Dilqəm Əsgərovun oğlu Azərbaycanı tərk etdi
Bu gün ermənilər tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun
doğum günüdür. Düşmən əsarətində olan Dilqəmin 55 yaşı tamam olur. Onun
həsrətlə yolunu gözləyən ailəsi ümid edir ki, Dilqəm 56 yaşını öz
vətənində qeyd edəcək.
Vətəninfo.az xəbər verir ki, girovun qardaşı Sahib Musayev azvision.az-a açıqlamasında bildirib ki, ad günü ərəfəsində Dilqəm ailəsinə məktub göndərib.
"Qardaşımdan
məktub aldıq. O, səhhətinin yaxşı olduğunu qeyd edib. Yazıb ki, narahat
olmayın, hər şey yaxşı olacaq. Məktubda Dilqəm onun girovluqda
saxlanması ilə bağlı Avropa Məhkəməsinə etdiyimiz müraciətə diqqət
çəkib. Yazıb ki, müraciətin nəticəsi necə olub? Məktub çox qısadır. O,
hər kəsə salam deyib”-deyə S.Musayev qeyd edib.
Ad günündə
Dilqəm üçün ən üzücü xəbər isə oğlunun Azərbaycanı tərk etməsidir.
Qardaşının sözlərinə görə, Dilqəmin oğlu Kürdoğlu Əsgərov işsiz olduğu
üçün Azərbaycanı tərk edərək Rusiyaya köçüb: "Kaş ki, bu günlərimizdə
Dilqəm bizim yanımızda olaydı. Ermənilər Dilqəmi geri vermək istəmirlər.
Onun oğlu Kürdoğlu da Azərbaycandan köçüb Moskvaya getdi. Yazıq nə
eləsin, işi-gücü yox idi. Atası erməni girovluğunda, oğlu isə yad bir
ölkəyə gedib pul qazanır. O, işsiz qalmışdı. Bilmirdi ki, nə etsin? ”.
Xatırladaq ki, ötən ilin iyulunda Kəlbəcərdə Ermənistan əsgərləri
tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov ömürlük həbs,
Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.