
O günlərdə timetv.live saytı yazırdı ki, Elmira Axundovanın oğlu Həbib Axundov dostlarına Ukraynaya köçməyə hazırlaşdıqlarını bildirib. Deyib ki, bir aydan sonra anası Azərbaycanın Ukraynadakı səfiri təyin olunacaq. Bunun üçün düz 1 milyon dollar xərcləri çıxıb.
Sayt yazır ki, Diaspora Komitəsinin sədri Fuad Muradov araçılıq edib. Bir milyon dollar rüşvət verildikdən sonra Prezident Administrasiyasından xarici işlər naziri Elmar Məmmədyarova zəng vuraraq bildiriblər ki, Elmira Axundovanı qəbul eləsin. Məmmədyarov Axundovanı qəbul edib və Axundova ona deyib ki, səfir təyin olunmaq üçün lazımi "prosedurları” keçib. Məmmədyarov da aldığı tapşırığa uyğun olaraq ona səfir postuna hazırlaşmağı tövsiyyə edib və deyib ki, bir aya sərəncamı veriləcək. Yazı müəllifi o günlərdə qeyd edirdi ki, bunlar onu deməyə əsas verir ki, müxtəlif əyri yollarla külli miqdarda sərvətə malik olan ailə indi də ölkənin diplomatik nümayəndəliklərini pulla alırlar.
Maraqlıdır ki, Elmira Axundova həqiqətən də bir müddət sonra Ukraynaya səfir təyin olunur. 66 yaşlı xanım siyasətçinin bu təyinatı koronavirus dövrünə təsadüf etdiyindən onun yeni kreslosuna oturması bir xeyli zaman alır. Nəhayət, may ayının 29-da yeni səfir etimadnaməsini Ukrayna prezidentinə təqdim edə bilir.

Amma deyəsən, Elmira xanımın səfirliyi uzun sürməyə bilər. Çünki DTX-nın başlatdığı XİN əməliyyatı yada istər-istəməz Elmir Axundovanın 1 milyonluq rüşvət iddiasını salır. Mümkündür ki, DTX-nın növbəti əməliyyatlarında bu iddialar da araşdırılsın.
Təxminlərə görə, XİN-də başlayan əməliyyatın ikinci dalğası da gözlənilir və bu dalğa xarici ölkələrdəki xanədanlıqlarımıza – səfirliklərimizə və baş konsulluqlarımıza da sıçraya bilər. Belə "xanədanlıqlar” arasında Ukrayna səfirliyi ilə yanaşı, Azərbaycanın Türkiyədəki səfirlik və konsulluqlarının da adı çəkilir./ovqat.com/