Əliyev Ruben Vardanyanla bağlı Putinə nələr deyib?
Erməni milyarder Ruben Vardanyan Qarabağa köçdükdən sonra Xankəndində separatçı-terrorçu rejimin yeni "siması” olaraq önə çıxıb. Qondarma "dövlət naziri” təyin edilən Vardanyanın terrorçu rejimin faktiki "rəhbəri” olduğuna dair məlumatlar var, onun aktivliyi də bu ehtimalı gücləndirir.
Publika.az xəbər verir ki, Ruben Vardanyanın Qarabağa gəlməsinin və yeni "rəhbər” kimi ön plana çıxmasının arxasında Rusiya və erməni diasporu/lobbisinin maraqları var.
Lakin erməni milyarderin əsas dəstəkçisi kimi Rusiya çıxış edir. Eyni zamanda, Vardanyanın Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında "at oynatması” da nəzərləri Moskvaya çevirir.
Rəsmi Bakının prosesləri diqqətlə izlədiyi və Azərbaycanın suverenliyinə qarşı təhdidlərə qarşı mümkün addımları hazırladığı bəllidir.
Ermənistanın "Hraparak” nəşrinin yazdıqları da bu kontekstdə diqqət çəkir.
Nəşr iddia edir ki, Soçi görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Vardanyanın Qarabağa gəlişi və orada etdiyi təxribatlarla bağlı Rusiya prezidenti Vladimir Putinə narazılığını bildirib.
"Putin cavabında bildirib ki, Ruben Vardanyanın Qarabağda olması ilə bağlı heç bir məlumatı yoxdur. Əliyev isə istənilən təhdidlərə qarşı lazımı addımların atılacağını bildirib”, - nəşr qeyd edir.
Rusiya prezidentinin yalan danışdığı bəllidir. Lakin nəşrin iddiasına inansaq, Putinin belə cavab verməsinin iki məqsəd daşıdığını deyə bilərik.
Birincisi, Putin "xəbərim yoxdur” deməklə məsələni müzakirə etməkdən yayınıb və bununla Soçi görüşünün atmosferini pozmaq istəməyib;
İkincisi, "xəbərim yoxdur” sözləri həm də Bakının mümkün addımları qarşısında susqunluq nümayiş etdirəcəyinə də işarədir;
Əliyevin Soçi görüşündən sonra Şuşada verdiyi bəyanatlar da atılacaq addımlara işarə hesab edilə bilər. Prezident erməni qoşunların Qarabağdan çıxarılması öhdəliyinin icra edilməyəcəyi təqdirdə, lazımı addımların – bunun anti-terror əməliyyatı olduğu bəllidir – atılacağının anonsunu verdi. Mümkündür ki, Azərbaycan Putinin "xəbərim yoxdur” sözlərindən lazımi formada istifadə edəcək.
Asif