"Əli Həsənov dövlətçiliyə sadiq bir Azərbaycan vətəndaşıdır"
Miq.az-a bir qrup Cəbrayıl rayon sakinlərindən daxil olmuş məktubu oxuculara təqdim edirik:
Məlum olduğu kimi, 23 avqust 1993-cü ildə Cəbrayıl rayonu da ermənilər tərəfindən işğal olunmuşdur. Bir azərbaycanlı, cəbrayıllı kimi, o vaxtlar Bakıda və Sumqayıtda müxtəlif vəzifələrdə işləyən Əli Həsənov Cəbrayıl rayonunun işğal olunmaması üçün çox işlər görmüşdür. Rayonun işğala məruz qalmaması üçün Əli Həsənov başda olmaqla bir qrup cəbrayıllı ziyalı dəfələrlə Cəbrayıl rayonuna çoxlu maddi, mənəvi və digər köməkliklər göstərmişdilər. Bunu bütün cəbrayıllılar yaxşı bilirlər. Əli Həsənov yüksək vəzifələrdə işləməsinə baxmayaraq, tanıdığı bütün insanların xeyir və şər işlərində iştirak edir. Məlum olduğu kimi, Cəbrayıl rayonunun İranla həmsərhəd kəndləri 24 oktyabr 1993-cü ildə işğal olunmuşdur. Əli müəllimin bacı və qardaşları son günə kimi Böyük Mərcanlı kəndində qalmış, hətta Əli müəllimin qardaşı İlyas müəllim iki nəfər rayon sakinini son anda ermənilərə girov düşməkdən xilas edərək, Araz çayının sahilinə gətirərək, oradan onlarla birlikdə İrana keçmişlər. Bəzi adamlar ancaq pis şeyləri yazmağı xoşlayırlar, ancaq Əli Həsənovun dövlət məmuru kimi göstərdiyi müsbət işindən də yazmaq yaxşı olardı.
Əli Həsənov dövlət və dövlətçiliyə sadiq bir Azərbaycan vətəndaşıdır.
Hörmətlə: Bir qrup cəbrayıllı ziyalısı

Miq.Az