Deputata mesaj yazan yaralı əsgər və şəhid snayperimizin son cümləsi: "ANA, məni BAĞIŞLA..."

Deputata mesaj yazan yaralı əsgər və şəhid snayperimizin son cümləsi:


Əsgər Nurulu Elsəvər Əlibala oğlu. Lerik rayonu, Zövnə kəndində anadan olub. Könüllü olaraq, 2-ci Qarabağ savaşına yollanıb. Müharibə başlayan gündən Füzuli istiqamətində əks-hücuma başlayan əsgərlərin sırasında olub. Məhz bu gün Silahlı Qüvvələrimizdə yer almasında özünü xoşbəxt sayır:

"Döyüşlər başlayan ilk gündən burdayam. Döyüş səhnələri çoxdur. Amma unuda bilmədiyim səhnələr var ki, xəyalımdan getmir. Doğrusu, danışmaq, xatırlamaq belə çətindi mənə... 

Lerikdən bir snayper var idi. Ad və soyadı Ağacəfərli Ağamid Şirzaid oğlu idi. Çox sərrast atırdı, düşməni 3-5 saniyəyə məhv edirdi. Özü də bilirdi ki, durduğu mövqeyini təsbit etmək üçün düşmən bütün diqqətini ona yönəldib. Həmişə deyirdi ki, bilirəm, o mübarək şəhidlik zirvəsi mənə də qismət olacaq. Ağamid yanımda şəhid oldu. Son nəfəsdə "Ana, məni bağışla"-deyib, gözlərini yumdu."-deyir əsgər.

Mühasirədə saatlarla qalan əsgər Elsəvər Nurulu deyir ki, bəzən elə olurdu ki, sağ çıxmaq ümidin tükənirdi. Ümidin Allaha qalır və xəyallarınla baş-başa qalmaq zorunda olursan.

"Bir dəfə mühasirəyə düşdük. 30 nəfərlik qrupla. Sağ çıxmaq şansımız az idi. Durduğumuz mövqelər minamyot atəşinə tutulurdu. Aramızda şəhid olanlar oldu. XTQ-nin uşaqları bizi xilas elədi. Sonradan arxadan qüvvə gələndən sonra mühasirəni yarıb, düşmən mövqelərini ələ keçirdik."

Əsgər Elsəvər Nurulu deyir ki, bir gün evə zəng edib, valideynlərimdən, hal-əhval tutdum və necə dolandıqlarını soruşdum. Cəbhəyə gələnə qədər evə az da olsa mən də çörəkpulu gətirirdim. Eşitdiyindən qəhərləndiyini deyir əsgər:

 "Evdən mənə dedilər ki, millət vəkili və rayon icra hakimiyyəti tərəfindən müharibədə döyüşən əsgər və zabit ailələrinə ərzaq yardımı göndərilib. Əlbətdə döyüşdə əsgərin ailə təminatı və dövlət qayğısı yüksək rol oynayır. Əsgər bütün xalqı öz yanında hiss edir. 
 
Bir neçə gündən sonra yaralandım. 2 gün sonra özümə gəldim. İlk ağlıma deputatımız İqbal Məmmədov gəldi və ona mesaj yazdım: "Salam İqbal müəllim! Mən Lerik rayonundan əsgər Elsəvər Nurulu, yaralanmışam, xəstəxanadayam"

Əsgər deyir ki, depuatat mesajdan dərhal sonra onunla və həkimlərlə telefonda danışıb, səhhəti ilə maraqlanıb:

"İqbal müəllim mənə zəng elədi, hiss elədim ki, hardasa şəhid dəfnində idi. Millət vəkili hər gün mənimlə əlaqə saxlayırdı, sağalıb döyüşə qayıdana qədər. Döyüşə qayıdanda zəng edib diqqətinə görə təşəkkürümü də bildirdim." -deyə əsgər bildirir.

Əsgər Nurulu deyir ki, bizimlə döyüşən qonşu briqadada İqbal Məmmədovun yaxın qohumu da var idi. Atası Bakıda yüksək vəzifədə işləyir, həm də evin tək oğludur. Döyüş başlayan gündən komandirləri ilə çiyin-çiyinə döyüşüb. Əgər imkan olsa ondan da yazın, tarixdi. Adı və soyadını deyirəm, amma özünüz taparsız o əsgəri, səhv etmirəmsə Laçın istiqamətində döyüşürdü- Əsgərov Miryusif Əfqan oğlu"- deyə bildirir.

Əsgər Nurulu Elsəvər Əlibala oğlu ilə sağollaşıb Miryusifin sorağına çıxdıq və o əsgəri Laçın dağlarında N saylı hərbi hissənin bir bölüyündə tapdıq. 

