“Azərbaycan Beynəlxalq Bankının (ABB) ekspertlərinin köməkliyi ilə ”Texnikabank" ASC-də yaranmış problemli vəziyyət artıq tam bərpa olunub". “Vətəninfo.az”ın məlumatına görə, b unu APA-ya açıqlamasında ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib. C.Hacıyevin sözlərinə görə, “Texnikabank”ın səhmdarlarının qərarı ilə ABB-nin əməkdaşları kömək məqsədilə bu banka dəstək olublar: “Texnikabank”dan başqa, Beynəlxalq Sığorta Şirkətinin əməkdaşları təsisçisi “Texnikabank” olan “Alfa Sığorta” şirkətinə də köməklik ediblər". C.Hacıyev bildirib ki, bu günə olan məlumata görə, bankda vəziyyət tam bərpa olunub: “Bankda hazırda nəinki təhlükə yoxdur, ümumiyyətlə, qısa bir zamanda böyük irəliləyiş əldə olunub”.
Qeyd edək ki, “Texnikabank” ASC-nin Müşahidə Şurasının sədri, səhmlərin 15 faizinin sahibi Etibar Əliyev bu il martın 6-da həbs edilib. Səbayel Rayon Məhkəməsi Etibar Əliyev barəsində 3 aylıq həbs-qətimkan tədbiri qərarı çıxarıb. İyunun 10-da isə həbs müddəti daha 3 ay uzadılıb. E.Əliyev Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə - dələduzluqda təqsirləndirilir. Onu Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları həbs edib, hazırda istintaqı da MTN-də aparılır. Onunla yanaşı, bankın bir neçə məsul şəxsi də həbs edilib.
“Texnikabank” rəhbərliyinin həbsindən sonra bankın rəhbərliyi inzibati müdaxilə yolu ilə dəyişdirilib. Banka yeni müşahidə şurasının və idarə heyətinin sədri seçilib.
«Yeni Müsavat» qəzetinin məlumatına görə isə, İyulun 13-də “Texnikabank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Həmin yığıncaqda isə səhmdarların tərkibində dəyişikliklərin ediləcəyi gözlənilir (növbədənkənar yığıncağın keçiriləcəyi ilə bağlı elan rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzetinin 14 iyun 2012-ci il tarixli sayında dərc edilib - red.). Böyük ehtimalla yığıncaqda E.Əliyev səhmlərindən “könüllü” imtina edəcək. Eyni zamanda səhmdarların strukturunda ciddi dəyişikliklər də gözlənilir.
Beləliklə, iyulun 13-də bankın əvvəlki sahiblərinin zorla əlindən alınmasının son nöqtəsi qoyulacaq. C.Hacıyevin açıqlaması bunu rəsmən təsdiqləyir. Bu açıqlama ilə ABB şefi həm də onu təsdiqləyir ki, o, bankı zorla ələ keçirən qrupun bir nümayəndəsidir. Əks halda, heç bir məntiqə sığmır ki, bir bankın rəhbəri onunla rəqabət aparan başqa bir bankda problemlərin çözülməsi barədə açıqlama versin. Bundan başqa, “Texnikabank”da problemlər var idisə, bankın səhmdarları niyə üst qurumdan - Mərkəzi Bankdan yox, onunla rəqabət aparan bankdan kömək istəyirdi? Nəyə görə bankın səhmdarlarının növbədənkənar yığıncaqları E.Əliyev və başqa rəhbər işçilərin həbsindən sonra keçirilməyə başladı? Nəhayət, heç bir problemi olmayan, sürətlə inkişaf edən bankda problemlər necə bir anın içində yarandı?
Ümumiyyətlə, “Texnikabank”la bağlı açıqlamanı Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov verməlidir, bu işdə maraqlı tərəf olan C.Hacıyev yox.