Deputat: “Erməni cinayətlərini unudaraq sülh üçün addımlar atacağıqsa, bu, doğru olmayacaq”

Deputat: “Erməni cinayətlərini unudaraq sülh üçün addımlar atacağıqsa, bu, doğru olmayacaq”


"Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşməsi tələb olunursa, bu addımları atmalıyıq. Kommunikasiyaların açılması zərurəti ortaya çıxırsa, etməliyik. İqtisadi münasibətlər qurulacaqsa, quracağıq. Çünki ilk növbədə burada Azərbaycanın mənafeləri var”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

 

"Biz erməni cinayətlərini unudaraq sülh üçün addımlar atacağıqsa, bu, doğru olmayacaq. Çünki dəfələrlə tarixi təcrübəmizdə ermənilərin sülhpərvər görünüb, Azərbaycana qarşı necə daha böyük cinayətlər törətdiklərini xatırlayırıq. Düşünürəm, hazırkı mərhələdə atılan addımlar doğrudur, amma bu, əsla və əsla bizim milli yaddaşımızda, ictimai şüurumuzda unutqanlığa gətirib çıxarmamalıdır. Bu gün Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasında ciddi siyasi iradə nümayiş etdirilir. Mütləq bir şeyi nəzərə almaq lazımdır ki, mümkün sülh Azərbaycanın şərtləri əsasında formalaşan sülhdür. Azərbaycan bütün şərtlərini Ermənistana qəbul etdirib və Ermənistan da bunu qəbul edib. Sülh sənədi artıq 8 avqust 2025-ci il tarixində ABŞ-də paraflanıb. Belə olan halda sülhün siyasi-diplomatik müstəvidən ictimai müstəviyə keçirilməsi lazımdırsa, ictimaiyyət nümayəndələri də alınmış qərarın dəstəklənməsi istiqamətində addımlar atmalıdırlar ki, bu da müharibə edən ölkələr arasında sülhün necə əldə olunması metod və üsullarına uyğun olaraq həyata keçirilməlidir. Bu da nədir? İctimai diplomatiya, xalq diplomatiyası, ictimai etimad mühitinin formalaşdırılması kimi məsələlər. Hazırda biz buna şahidlik etməliyik. Azərbaycanlı və erməni ekspertlərin qarşılıqlı səfərləri sülh mühitinin ictimai düşüncədə yaradılmasına xidmət edir. Bu o demək deyil ki, biz dəfələrlə tarixdə, yaşadığımız təcrübəni unutmalıyıq. Ya da milli yaddaşımızdan ermənilərin bizə qarşı törətdikləri cinayətləri silməliyik. Bu formulanı, sosial düsturu Azərbaycan Prezidenti cənab İlham Əliyev Kəlbəcərdə çox gözəl ifadə etdi və dedi ki, biz ermənilərlə sülh müqaviləsi bağlaya, əlaqələr qura bilərik, amma ermənilərin xalqımıza qarşı törətdikləri cinayətləri əsla və əsla unutmamalıyıq!” - deputat bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az