirmə, formativ summativ qaldığı halda bu da üstünə yamaq kimi vuruldu. Bu gün istər Avropa, istər Amerika, istərsə də təhsili inkişaf etmiş Yaponiya, Sinqapur və digər ölkələrdə tətbiq olunan qiymətləndirmə mexanizmi öyrənilməlidir. Qiymətləndirmə aydın olmalıdır. Həm valideyn, həm də müəllim bunu tam bilməlidir. Amma bizdə qiymətləndirməni o qədər qəlizləşdirirlər ki, nəticə etibari ilə biz təhsil prosesinin tərəfləri olaraq biz bu qiymətləndirmənin necə baş veridiyini başa düşə bilmirik. Nazirlər Kabinetinin 2009-cu ildə qəbul etdiyi qiymətləndirmə konsepsiyası bu gün işləmir. Çünki qanunvericiliyə dəyişiklik olur. Məktəb daxili qiymətləndirmə ilə bağlı artıq hüquqi normativ sənəd qəbul etmək səlahiyyəti Elm və Təhsil Nazirliyinə keçib. Nazirlər Kabinetinin qəbul etdiyi qiymətləndirmə konsepsiyası qalıb bir tərəfdə, bura Elm və Təhsil Nazirliyinin 2018-ci ilin dekabrın 29-da təsdiq olunan qiymətləndirmə bir yanda. Ümumiyyətlə bu məsələ çox dolaşıb. Arzuolunandır ki, ümumtəhsildə qiymətləndirmə aydın, şəffaf və açıq olsun. Düşünürəm ki, bununla bağlı müəyyən işlər görmək lazımdır. Qiymətləri ləvğ elədi və s. bunlar yamaqdan başqa bir deyil. Bu da bizə heç nə verməyəcək. Bəs nə etməliyik? Yeni qiymətləndirmə konsepsiyası qəbul olunmalıdır. Yeni qiymətləndirmə növü qəbul olunmalıdır. Bu qiymətləndirmə beynəlxalq meyarlara uyğun olmalı, əlçatan olmalıdır. Valideyn bilməlidir ki, övladı hansı qiyməti alıb və n üçün alıb. Həmçinin, müəllim də şagirdə bu qiyməti niyə hansı göstəricisinə görə verdiyini, şagird onun qiymətinin nə və üçün olduğunu bilməlidir”. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az