Üçdən biri...

Üçdən biri...

Sabah Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq. Vətəninfo.az Apasport.az saytına istinadla xəbər verir ki, Azərbaycanın bu turnirdəki 3 təmsilçisi də cavab oyununa çıxacaq.

 

II təsnifat mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq komandalarımızdan ikisi evdə, biri səfərdə mübarizə aparacaq. Ötən həftə keçirilən ilk qarşılaşmada uduzan yeganə təmsilçimiz "Qəbələ” eyniadlı şəhərdə Tiflis "Dinamo”sunu qəbul edəcək.

 Səfərdə uduzan əyalət təmsilçisi mərhələ adlamaq üçün Gürcüstan klubuna mütləq qalib gəlməlidi. Əks halda, Qəbələ təmsilçisi ötən ilə təsadüf edən debüt kimi yenə ilk dueldən məğlub ayrılacaq. Avrokuboklarda keçirdiyi bütün matçlarda məğlub olan bürünc mükafatçımız "Dinamo” səddini adlamaq üçün azarkeşləri önündə ilkə imza atmalıdı.

 İlk qələbənin mərhələ keçməyə yetərli olması üçün isə "Qəbələ” qol buraxmamalıdı. Roman Qriqorçukun yetirmələri qol buraxsa, oyunun əlavə vaxtadək uzanmaması üçün 2 top fərqilə qalib gəlməyə məcbur olacaq.

 "Qəbələ” ilə eyni vaxtda meydana çıxacaq "İnter” təmsilçilərimiz arasında ən şanslısı hesab olunur. Səfərdə qollu heç-heçəyə nail olan bakılılar nəinki qələbə, hətta bərabərliklə də mərhələ keçə bilər. Amma bunun üçün "İnter Arena”da qol vurulmamalıdı.

 Son illərdə ənənəvi olaraq 1 mərhələ keçən "İnter”in yenə ilk səddi arxada qoyması kifayət qədər inandırıcı görünür. Zaur Svanadzenin yetirmələri heyətdəki böyük dəyişikliklərə baxmayaraq, oyun dəst-xəttini qorumaqla doğma azarkeşləri önündə qalib gəlmək gücündədi.

 Heyəti daha böyük itkilərə məruz qalan "Neftçi”nin işi daha çətindi. İstənilən hesabla qalib gəlməli olan paytaxt təmsilçisi buna səfərdə imza atmalıdı. Düzdü, "Mladost”la Monteneqrodakı görüşdə heç-heçə də "ağ-qaralar”a sərf edər. Amma bunun üçün Samir Əliyevin yetirmələri 3 və daha çox qol vurmalıdı. Hər komandanın 2 qol vurması isə əlavə vaxtla nəticələnəcək.

 Son illərdə bütün qələbələrini səfərdə qazanması "ağ-qaralar”ı xeyli ümidləndirir. Ancaq bakılılar bu müddətdə ən zəif heyətlərindən birinə malikdi. Yeni qurulan, təcrübəsiz heyətin çətin vəzifənin öhdəsindən gəlməsi çox çətin görünsə də, mümkünsüz də deyil.

 Avropa Liqası

I təsnifat mərhələsi

Cavab oyunları, 9 iyul

 

21:00. "İnter" (Azərbaycan) - "Laçi" (Albaniya)

Baş hakim: Aleksandr Əliyev (Qazaxıstan)

Baş hakimin köməkçiləri: Sergey Vassyutin, Samat Terqussizov (hər ikisi Qazaxıstan)

Dördüncü hakim: Denis İzmaylov (Qazaxıstan)

UEFA nümayəndəsi: Pyotr İvanov (Ukrayna)

Hakim-inspektor: Edvard Foli (İrlandiya)

Bakı. "İnter Arena” stadionu

İlk oyun – 1:1

 

 

21:00. "Qəbələ" (Azərbaycan) - "Dinamo" (Tiflis, Gürcüstan)

Baş hakim: Amori Deleru (Fransa)

Baş hakimin köməkçiləri: Loran Stien, Mişel Annonye (hər ikisi Fransa)

Dördüncü hakim: Sebastyan Moreyra (Fransa)

UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya)

Hakim-inspektor: Peter Cons (İngiltərə)

Qəbələ. Şəhər stadionu

İlk oyun – 1:2

 23:30. "Mladost” (Monteneqro) – "Neftçi” (Azərbaycan)

Baş hakim: Kevin Klensi (Şotlandiya)

Baş hakimin köməkçiləri: Alastair Mazer, Stüart Yan Makmillan (hər ikisi Şotlandiya)

Dördüncü hakim: Brayan Kolvin (Şotlandiya)

UEFA nümayəndəsi: Jan Lui Pyet (Fransa)

Hakim-inspektor: Marian Ruzbarski (Slovakiya)

Podqoritsa. Şəhər stadionu

İlk oyun – 2:2

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az