Elmar Məmmədyarov Edvard Nalbandyanla görüşəcək

Elmar Məmmədyarov Edvard Nalbandyanla görüşəcək

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilə bilər. Görüşün ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Hamburqda keçiriləcək iclası çərçivəsində baş tuta biləcəyi bildirilir.

Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

"Hamburqda münaqişənin həlli ilə bağlı əsas məsələlər istiqamətində vacib danışıqların davam etdirilməsi üçün nazirlərin öz aralarında da görüşməsini səbirsizliklə gözləyirik”, - deyə o, APA-ya bildirib.

C.Uorlik Hamburq görüşünə kimi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı görüşün nəzərdə tutulması sualına isə belə cavab verib.

"Biz prezidentlər və nazirlərlə mütəmadi kontaktdayıq , istənilən vaxt görüşməyə hazırıq”.

Həmsədrlərin regiona son səfərləri ilə bağlı bəyanatında da Hamburqda iki ölkənin xarici işlər nazirlərinin görüşə biləcəyi qeyd olunub.

ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Hamburq görüşü dekabrın 8-9-da keçiriləcək.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Bu il iyunun 20-də isə Azərbaycan və Ermənistan dövlət başçıları Rusiya prezidenti V. Putinin vasitəçiliyi ilə Sankt-Peterburqda görüşüblər.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az