Elman Abdullayev Efiopiyanın mədəniyyət və turizm naziri cənab Əmin Əbdülqadir ilə görüşüb
Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev Efiopiyanın mədəniyyət və turizm naziri cənab Əmin Əbdülqadir ilə görüş keçirib.
Vətəninfo.az xəbər verir ki, görüş zamanı səfir E.Abdullayev Azərbaycan haqqında geniş məlumat verərək, Azərbaycanın turizm sahəsində əldə etdiyi uğurları və ölkəmizin regionun aparıcı turizm mərkəzinə çevrildiyini Efiopiyalı rəsminin diqqətinə çatdırıb. Səfir E.Abdullayev Azərbaycanda turizmin inkişafı və turistlərin cəlb edilməsi üçün ölkəmizdə ən müasir turizm infrastrukturunun yaradıldığını və o cümlədən dünyanın tanınmış mehmanxana şəbəkələrinin ölkəmizdə mövcud olduğunu bildirdi. Diplomat qədim diyar olan Azərbaycanda regionun ən qədim və zəngin maddi-mədəni və dini abidələrinin yerləşdiyini qeyd edib. Səfir Azərbaycanın bir çox mötəbər, beynəlxalq miqyaslı tədbirlərə və xüsusilə İlk Avropa Oyunlarına ev sahiblik etməsinin ölkəmizin mühüm beynəlxalq mərkəzə çevrilməsinin göstəricisi olduğunu bildirib.
Görüş zamanı nazir Əmin Əbdülqadir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin böyük uğurlara imza atdığını qeyd edərək, Azərbaycanın sürətlə inkişaf etdiyini və qısa bir zaman ərzində dünyada inkişaf etmiş bir ölkə kimi tanındığını vurğulayıb. Efiopiyalı nazir ölkəsinin Azərbaycanla əməkdaşlıq etməyə maraqlı olduğunu və həm turizm həm də mədəniyyət sahələrində əməkdaşlığın aparılması üçün böyük potensialın mövcud olduğunu bildirib.
Görüşdə iki ölkə arasında əməkdaşlığın aparılması və inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması və hüquq-müqavilə bazasının yaradılması vacibliyi vurğulanıb.