Əsgərov Miryusif Əfqan oğlu- Lerik rayonunda anadan olub. Düzdür, Elsəvər Nurulu onun haqqında bizə təqdimat verərkən əsgərin millət vəkili İqbal Məmmədovun yaxın qohumu olmasını, atasının "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin daxili nəzarət idarəsinin rəisi olmasını önə çəkdi. Başa düşüləndir, çünki bu hal bizdə qəribə qarşılanır. Amma sizə təqdim edəcəyimiz əsgərin ən böyük təqdimatı nə deputat İqbal Məmmədovun qohumu olması, nə də Əfqan Əsgərovun oğlu olmasında deyil. Ən böyük təqdimatı əsgər özü veirir: O, Azərbaycan Əsgəridir və həm də Vətən müharibəsi iştirakçısı...

Miryusif Ali Məktəb tələbəsidir. Təhsilini öz istəyi ilə donduraraq ordu sıralarına qatılıb. Arzusu Vətən torpaqlarını işğaldan azad etmək olub. Bu gün Silahlı Qüvvələrimizdə əsgər olduğundan qürur duyur:

"Mən Füzuli-Cəbrayıl-Qubadlı-Laçın uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Atam və yaxın qohumlarım tanınmış adamlardır. Amma ən tanınmış adamlar, əsl qəhrəmanlar işğal altında olan torpaqlarımızın müdafiəsi uğrunda canını fəda edənlərdir. Ən tanınmışlar burda şəhid olan əsgərlərimizdi, sağlamlıqlarını itirən döyüşçülərdi, bədənində qəlpə gəzdirən yaralı qazilərdi. Mən də hamı kimi döyüşdüm, bura qədər gəlib çıxdım. Döyüş əməliyyatlarımızdan çox danışmaq istəmirəm. Əsgər olaraq, bütün ordumuza, xalqımıza, xüsusən də  XTQ-yə təşəkkürlərimi bildirirəm və bir də sizdən xahiş edirəm ki, tanıdığım bir əsgər var, ondan yazın. Məndən yazmasanız da olar."-deyir əsgər Miryusif Əsgərov.

Miryusifin haqqında yazmağımızı xahiş etdiyi əsgər topçudur. O əsgəri də axtarıb Ağdərə istiqamətindən tapdıq:

Mirzəyev Kamal Abidin oğlu, Lerik rayonu Bırkandul kəndində anadan olub. Miq.Az-a danışan əsgər deyir ki, ən böyük arzum hərbçi olmaq idi:

"Torpaqlarımızı düşməndən azad etmək üçün həmişə döyüşmək arzusunda olmuşam. Şükür ki, arzuma çatdım. Əgər müharibə olmasaydı, orduda qalıb xidmət edəcəkdim. Amma şükür ki, torpaqlarımız işğaldan azad olundu, daha fikrimi dəyişdim. Hərbi xidmətdən sonra bir az istirahət etmək fikrindəyəm, sonra qismət olsa, polisə işə düzəlmək arzusundayam. Müharibənin hər üzünü gördük, şəhidlər, yaralılar, başımıza od kimi yağan mərmilər...Amma bu gün bir təsəllimiz var ki, şəhidlərimizin qisasını aldıq, torpaqlarımızı düşmənlərdən təmizlədik. Onları elə günə qoyduq ki, illərlə özlərinə gələ bilməyəcəklər.  Xalqıma təşəkkür edirəm. Hamı bir nəfər kimi əsgərlə birgə döyüşdü. Bütün Azərbaycanı təbrik edirəm”-deyə Kamal  Mirzəyev bildirdi.

Redaksiya olaraq, Vətənin dar günündə silaha sarılan bütün əsgərlərimizə təşəkkürümüzü bildirirk. O cümlədən oxucularımıza bir yaralı əsgərimizlə bağlı da məlumat vermək istəyirik.

Əsgər Novruzlu Anar Həsənbala oğlu. Lerik rayonu, Zövnə kəndində anadan olub. Müharibənin ilk günündən könüllü olaraq döyüşlərə qatılıb. İki dəfə yaralanıb.
Birinci dəfə yaralanan əsgər Anar Novruzlu qısa müalicədən sonra yenidən döyüşlərə qayıdıb. Döyüşlərin qızğın vaxtında ikinci dəfə yanına minamyot düşərək ağır yaralanıb. Əsgərimiz eşitmə və danışma qabiliyyətini itirib. Hal-hazırda müalicə alır. Anarın tezliklə sağalıb əvvəlki həyata qayıtmasını arzulayırıq.

Xatırladaq ki, əsgər Novruzlu həm də Aprel döyüşləriinin iştirakçısı olub.  Kəşfiyyatçı olan olan əsgərimiz Füzuli istiqamətində gedən döyüşlər zamanı yaralanıb. İnşallah sağlamlığı bərpa olunandan sonra onunla bağlı geniş müsahibəni diqqətinizə çatdıracağıq.

Yaşasin, Azərbaycan Ordusu!
Yaşasın, Azərbaycan Əsgəri!

Miq.az















İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az