Ermənilərə etiraz mitinqləri keçirməklə məşğuluq

Ermənilərə etiraz mitinqləri keçirməklə məşğuluq

Hələ görmədim biz bir şeylər edək və ermənilər ona etiraz etsinlər

Vüqar ABBASOV, Niderland

Diaspor son dönəmin ən aktual mövzularından birinə çevrilib. Çoxları dünyanın müxtəlif ölkələrində yaşayan yerlilərimizdən, yəni bizlərdən hədsiz dərəcədə artıq tələblərdə bulunurlar. Bəzən elə təsəvvür yaranır ki, Qarabağı da diaspor alıb qaytarmalıdır. Bunu, bizlərin burdakı durumunu bilən də, bilməyən də, bu və yaxud digər şəkildə ortaya qoyur. Bəzən haqlıdırlar, bəzən də haqsız...

Bu, mənim diaspor ilə bağlı növbəti yazımdır. Bir daha qeyd edirəm ki, 2008-ci ildən Niderlandda yaşayıram. Bura gələndən sonra, mənimlə maraqlanan, axtarıb tapan, müstəqil jurnalist Elnur Elturk oldu. Nə iş gördüyümü soruşdu, Azərbaycanla bağlı lazım olan materialları əldə etməyə yardımçı olmağa çalışacağına söz verdi. İndi çox səmimi münasibətimiz olmasına baxamayaraq, həmən vaxt mən Elnuru tanımırdım belə. Sonradan onun vasitəsilə Avropada bir çox dəyərli insanla tanış oldum.

Deyim ki, Elnur bir çox halda Diaspor İlə İş Komitəsindən daha məhsuldar işləyir, diaspor ilə. Təbii ki, məqsədim burda dostumuzu təbliğ etmək deyil. Demək istədiyim odur ki, bu günə qədər də Azərbaycan tərəfdən mənimlə maraqlanan olmayıb. "Maraqlanan" deyəndə, söhbət şəxsən mənim durumumla maraqlanmaqdan getmir. Mənim buna ehtiyacım da yoxdur, heç gözləmirəm də. Ancaq mən Niderland Jurnalistlər Birliyinin üzvüyəm və bu, mənə, burdakı bir çox qapıları maneəsiz açmağa imkan verir.

Məhz bundan istifadə edərək, yerli bələdiyyə başçıları, millət vəkilləri ilə yetərincə görüşlər keçirib, müsahibələr hazırlamışam, Azərbaycan mətbuatı üçün. Hər görüşümdə isə, Azərbaycanla bağlı bilgilər verib, Avropa dövlətlərinin nə üçün bir çox məsələlərə ikili standartlarla yanaşdıqlarını soruşmuşam.

Mətbuatı izləyən insanlar bilirlər ki, hətta AŞPA-da olan deputatlara belə bu sualları verməkdən çəkinməmişəm. Yerli mətbuatda Azərbaycanla bağlı çoxlu sayda müsahibə və yazılar vermişəm. Hər dəfə isə məqsədim o olub ki, Azərbaycanı təbliğ edim. "Maraqlanmaq" - deyəndə mən onu nəzərdə tuturam ki, bir nəfər də olsun demədi ki, Azərbaycanı təbliğ etmək, lazımı materialları lazımı adamlara çatdırmaq üçün biz nələr edə bilərik? Haqlarını itirməmək üçün deyim ki, daha bir müstəqil jurnalist Tale Həsənov vaxtaşırı Azərbaycan üçün çox işlər görməli olduğumuzu qeyd edir, köməyini təklif edirdi.

Köhnə diplomat Fuad Hümbətovun da səmimi olaraq dediklərini unutmuş deyiləm. Eləcə də millət vəkili (mən ona çəkinmədən belə deyərədim) Əli Məsimovdan bir neçə dəfə müəyyən faktlar istəmişəm ki, sağ olsun, məlumat verib. Onların hər üçü ilə də dostum Elnurun vasitəsilə sosial şəbəkədə tanış olmuşam.

