Emin Əmrullayevdən Lerikdə məktəblərin bağlanmasına REAKSİYA
Lerikdə bu il səkkiz məktəb bağlanıb, lakin şagirdlərin digər məktəbələrə daşınması təmin edilməyib.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
Deputat problemin həlli üçün iclasda iştirak edən elm və təhsil naziri Emin Əmrullayevə müraciət edib.
"Daha on məktəbin bağlanıb komplektləşdirilməsi nəzərdə tutulur. Lerik dağlıq ərazidir, rayonun bir tərəfindən o biri tərəfinə 100 kilometr məsafə var. Elə inzibati ərazi dairələri var ki, 10 kənd var, 5-6-da ibtidai məktəb, 3-də ümumi orta məktəb var. Amma tam orta məktəb bir inzibati ərazi dairəsində yoxdur. Belə olan təqdirdə, 9-cu sinifi bitirən şagird məktəbi dəyişməli olur və uzaq məsafə qət etmək məcburiyyətində qalır.Bu zaman nazirliyin daşınmalara köməklik göstərməsini xahiş edirəm”, - deputat əlavə edib.
Elm və təhsil naziri Emin Əmrullayev isə bildirib ki, Lerikdə bağlanan məktəblərin şagirdlərinin daşınmaması məsələsini nəzarətə götürüb. O qeyd edib ki, bağlanan məktəblərin şagirdlərinin daşınması təmin olunmalıdır: "Əgər olunmayıbsa, bunu araşdırarıq”.
*****
Savadı olmayanları müəllim adından məhrum edirik
"Savadı olmayanları müəllim adından məhrum edirik, düşünürəm düz edirik".
|Bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, sertifikatlaşma prosesi davam etdiriləcək: "Çünki təhsildə əsas müəllim faktorudur. Bizim 7 şagirdi, 4 sinifi, 32 müəllimi olan məktəbimiz çoxdur".
****
Emin Əmrullayev: Ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik
"Ali təhsil müəssisələrində fakültə yanaşmasından qaçmağa çalışırıq".
Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, ayrılan elmi xərclərin əsas hissəsi əməkhaqlarının ödənişidir:
"Ödənişi elmi nəticələrə bağlamalıyıq. Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik. Elmi nəticəsi olan 100-ə qədər alimə əlavə ödənişlər etməyə başlamışıq. İslahatların əsası budur ki, pul adlara görə verilməyəcək, elmi fəaliyyət əsas götürüləcək".