Hesablama Palatası və MTN-in ardınca Maliyyə Nazirliyi də “Azəryolservis”də təftişə başlayıb; Ziya Məmmədov ASC-nin başına Musa Pənahovu gətirməyi planlaşdırır
“Azəryolservis” ASC-nin sədri, Milli Məclisin üzvü Cavid Qurbanovun fəaliyyətinin araşdırılmasına daha bir dövlət qurumu cəlb edilib. ASC-nin dövlət sifarişlərinin icrasını Maliyyə Nazirliyinin auditorları yoxlayır. “Vətəninfo.az”ın məlumatına görə, bu barədə “Yeni Müsavat”a məlumatlı mənbələrdən xəbər daxil olub.
Mənbənin bildirdiyinə görə, bu, “Azəryolservis”i yoxlayan üçüncü dövlət qurumudur. Bir qədər öncə Hesablama Palatası ASC-də maliyyə axınlarının auditini aparıb və çoxsaylı qanun pozuntuları aşkarlamışdı. Nəticələr haqda Milli Məclisə məlumatın verilməsi barədə qərar alınıb. Bu barədə məlumatı Hesablama Palatasından da təsdiq etmişdilər. Bunun ardınca isə Milli Təhlükəsizlik Nazirliyinin Cavid Qurbanovun nəzarətində olan regional və yerli əhəmiyyətli layihələrin icra vəziyyəti ilə bağlı xüsusi tapşırığa əsasən araşdırma apardığı barədə “Bizim Yol” qəzeti məlumat yaymışdı. Beləliklə, qısa müddət ərzində C.Qurbanov 3 müxtəlif qurumun təftişinə məruz qalıb. Mənbənin bildirdiyinə görə, bu, artıq C.Qurbanovun hakimiyyət üçün “arzuolunmaz şəxs” elan edilməsinin göstəricisidir: “Azəryolservis”in şefinə qarşı ən müxtəlif qruplar birləşib. Onun vurulmasında nəqliyyat naziri Ziya Məmmədov da, fövqəladə hallar naziri Kəmaləddin Heydərov da, prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov da eyni dərəcədə maraqlıdır. Ən əsası odur ki, C.Qurbanovun himayədarı, onun yüksəlişində əvəzsiz xidməti olan Z.Məmmədov daha onu müdafiə etmir. C.Qurbanovun ilk auditini də Z.Məmmədovun qudası, Hesablama Palatasının sədri Heydər Əsədov aparıb. C.Qurbanov Milli Təhlükəsizlik Nazirliyi və Maliyyə Nazirliyinin yoxlamalarına məruz qalırsa, deməli, “Azəryolservis” şefi ölkənin siyasi iqtidarının da qəzəbinə tuş gəlib. Mənbənin iddiasına görə, C.Qurbanovun hədəfə gəlməsinin əsas səbəbi onun layihələrində rəqəmlərin fantastik həddə qədər şişirdilməsi, işlərin keyfiyyətsiz görülməsi və eyş-işrət məclislərinə aludəçiliyidir (onun tanınmış müğənniləri yüksək qonorar müqabilində əyləndiyi restorana gətirtməsi barədə ötən saylarımızda yazmışdıq - red.) Nə qədər qəribə görünsə də daha çox sonuncu amil C.Qurbanovun vurulmasında əhəmiyyətli rol oynayır. Bu gün məmur elitasında harınlıq, eyş-işrət məclislərinə aludəçilik pik nöqtəsinə çatıb. Hakimiyyətin üst qatında belə məmurları cəzalandırmaq qərarı verilib. Qarşıdan heç də asan olmayacaq prezident seçkisi gəlir, üstəlik də xarici təzyiqlər artır. Belə bir şəraitdə məmurların qeyri-etik davranışları hakimiyyətə izafi problemlər yaradır. Bu baxımdan belə davranışları ilə xüsusi seçilən C.Qurbanovun hədəfə gəlməsi təsadüfi deyil. O biri tərəfdənsə, illik dövriyyəsi 1 milyard manatı ötən “Azəryolservis” ASC-ni maraqlı qruplar nəzarətə götürməyə çalışırlar. Yaxın 3-4 il ərzində böyük məbləğli dövlət sifarişləri ilə işləyəcək ASC-ni ələ keçirmək uğrunda ciddi rəqabət gedir. Ancaq Z.Məmmədov ASC-ni kiməsə güzəştə getmək niyyətində deyil. Nəqliyyat naziri C.Qurbanovun yerinə müavini Musa Pənahovu gətirməyi planlaşdırır. Nəqliyyat nazirinin ən etibarlı kadrlarından sayılan M.Pənahov özü də bu posta gəlməyə iddialıdır.