Gənc və istedadlı müğənni Elbrus Bayramov yaradıcılıq estafetinə start verib. Müğənninin oxuduğu “Ay qız” mahnısı artıq FM radiolarında səslənərək geniş dinləyici rəğbəti qazanıb. Tacəddin Bağırov və ustad sənətkar, xalq artisti mərhum Hacı Tələt Qasımovun tələbəsi olan Elbrus bəy ürəyini Vətəninfo.az-a boşaltdı: “Mən muğam, təsnif və xalq mahnılarının ifaçısıyam. Repertuarımda bəstəkar mahnılarına da yer ayırıram. Bayağı mahnılar mənim təbiətimə və sənətimə yaddır. Retro mahnıları daha çox sevirəm.
Xoşbəxtəm ki, iki böyük ustaddan dərs alıb bəhrələnmişəm. Hal-hazırda kompakt diskim üzərində işləyirəm. Bir neçə televiziya verilişlərinə dəvət almışam. Çox sevinirəm ki, Cəlilabadda yaşasam da, paytaxt televiziyaları və radioları yaradıcılığımla maraqlanır. “Space” televiziyasının efirində yayımlanan “Azərlotereya” verilişi məni müntəzəm olaraq ekspert qismində tirajlara dəvət edir. Bunun üçün dəyərlıi şəxsiyyət, istedadlı rejissor, neçə-neçə televiziya aparıcısı yetişdirən Azər Əhmədzadəyə təşəkkürümü bildirirəm”.
Gənc müğənni sevgisindən də danışdı: “Sevgidən nifrətə bir addımlıq yol var. Çalışıram ki, sevgim nifrətə çevrilməsin. Sevgim üçün həmişə mübarizə aparmışam. İnsan saf duyğularla sevməlidir. Sevgidə təmənna olmamalıdır. Təmənnalı sevginin ömrü qıza olur və sonu nifrətlə bitir. Xanımların inamlarından sui-istifadə edənlərə məsləhət görərdim ki, xanımların hissləri ilə oynamasınlar. Xanımlar həmişə diqqəti sevdikləri üçün onlara diqqət göstərməliyik”.
Ustad sənətkarlara hər birimiz hörmətlə yanaşmalı, onların sənətlərindən bəhrələnməliyik – deyə bizlə sağollaşan Elbrus Bayramov növbəti mahnısı olan “Xatırla məni”ni lentə aldırmaq üçün səsyazma studiyasına yollandı.
Araz Hacıyev
Vətəninfo.az