“Deyirdi ki, mükəmməl komandir olmaq üçün həmişə “B” planın olmalıdır ki..."
"Mənimlə sonuncu dəfə danışanda dedi ki, "ermənilər bizim üçün heç kimdi. Qorxma, torpaqları işğaldan azad edəcəyik. Bizim olan nə varsa hamısını düşməndən alacağıq. Şəhidlərimizdən artıq deyiləm ki, sənə özümdən çox güvənirəm. Narahat olma, bir həftəyə gələcəm. Uşaqlar nə istəsə al, yoxluğumu hiss etdirmə”
Bunu Moderator.az-a açıqlamasında şəhid Xüsusi Təyinatlı zabitimiz kapitan Rəşad Abdullayevin həyat yoldaşı Gülnar xanım deyib. O, Rəşadın 2016-cı il Şanlı aprel döyüşlərində də iştirak etdiyini bildirib:
"Mənimlə sonuncu dəfə danışanda dedi ki, "ermənilər bizim üçün heç kimdi. Qorxma, torpaqları işğaldan azad edəcəyik. Bizim olan nə varsa hamısını düşməndən alacağıq. Şəhidlərimizdən artıq deyiləm ki, sənə özümdən çox güvənirəm. Narahat olma, bir həftəyə gələcəm. Uşaqlar nə istəsə al, yoxluğumu hiss etdirmə”. Rəşad 2016-cı il Şanlı aprel döyüşlərinin də iştirakçısı olub. Düşmənə dörd gün qan uddurub. Həm də erməni dilini bilirdi. Buna görə ölkə başçısı tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib”.
Gülnar xanım deyib ki, Rəşad özündən çox döyüşçü yoldaşlarının həyatını düşünüb:
"Vətən müharibəsində isə Rəşad döyüş xəritəsini işləməli idi. O, əslində irəli getməli deyildi. Döyüşün idarəetmə komandiri idi və özü könüllü olaraq irəli gedib. Deyib ki, "mən getməsəm, zabitlərim geri qayıda bilməz”. Döyüşdə pusquya düşdüklərini görüb və özünün "B” planına keçib və döyüşçülərinə deyib ki, "hamı mövqelənsin, bizi gördülər”. Daha sonra isə özü snayperlə vurulub və ağır yaralanıb. Rəşad həmişə deyirdi ki, "Mükəmməl komandir olmaq üçün həmişə sənin "B” planın olmalıdır ki, özündən qabaq əsgərlərini xilas edə biləsən”. 2015-ci ildən isə düşmən onun adını "Boz qurd” qoymuşdu”.
Qeyd edək ki, şəhid kapitan Rəşad Abdullayev 1988-ci il sentyabrın 14-də Cəlilabad rayon Göytəpə qəsəbəsində anadan olub. Ölümündən sonra ölkə başçısı tərəfindən Rəşada "Vətən Müharibəsi Qəhrəmanı” verilib. Bununla yanaşı, "Vətən uğrunda” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidimizin Rüqəyya və Məmmədağa adlı iki övladı yadigar qalıb.
Vasif Əlihüseyn