Ermənistanda taxıl və enerji qıtlığı yaranıb – “Qarabağdakı gəlir mənbələri əldən çıxıb...”

Ermənistanda taxıl və enerji qıtlığı yaranıb – “Qarabağdakı gəlir mənbələri əldən çıxıb...”

Bir neçə gün əvvəl Ermənistanın sabiq baş naziri Qrant Baqratyan ölkəsinin olduqca ağır sosial-iqtisadi durumla, hətta aclıqla üz-üzə qalacağını demişdi. Baqratyan ölkənin kənd təsərrüfatı sektorunun böyük zərbə aldığını, böyük itkilər verdiyini söyləyib.

Sabiq baş nazirin sözlərinə görə, müharibədə uduzan Ermənistan minlərlə hektar əkin sahəsi və maldarlıq üçün yararlı əraziləri itirib. Bunun nəticəsində ölkədə real ərzaq qıtlığının yaranması perspektivi olduqca yüksəkdir: "Bizdə mart, aprel, may aylarında aclıq ola bilər. Məsələ ondadır ki, bizim böyük ərazi itkilərimiz olub.” İşğal olunmuş Azərbaycan ərazilərini nəzərdə tutan Baqratyan deyib ki, torpaqlar Azərbaycana təhvil verildikcə, Ermənistanın kənd təsərrüfatı öz potensialını hissə-hissə itirmiş olub.

İqtisadçı Qubad İbadoğlu da Baqratyanın dediklərini təsdiqləyir, bildirir ki, Azərbaycan işğal altında qalan torpaqlarını azad etdikdən sonra Ermənistan iqtisadiyyatının enerjiyə, taxıla olan tələbatının ödənilməsində problemlər yaranıb. "Belə ki, 2018-ci ildən etibarən Ermənistan elektrik enerjisinin bir hissəsini Dağlıq Qarabağdan alıb. Hətta bu ildən 330 milyon kvt saat elektrik enerjisinin idxalı planlaşdırılmışdı. İndi əksinə, Dağlıq Qarabağda fəaliyyət göstərən kiçik elektrik stansiyalarının Azərbaycanın nəzarətində olması səbəbindən ermənilər Sərsəng su elektrik stansiyasından asılı vəziyyətdə qalıblar, bu isə onların ehtiyaclarını qarşılamağa kifayət etmir", - ekspert vurğulayıb.

Q. İbadoğlunun sözlərinə görə, Suqovuşanın bizim nəzarətimizdə olması Dəmirli mis mədənində istehsal fəaliyyətinin dayandırılmasına gətirib çıxarıb: "Çünki mis kombinatına su təchizatı Suqovuşandan idi. Bundan başqa, həmin ərazidə olan kürü istehsalı üzrə ixtisaslaşmış balıq fabriki ilə də bağlı problemlər mövcuddur".

İqtisadçı vurğulayıb ki, Ermənistanın taxıla olan tələbatının 30 faizə qədərini indiyədək Dağlıq Qarabağ ödəyib: "Ermənilər 27 sentyabradək işğal altında olan ərazilərdəki münbit torpaqlarda taxıl məhsulları becərirdilər. Belə ki, Ermənistanın taxıla olan illik 500-600 min ton tələbatının 150-200 min tonu Qarabağdan gətirilirdi. Hazırda taxıl əkin sahələrinin 90 faizi Azərbaycanın nəzarətindədir. Odur ki, Ermənistan bundan sonra taxıl, enerji tələbatında yaranmış kəsirləri başqa mənbələrdən ödəmək məcburiyyətində qalacaq"./"AzPolitika.info"/




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az