Bütün görüşlərə gedəndə yol xərcimi belə öz cibimdən çəkmişəm. Təkrar deyirəm ki, kimsə dediklərimi başqa yerə yozmasın. Mən bunları sevərək edirəm və gücüm çatdığı qədər də edəcəm. Həm də, məndən də artıq iş görənlərin olduğuna şübhə etmirəm. Şəxsən tanıdığım, yaxud da adını eşitdiyim yetərincə insan var ki, həqiqətən ölkəmiz üçün bir şeylər etmək istəyir və öz güclərinə edirlər. Bəs diaspora məsul olan komitəmiz necə, onları tanıyırmı? Aidiyyəti komitə, Bakıda yaşayan həmkarlarıma daha yaxın olduğundan, bu sualı komitəyə ünvanlamağı onlardan xahiş edirəm.

Biz (ümumən) nə edirik? Heç nə! Ermənilərin atdıqları hər hansı bir addıma etiraz mitinqləri keçirməklə məşğuluq. Ünvan müxtəlif ola bilr: Paris, Brüssel, Den Haaq və s. Mahiyyət isə hər vaxt eynidir: ermənilərə, erməni diasporuna etiraz. Hələ görmədim ki, bizlər dövlət, yaxud diaspor olaraq bir şeylər edək və ermənilər ona etiraz etsinlər. Bəlkə də var, ancaq çox az. Mənə bunun əksini sübut etməyə çalışanlar zəhmət çəkib ermənilərin gördükləri işlərə baxsınlar. Bizim iş görməklə işimiz yoxdur - biz ancaq hay-küy salırıq...

Mən də burda təşkilat yaradaram. Niderlandda bu çox sadə bir prosesdir. Ancaq mənim məqsədim xaricdəki Azərbaycan təşkilatlarının sayını artırmaq deyil, tam əksinə, xırda təşkilatların bir arada birliyinə nail olmaqdır. Təbii ki, hamısının yox. Burdakı insanların düşüncəsi də fərqlidir. Burda da müxalifət və iqtidar yönlü olanlar var. Bəzilərindən fərqli olaraq, mən deməzdim ki, hər hansı bir tərəf bütövlükdə pis, yaxud yaxşıdır. Pul üçün yox, gerçəkdən millət üçün çalışan insanlarımızın hamısına hörmətim var, hansı düşərgədə olmasından asılı olmayaraq.

Mən burda nə müxalifət, nə də iqtidar yönlü təşkilatların təşkil etdiyi tədbirlərə qatılmıram və hətta daha dəvət belə almıram. Hər kəs, qatılmayacağımı bildiyi üçün, daha dəvət belə etmirlər. Əslində mənim buna vaxtım da yoxdur, aldığım təhsil, gördüyüm işlər də buna imkan (vaxt baxımından) vermir. Həm də, mən mitinqləri iş görmək hesab etmirəm ("heç qatılmamışam" - desəm, yalan demiş olaram. Bəzən mitinqlər də, Xocalıya həsr olunmuş və digər, lazımdır, sadəcə mitinqlər hər şey demək deyil).

İstər Qarabağ, istər iqtidar, istərsə də müxalifətlə bağlı fikirlərimi bütün görüşlərimdə buranın rəsmi adamlarına, millət vəkillərinə demişəm. Mən ancaq düz bildiyimi deyirəm. Bu görüşlərdə çalışıram ki, Azərbaycanın Qarabağ və s. bu kimi problemləri barədə məlumat verim. Ancaq onların da mənə verdikləri suallar olur. Misal olaraq deyim ki, AŞPA-da təmsil olunan millət vəkillərinin biri ilə söhbətimdə Azərbaycandakı söz azadlığından söhbət açılır və Əvəz Zeynallı ilə bağlı söhbət edirik. Adam soruşanda ki, Əvəz Zeynallı doğrudanmı Gülər Əhmədovadan rüşvət istəyib? Mən nə deməliyəm? Deməliyəm ki, hə, Əvəz Zeynallı rüşvətxor, milyonlarla rüşvət istədiyini sübut edən video görüntülərin yayıldığı Gülər Əhmədova isə mələk kimi təmiz adamdır? Deməliyəm ki, rüşvət alması ilə bağlı heç bir sübut, fakt olmayan Əvəz Zeynallının həbsdə, milyonlarla rüşvət istəməsi video görüntülərdən aydın görünən Gülər Əhmədovanın azadlıqda olması ədalətlidir? Onda mənim Qarabağla, Xocalı ilə bağlı dediklərimə kim inanar?!

