Elman Nəsirov: "Azərbaycanın bəzi müxalifət nümayəndlərinin özlərini Trampla müqayisə etmələri mənasız, gülüncdür"

Elman Nəsirov:
"ABŞ-nin keçmiş prezidenti və eyni zamanda prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdi olub. ABŞ-nin Federal Təhlükəsizlik Bürosu məsələyə belə qiymət verib. Xoşbəxt təsadüf nəticəsində Tramp sağ qalıb. Hazırda dünya mediasının ən çox müzakirə etdiyi məsələ budur. İndidən proqnozlar verilir ki, əvvəllər Trampın qalib gəlmək şansı o qədər də yüksək qiymətləndirilmirdisə, bu hadisədən sonra ABŞ-nin noyabrın 5-də keçiriləcək prezident seçkilərinin favoriti məhz Trampın olduğu birmənalı söylənilir. Trampa atılmış güllə əslində seçkilərdə Baydenə qarşı atılmış güllə kimi dəyərləndirilir. Bu reallıq fonunda Azərbaycanda bəzi müxalifət liderləri belə iddialarla çıxış edirlər ki, guya onların təhlükəsizliyi təmin olunmur, "bunu hökumət etməlidir, amma etmir”. Həm də müxalifət iddia edir ki, guya hökumət müxalifətə qarşı təxribatlar həyata keçirir. Bunların hamısı gülünc iddialardır”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

 

"Əvvəla, fövqəl dövlətin prezidenti olmuş və ya yenidən prezident olmaq istəyən Trampla özlərini müqayisə etmələri mənasız, gülünc cəhddir. Qeyd edim ki, Azərbaycanın hüquq-mühafizə orqanları öz vəzifələrinin öhdəsindən şərəflə gəlirlər. Azərbaycan polisi öz vətəndaşlarının təhlükəsizliyini, asayişi ən yüksək səviyyədə təmin edir. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyəti ən yüksək qiymətə layiqdir. Onlar üzərilərinə düşən missiyanı böyük şərəflə yerinə yetirirlər. Bu gün birmənalı söyləmək mümkündür ki, Azərbaycan polisi hər birimizi qoruyur. DTX öz dövlətinin və hər bir vətəndaşın təhlükəsizliyini ən yüksək səviyyədə təmin edir. Bu, bir aksiomadır, həqiqətdir. Bunu hər kəs bilir. Bilmək istəməyən isə müxalifətin bəzi siyasi qruplaşmalarıdır. Onlara lap gözünün ağını, qarasını da çıxar, ver, yenə də narazı, hər şeydən bədgümandırlar. Qarşıda 1 sentyabr - növbədənkənar parlament seçkiləri gəlir. Azərbaycanın radikal müxalifət dairələri seçkini boykot yolunu seçiblər. Söhbət Azərbaycan Xalq Cəbhəsi Partiyasından, Milli Şuradan gedir. Bunlar ənənəvi olaraq hər şeyi qara rəngdə görürlər. Onlar üçün müsbət heç nə yoxdur. Hər vəchlə çalışırlar ki, Azərbaycan dövlətinə, dövlətçiliyinə, hakimiyyətinə qarşı iddialar, yalanlar ortaya qoysunlar. Üzümü tutub deyirəm ki, əla bir şans var. Qarşıdan parlament seçkiləri gəlir. Gəlin, gücünüzü yoxlayın. Demirsiniz ki, böyük sosial bazanız var? Arxanızda kütlələr dayanır, xalq sizi dəstəkləyir? Gəlin, bundan əla imkan nə zaman tapacaqsınız? Seçkilərə qatılın və gücünüzü də yoxlayın ki, Azərbaycan xalqı sizə nə dərəcədə etimad göstərir. Gəlməyəcəklər, çünki səbəb bəllidir. Özlərinə də çox gözəl məlumdur ki, Azərbaycan xalqı onlara heç bir dəstək vermir. Nəinki dəstək vermir, hətta xalq onları özü boykot edib. Azərbaycanın siyasi səhnəsini tərk etsələr, bu, ən ağıllı addım, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Şura və onların rəhbərliyinin, bəlkə də, bütün fəaliyyətləri dövründə ən ağıllı qərarları olar. Çünki siyasi səhnədə bu qədər öz siyasi iddialarını və arzularını həyata keçirmək üçün unikal imkanlar yaranıb. Heç birindən istifadə etmirlər. Elə bir şeyi əzbərləyiblər "boykot, boykot, boykot”. Siz yox, xalq sizi çoxdan boykot edib. Seçkilərdə məlum oldu ki, Azərbaycanda siyasi partiyaların mütləq əksəriyyəti iştirak etmək niyyətini ortaya qoyub. 15 iyula olan məlumata görə, 401 nəfər seçkidə iştirakla bağlı müraciət edib. Bunların 168-i 13 siyasi partiyanın təmsilçisidir. Siyasi partiyalar böyük həvəslə seçkiyə qatılırlar. Öz güclərini, potensiallarını nümayiş etdirirlər. Radikal müxalifət isə  beləcə, öz mənasız ömrünü yaşayır. Bu gün AXCP – Milli Şura üzvlərinin sınaq məqamıdır ki, bundan sonra öz ömürünüzü bu siyasi qurumların tərkibində çürütmək istəyirsiniz? Axı onların heç bir perspektivi yoxdur. Heç olmasa, siz öz perspektiviniz haqqında düşünün. Bu, siyasi qruplaşmalardan uzaqda dayanın...”, - deputat bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az