Elçin Şıxlı: “Ziyalılar Forumu müxalif mövqedə dayanmayıb, sadəcə....."

Elçin Şıxlı: “Ziyalılar Forumu müxalif mövqedə dayanmayıb, sadəcə....."

Ziyalılar Forumuna qurumun genişləndirilməsinə və onun fəaliyyətinin gücləndirilməsinə yönələn çoxlu təkliflər daxil olub. Forumun Təsisçilər Şurası çoxsaylı təklifləri öyrənərək və müzakirə edərək Ziyalılar Forumunun Məşvərət Məclisinin yaradılması barədə qərar qəbul edib.

Məşvərət Məclisi (MM) forumun fəaliyyətini planlaşdıran və onun qərarlarını həyata keçirən işçi orqan olacaq. Bu barədə forumun “Turan”a daxil olan məlumatında deyilir.

MM-ə forumun təsisçiləri ilə yanaşı yazıçı Çingiz Hüseynov, bəstəkar Cavanşir Quliyev, şair Musa Yaqub, Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyev, KİV rəhbərləri Elçin Şıxlı, Arif Əliyev, Mehman Əliyev, Qulu Məhərrəmli, ictimai xadimlər Ramiz Abutalıbov, Gültəkin Hacıyeva, Arzu Abdullayeva, Zəfər Quliyev, Erkin Qədirli daxildir.

MM-in tərkibinin formalaşması prosesi yaxın vaxtlarda başa çatdırılacaq. Qurumun könüllü ianə hesabına ADR qurucularının panteonunun yaradılması üzrə İctimai Komissiyanın formalaşdırılması haqda qərar qəbul edib. Komissiyaya Rüstəm İbrahimbəyov rəhbərlik edəcək.

MM Azərbaycanda siyasi məhbuslar məsələsini də müzakirə edib. Bir qrup ictimai fəalın həbsdən azadlığa buraxılması müsbət qiymətləndirilib və qeyd olunub ki, 2 aprel mitinqi iştirakçılarından bir neçəsi, bəzi qəzetlərin bir qrup jurnalisti və baş redaktoru, Quba hadisələrinin iştirakçıları, həmçinin hicab taxılmasına məhdudiyyət qoyulmasına etiraz edən şəxslər hələ də həbsdədir.

Ziyalılar Forumu hakimiyyəti ictimai fəaliyyətinə və siyasi baxışlarına görə həbs olunan bütün məhbusları azad etməyə çağırıb.

Ziyalılar Forumuna qoşulan “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı “Yeni Müsavat”a açıqlamasında deyib ki, əslində forumun toplantılarında əvvəllər də iştirak edib, ancaq məşvərət strukturunda olmayıb: “Hər zaman öz mövqeyimdə olmuşam. Mövqeyim nə o tərəflə, nə də bu tərəflə uyğun gəlməyə bilər. Belə düşünürəm ki, Ziyalılar Forumu müxalif mövqedə dayanmayıb, sadəcə olaraq, mümkün qədər olanı deyir - qaraya qara, ağa ağ. Ziyalılar Forumu partiya və ya hər hansı bir siyasi qurum kimi qavranılmadığı üçün müəyyən dərəcədə orada iştirak etməyə razılaşmışam. Görsəm ki, iqtidar birdən-birə Ziyalılar Forumunun dediyini eləyir, bu foruma ehtiyac qalmayacaqsa, onda mən gedəcəyəm. Hələ ki Ziyalılar Forumunun mövqeyi məni qane edir, qane etməyəndə orada olmayacağam”.

"Müsavat"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az