Onsuz da Qarabağla bağlı məsələni ayrı-ayrı adamlara belə sübut etmək çətindir. Mənim əlimdə lazım olan materiallarım belə yoxdur. Sadəcə internetdən adi üsullarla çap etdiyim, disklərə köçürdüyüm materialları çıxmaq şərti ilə. Ölkəmizdə elə vəziyyət yaratmalıyıq ki, xaricdə görüşdüyün rəsmilər səni fakt qarşısında qoymasınlar. Nə üçün özümüzü fakt qarşısında qoyuruq?

Bu yaxınlarda burdakı jurnalsitlərin birinə müraciət etdim ki, siz nə üçün mənim ölkəmlə bağlı ancaq tənqidi yazılar verirsiz, nə üçün Qarbağdan və s. söhbət açmırsız? Dedi ki, əvvəla bunu mənə irad bildirən ilk adam sizsiniz. Daha sonra, mən əsasən digər ölkələrdəki söz azadlığından, siyasi durumlardan yazıram. Ölkənizlə bağlı buna uyğun pozitiv faktlarınız varsa, buyurun, mənə də göndərin. Mən də burdan hər kəsə, iqtidarlı-müxalifətli, müraciət edirəm ki, faktınız varsa, göndərin çatdırım həm söhbət etdiyim, həm də digər jurnalistlərə...

Ermənilər mətbəximizi, tariximizi, torpaqlarımızı, mədəniyyətimizi və s. oğurlayırlar. Biz isə sonradan hay-küy salmağa çalışırıq ki, bunlar bizimdir, yaxud bizim idi. Olmazmı ki, elə əlimizdə bərk tutaq, heç onlara verməyək bunları? Olar. Ancaq şəxsi maraqlarımız, buna imkan vermir.

Yazıq Azərbaycan, yazıq vətən! Adamın ürəyi ağrıyır. Hələ xaricdəki fəaliyyətə ayrılmış pulların kimlərin necə yediyini, sonradan: "Azərbaycan üçün bunları etdik" deyib də, minnət vurmalarını görəndə, başqa söz deyə bilmirsən. "Vətən, sən nə gündəsən" - deyir böyük şairimiz Ramiz Rovşən. Ölməz şairimiz Məmməd Araz Azərbaycana necə gözəl qiymət verib:

Azərbaycan - mayası nur, qayəsi nur ki,

Hər daşından alov dilli ox ola bilər

Azərbaycan deyiləndə ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər.

Azərbaycan məmməd arazların, ramiz rövşənlərindir. Azərbaycan onların vətənidir. Onların buna haqqı var. Azərbaycan onu varına, dövlətinə görə "sevən"lərin vətəni deyil, ola da bilməz. Bir gün o "alov dilli ox"lar gözünü deşəcək, Azərbaycana yağı kəsilənlərin. Buna əmin ola bilərsiz!

Azərbaycan və bizim xalqımız dünyanın ən yaxşısına layiqdir. Bunu dünyanın bir neçə xalqı ilə ünsiyyətdə olan biri kimi deyirəm. Toxunmayın Azərbaycanın ürəyinə. Ayağa qalxın, Azərbaycan adı gələndə! Özünüz bunu etməsəniz də, etdirənlər tapılacaq, mütləq tapılacaq...

P.S. Yazımı təzəcə tamamlamışdım ki, iki mitinqə dəvət aldım, ermənilərin atdıqları hansısa addıma görə etiraz mitinqinə...

[email protected]/* */



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az