“Ermənilər bu yolla İrəvandan Xankəndinə silah da, hərbçi də, mitinqçi də daşıya bilərlər...”
"Həmin kəndlərdən keçən yollara nə Azərbaycan ordusu, nə də "sülhməramlı”lar ciddi nəzarət edə bilir...”
Xankəndində Putinin milyarder "desantı” Ruben Vardanyanın təşkilatçılığıyla ən azı 15 min haykı iştirakıyla dekabrın 25-də Azərbaycan əleyhinə keçirilmiş son mitinqdən sonra ictimaiyyətdə bir neçə sual yarandı: Görus-Laçın-Şuşa-Xankəndi yolu faktiki bağlı olduğu halda separatçı rejim bu sayda mitinqçini necə toplaya bildi? Və yaxud: Dekabrın 21-də Vardanyan tərəfindən təyin olunmuş xuntanın yeni qondarma "səhiyyə naziri” Samvel Avetisyan Ermənistanda yaşadığı halda Xankəndinə necə gəlib çıxdı?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış Qarabağ qazisi, ehtiyatda olan polkovnik Azay Kərimov hesab edir ki, Xankəndindən Şuşa-Laçın-Gorus yoluna birləşən ehtiyat yol var və ermənilər həmin yolla bir az çətinliklə olsa da, gedib-gələ bilirlər.
"Həm Şuşada polis işləyəndə, həm də Malıbəylidə könüllü tabor komandiri, Şuşada kəşfiyyat rəisi olandan sonra ətraf əraziləri qarış-qarış gəzdiyimdən o yerlərə yaxşı bələdəm... Xankəndindən Laçın istiqamətinə əsas yoldan əlavə, ümumiyyətlə, daha 2 yol çıxır. Biri Xocalı rayonunun Kosalar kəndinin arxa tərəfindən Qırxqız dağının yanından, Meşəlinin yanından keçib Laçının Arduclu kəndinə çıxmaq olur. Bu, keçmişdən qalan at, araba yoluydu... Digər asfalt olmasa da, sanki təbiətin özünün yaratdığı, qışda-yazda palçıq olmayan daş avtomobil yolu isə Xankəndindən əvvəlcə Kərkicahan kəndinə çıxır, 1 km-dən sonra Xəlifəli, sonra isə Şırlan kəndi gəlir. Şirlan kəndindən cıxan kimi isə yol ayrıcı var; biri sağa Laçının Arduşlu kəndinə, oradan da Laçına çıxır. Sol tərəfə burulanda isə təxminən 1 km-dən sonra Laçının Fingə kəndinin yaxınlığına, oradan da təxminən 500 metrdən sonra, Xankəndi-Şuşa-Laçın yoluna, yəni Şuşanın Turşsu (erm. "Lesaqor”) qəsəbəsinin alt hissəsinə, şüşə kimi asfalt yola cıxmaq mümkündür. Bu marşrut isə hec bir maneə olmadan Şuşanın Onverst, Kiçik və Böyük Qaladərəsi kəndlərindən keçən yeni çəkilmiş alternativ yolla düz İrəvana kimi gedir. Dediyimiz yolun Şuşa-Laçın-Gorus yoluna birləşdiyi həmin ərazi hal-hazırda ekoloji etirazçılarımızın dayandıqları yerdən 60 km arxadadır. Yuxarıda sadaladıqlarım, adlarını cəkdiyim kəndlərin hamısı Azərbaycan kəndləridir və hələlik hec kim yaşamır. Və həmin ərazidən keçən yollara nə Azərbaycan ordusu, nə də "sülhməramlı”lar ciddi nəzarət edə bilir. Rus hərbçilər görsələr də, buna göz yummaları mümkündür... Bax, Arayik, Vardanyan və digərləri aksiyaçılarımızın görə bilmədiyi arxa ərazidən keçərək Xankəndindən İrəvana və əksinə, bu yolla gedib-gəlirlər. Bu yolla uzun ölçülü "TIR” tipli maşınlar hərəkət edə bilməsə də, "Ural”, "ZİL” maşınlar üçün daha uygundur. "UAZ”, salonlu "UAZ” və "CİP”, "NİVA” tipli maşınlar isə yetərincə surətlə hərəkət edə bilərlər. Və əlbəttə, ciddi ehtiyac olanda həmin yolla Xankəndinə silah-sursat da, canlı qüvvə də, yaxud mitinqdə iştirak etmək üçün Vardanyanın sponsorluğuyla Ermənistandan bir neçə günə minlərlə erməni də daşıya bilərlər...”
Sultan Laçın