Buxarestdə Əli və Nino əsərinin və “Nizaminin aforizmləri” miniatür kitabının təqdimat mərasimi keçirilib

Buxarestdə Əli və Nino əsərinin və “Nizaminin aforizmləri” miniatür kitabının təqdimat mərasimi keçirilib

Vətəninfo.az xəbər verir ki, Buxarestdə Əli və Nino əsərinin və “Nizaminin aforizmləri” miniatür kitabının rumın dilinə tərcüməsinin təqdimat mərasimi keçirilib

2013-cü ilin 6 mart tarixində Səfirliyin təşəbbüsü ilə Buxarest Universitetinin filologiya fakültəsinin rus və slavyan dilləri kafedrasının müdiri, professor xanım Antonneta Olteanu tərəfindən rumın dilinə tərcümə edilmiş, Rumıniyanın “All” nəşriyyatının nəşr etdiyi Əli və Nino kitabının, habelə Moldova Azərbaycanlıları Konqrensinin və onun Sədri cənab Vüqar Novruzovun dəstəyi ilə hazırlanmış, Moldovanın tanınmış yazıçısı cənab İon Xadırkenin tərcümə etdiyi və “Prut” nəşriyyatının 4 dildə nəşr etdiyi “Nizaminin aforizmləri” miniatür kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Rumıniya parlamentinin deputat, senatorları, dövlət strukturlarının nümayəndələri, ictimai təşkilat və fondlarının üzvləri, tanınmış ədəbiyyat, tarixçi, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri, Buxarest şəhərində akkreditə olunan xarici ölkələrin diplomatları, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi, ARDNŞ-in Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və idarə heyətinin üzvləri, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, İran azərbaycanlıları, azərbaycansevər rumınlar, türk-tatar icmalarının nümayəndələri iştirak ediblər.

İlk növbədə tədbiri giriş sözü ilə açan AR-in Rumıniyadakı Səfiri Eldar Həsənov ölkələrimiz arasındakı əməkdaşlığın bütün sahələrdə sürətlə inkişaf edərək, ənənəvi dostluq və tərəfdaşlıq səviyyəsindən strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəldiyini qeyd etdi. O, burada siyasi, iqtisadi, humanitar əlaqələr olduğu kimi xalqlarımızın mədəni sahədə əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Səfir Eldar Həsənov vurğuladı ki, Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Azərbaycan paytaxtının mərkəzi parklarının birində Rumıniyanın görkəmli alimi, musiqiçi Corc Eneskunun heykəli ucaldılmış, həmçinin Azərbaycan ədəbiyyatının klassik əsərləri rumın dilinə, rumın ədəbiyyatının əvəzsiz nümunələri isə Azərbaycan dilinə tərcümə olunub.

AR-in Rumıniyadakı Səfiri ölkəmizin tarixi, mədəniyyətindən bəhs edən Əli və Nino əsərinin 1937-ci ildən başlayaraq dünyanın 33 dilində nəşr olunduğunu qeyd etdi. O, həmçinin bildirdi ki, əsər həm də ümumiyyətlə, Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin təzahürü ilə yanaşı, dünyada hazırda müşahidə edilən ziddiyyətli tendensiyalar fonunda xalqların gələcəyi və rifahı üçün bəşəriyyətin sivilizasiyalararası dialoqa böyük ehtiyacı olduğunu və iki dövlətin mehriban qonşuluq əlaqələrinin digər ölkələr üçün nümunəvi təcrübə kimi istifadə olunması zərurətini bir daha təsdiqləyir. 

Daha sonra təqdimatı keçirilən Nizaminin Aforizmləri miniatür kitabında dahi şairin əsərlərindən seçilmiş tərbiyəvi, vətənpərvər və milli ruhda olan ifadələrin öz əksini tapdığı, həmçinin Nizami lirikasının yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçildiyi diqqətə çatdırıldı. Nizami Gəncəvinin ilkin Şərq Renessansın zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümumbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi ideyaları parlaq bədii əksini tapdığı qeyd edildi.

Səfir Eldar Həsənov Xocalı soyqırımının, eləcədə işğal olunmuş Azərbaycan torpaqlarında törədilmiş erməni vəhşiliklərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində AR Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinin davamı kimi bu il Rumıniya Parlamentində Xocalının insanlıq əleyhinə cinayət kimi qiymətləndirilməsinin vacib hadisə olduğunu diqqətə çatdırdı.

Azərbaycanlı diplomat eyni zamanda, Rumıniyanın Avropa İttifaqı və NATO üzv ölkələri arasında Xocalı qırğınına qarşı Parlament səviyyəsində dürüst mövqe nümayiş etdirən ilk ölkə olduğunu vurğuladı. Bildirildi ki, ölkənin ali qanunvericilik orqanı olan parlamentdə etnik ayrı-seçkilik zəminində erməni silahlı qüvvələrinin Xocalıda törətdikləri amansız qətlin nəticələri açıqlanmış, münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı və suverenliyi birmənalı dəstəklənmişdir. 

Tədbirdə çıxış edən Əli və Nino əsərinin tərcüməsi işini məmnuniyyətlə öz üzərinə götürüb və məharətlə başa çatdıran Buxarest Universitetinin filologiya fakültəsinin rus və slavyan dilləri kafedrasının müdiri, professor xanım Antonneta Olteanuya və kitabı nəşr etmiş All nəşriyyatının direktoru cənab Viorel Zlayku kitab vasitəsi ilə ölkəmizin tarixi, mədəniyyəti, adət ənənələri barədə geniş məlumatların rumın oxucuları tərəfindən öz dillərində əldə etmək imkanının yarandığını, Rumıniya ictimaiyyətinin Azərbaycan tarixini bundan sonra daha da yaxşı biləcəklərini və öz xalqının Azərbaycan xalqına hər zaman rəğbətlə yanaşdığını bildirmişlər. Tədbir Azərbaycanın milli mətbəxinin nümunələrindən təşkil edilmiş ziyafətlə başa çatmışdır.

Tədbir Rumıniya KİV-ində geniş işıqlandırılıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az