"Eldar Mahmudovu cəzalandırın"-Eynulla Fətullayev

Eynulla Fətullayev İlham Əliyevə sabiq milli təhlükəsizlik naziri ilə bağlı müraciət etdi

Jurnalist Eynulla Fətullayev prezident İlham Əliyevə müraciət edib. Bu gün haqqın.az saytında jurnalistin "Eldar Mahmudov Samir Şərifova deyil, dövlətə çağırış etdi” adlı məqaləsi dərc olunub. Eynulla Fətullayevin araşdırmasına görə, "ötən həftə Ukrayna KİV-də Azərbaycanın Maliyyə naziri Samir Şərifova qarşı yayılan təxribat sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov tərəfindən təşkil edilib”.

Məqalədə deyilir ki, "Milli təhlükəsizlik nazirliyinin keçmiş rəhbərliyindən ibarət qruplaşmanın törətdiyi cinayətlərə baxmayaraq Eldar Mahmudov hələ də azadlıqdadır. Məqalənin sonunda E. Fətullayev prezident İlham Əliyevə müraciət edərək sabiq nazir Eldar Mahmudovun törətdiyi əməllərin cəzasız qalmayacağına ümid etdiyini bildirib.

Ukraynanın "Qordon" agentliyinə istinadla ABŞ-ın maliyyə analitiki və Rusiya prezidenti Vladimir Putinin qrup yoldaşı kimi təqdim olunan, keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin zabiti, hazırda ABŞ-da fəaliyyət göstərən Yuri Şvetsin Azərbaycanın maliyyə naziri Samir Şərifov haqqında verdiyi açıqlamalar əsasında bir sıra yazılar dərc olunub.

Yuri Şvets Samir Şərifovun üç ölkənin - Rusiya, Türkiyə və ABŞ-ın xüsusi xidmət orqanları ilə eyni vaxtda əməkdaşlıq əlaqələrinin olduğunu iddia edib. İnformasiya sosial şəbəkələrin Azərbaycan seqmentində geniş müzakirələrə səbəb olub. Məsələ ilə bağlı açıqlama verən Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev ayrı-ayrı şəxslərin təxribat xarakterli cəfəng iddialarına şərh vermək fikrində olmadığını bildirib: "Yuri Şvetsin iddialarının nə qədər qeyri-ciddiliyi isə elə ilk baxışdan görünür və istehza doğurur. Elə üç ölkə?! Bəs Mossad, Böyük Britaniyanın, eləcə də başqa ölkələrin xüsusi xidmət orqanları harada qaldı?!"

Yuri Şvets - keçmiş DTK zabiti

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az