Ermənistanı iki yerə bölürlər
Serj Sarkisyan vəziyyəti düzəltməyə çalışır
Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra artıq ölkə Serj Sarkisyanın hakim klanı ilə yerli ermənilərin nümayəndəsi olan Karapetyan qardaşları arasında bölünməyə başlayıb.
İstiPress-in məlumatına görə, erməni mətbuatı bölünmənin Ermənistanın yerli əhalisini təmsil edən Karapetyan qardaşları ilə Qarabağ klanı arasında baş verdiyini yazır.
"Jamanak” qəzetinin yazdığına görə, parlamentdə rəhbərlik dünyanın ən varlı ermənilərindən biri olan Samvel Karapetyanın qardaşı Karen Karapetyana verilə bilər: "Hiss etmək olur ki, Ovik Abramyanın istefasından sonra Karapetyan qardaşlarının rolu artmağa başlayıb”.
Ermənistanın Kalinino rayonunun Qarakilsə kəndində anadan olmuş Karen Karapetyan müxtəlif vəzifələrdə işləyib. 1995-ci ildən bu yana parlamentin deputatıdır. Onun Rusiyada yaşayan qardaşı Samvel Karapetyan isə "Forbes”in versiyasına görə, Rusiyanın 28-ci varlı adamıdır. Onun sərvəti $3.8 mlrd qiymətləndirilir. "Jamanak”ın yazdığına görə, amma Serj Sarkisyan baş nazir postunu bu qardaşlara vermək niyyətində deyil, o, 2018-ci ildən sonra baş nazir olmaq niyyətindən geri çəkilməyib.
Ermənistanla yanaşı, hakim Respublika Partiyasında da bölünmə başlayıb. "Joxovurd”un yazdığına görə, reytinqli namizədlər seçkilərin nəticələri ilə razı deyillər və seçki qərargahlarının rəhbərlərini haqq-hesab çəkməyə çağırırlar, seçicilərə rüşvət üçün verdikləri pulları geri istəyirlər. Serj Sarkisyan isə vəziyyəti düzəltmək üçün namizədləri yanına çağırır və onlara hökumətdə vəzifə təklif edir.
Əgər hakimiyyət Karapetyan qardaşlarının əlinə keçərsə, bu, Qarabağ münaqişəsinin sülh danışıqları ilə başa çatmasına imkan yarada bilər. Çünki Azərbaycanın işğal edilmiş torpaqları Qarabağ klanının əsas gəlir yeridir. Amma klan hakimiyyəti vermək niyyətində deyil.
Serj Sarkisyan hakimiyyəti əlində saxlamaq üçün hətta vətəndaş müharibəsinə də gedə bilər. Amma istənilən halda, Ermənistanda hakimiyyətin kimin əlində olması barədə son sözü Gümrüdə hərbi baza saxlayan Rusiya deyəcək.
Miq.az