Daha iki general vəzifəsindən azad edildi

Daha iki general vəzifəsindən azad edildi

Müdafiə Nazirliyinin daha iki generalı vəzifələrindən azad edilib. Bizim.Media-nın əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyinin Mənzil Komissiyasının sədri general-mayor Rasim Babayev bir müddət əvvəl tutduğu vəzifəsindən azad olunub. 

Rasim Babayev daha əvvəl Nazirliyin Təşkilat Səfərbərlik Baş İdarəsinin rəisi vəzifəsini icra edib. O, korpus komandiri, general-mayor Münasib Babayevin yaxın qohumudur. İddialara görə, generalın işdən azad olunmasına səbəb 142 nəfər zabitin ev məsələsi ilə bağlı şikayəti olub.

Bundan başqa Müdafiə Nazirliyinin İnspektorlar qrupunun üzvü general-mayor Qədir Nəsibov da tutduğu vəzifəsindən azad edilib. 

İddialara görə, Qədir Nəsibov Nəcməddin Sadıkovla qohumluq əlaqələrindən istifadə edərək bu vəzifəyə təyin olunub.

Xatırladaq ki, Q.Nəsibov daha əvvəl Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində birinci müavin vəzifəsində işləyib. O, 2022-ci ilin iyun ayında həmin vəzifədən azad edilərək, İnspektorlar qrupunun üzvü kimi fəaliyyətini davam etdirib.  

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimov da bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılıb.

Rasim Babayev və Qədir Nəsibovun Elxan İbrahimovla birgə  Badamdar qəsəbəsində hərbi hissənin ərazisini zəbt edərək, qeyri-qanuni şəkildə özəlləşdirilməsi xəbəri də generallarla bağlı iddialar arasındadır.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlasaq da, sorğumuza cavab verilməyib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az