Ən çətin döyüşlərdə düşmən qarşısında yenilməzlik

Ən çətin döyüşlərdə düşmən qarşısında yenilməzlik

"Azərbaycan  Silahlı Qüvvələrinin ən çətin döyüşlərdə düşmən qarşısında yenilməzliyinin gənclər arasında təbliği”


2016-cı il noyabrın 14-də  Səməd Abdullayev adına 290 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi və Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin təşkilatı dəstəyi ilə "Azərbaycan Ordusunun Silahlı Qüvvələrinin ən çətin döyüşlərdə düşmən qarşısında yenilməzliyinin gənclər arasında təbliği” adlı layihənin təqdimatına həsr olunmuş tədbir keçirilib.


Xalqımız gələcəyimiz olan gənclərin Vətənə məhəbbət, soykökünə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb, buna həyati əhəmiyyətli məsələ kimi baxıb. Ümummilli liderimiz Heydər Əliyev öz çıxışlarında həmişə qeyd edirdi ki, hamımızın ümumi vəzifəmiz Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdən ibarətdir.


Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş Silahlı Qüvvələrimizin hərbi hissələrinin göstərdiyi qəhrəmanlıqlar haqqında gənclər arasında təbliğat aparmaq və müharibə veteranlarını cəmiyyətimizin fərdlərinə daha yaxından tanıtmaq mühüm vəzifədir. Məqsəd yeni hərb tariximizdə baş vermiş döyüşlər zamanı ordumuzun göstərdiyi qəhrəmanlıqların, xüsusilə 1993-cü ilin mart-aprel aylarında Kəlbəcər rayonunda mühasirəyə alınmış yerli əhaliyə qarşı düşmən tərəfindən törədilə biləcək növbəti faciəli soyqırımın gərgin döyüşlər nəticəsində Silahlı Qüvvələrimiz tərəfindən 10 sutka ərzində qarşısının alınması, hərbçilərimizin şüurlu şəkildə ölümün ağuşuna atılması və nəticədə 400 nəfər döyüşçümüzün qəhrəmancasına həlak olaraq 60 minlik rayon əhalisinin xilas edilməsini, "Əsrin qəhrəmanlığını” gənc nəslə aşılayaraq beynəlxalq aləmdə tanıtmaqdır.


Azərbaycanın 25 illik müstəqillik dövründə yaşadığı hadisələr Azərbaycan Ordusunun qüdrətini bir daha sübut edərək göstərdi ki, bu ordu nəinki ölkəmizin ərazi bütövlüyünü mənfur düşməndən qorumağa, həm də işğal olunmuş ərazilərimizi qısa müddətdə düşməndən azad etməyə qadirdir.

Sevindirici haldır ki, respublikamızın gəncləri Vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür, vətənpərvər olduqlarını sözdə deyil əməldə də nümayiş etdirirlər. 2-5 aprel tarixlərində cəbhədə baş verənlər Azərbaycan ordusunun və Azərbaycan gəncliyinin əzmkarlığını bir daha nümayiş etdirdi: "Bu hadisə həm Azərbaycan ordusunun nəyə qadir olduğunu, həm xalqımızın monolitliyini, həm Ali Baş Komandanın ətrafında sıx birləşməsini, həm də Azərbaycan gəncliyinin mübarizliyini və vətənpərvərliyini bir daha təsdiqlədi. Gənclərimizin nümayiş etdirdikləri vətənpərvərlik təqdirəlayiqdir və bu onu göstərir ki, Azərbaycan gəncliyi işğal olunmuş torpaqlarımızı azad etməyə mənəvi-psixoloji baxımdan tam hazırdır”.


Vətənin biz gənclərə hər zaman ehtiyacı var. Vətənimizin ən böyük yarası olan Qarabağ yarasını sağaltmaq , ölkəmizdə əmin-amanlığın daim bərqərar olması üçün biz hər zaman bir olmalıyıq.

Tədbirdə Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin sədri ehtiyatda olan polkovnik Əzizağa Qənizadənin, Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu tərəfindən "Azərbaycan Ordusunun Silahlı Qüvvələrinin ən çətin döyüşlərdə düşmən qarşısında yenilməzliyinin gənclər arasında təbliği” mövzusunda layihənin icraçısı Xəyalə Məmmədzadənin, 701-ci hərbi hissənin veteran-kəşfiyyatçı Ramiz Əliyevin, 290 saylı tam orta məktəbin hərbi rəhbəri, Qarabağ müharibəsinin iştirakçısı ehtiyatda olan mayor Muxtar Həşimovun, Qarabağ qazisi  baş leytenant  Kamil Musəvinin və digər tədbir iştirakçılarının çıxışları dinlənilib.

Tədbir kütləvi qəhrəmanlığa həsr olunmuş qısametrajlı sənədli filmin nümayişi ilə sona çatib.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az