Etibar Etibarlı- Şeirlər
BUİLKİ QIŞIN SON ŞEİRİ
Dilləndi ekrandan sarı şaçlı qız,
üzündə təbəssüm-- qayğdan uzaq:
"Bakı qar görmədi,
yaz havalıdır,
bu gecə dağlarda tufan olacaq!"
Əsgər anaları yatmayıb yəqin,
Yuxa ürəklərdə
küləklər əsir.
Əllərim üşüyür isti otaqda,
Murovda şaxtadan daş daşı kəsir.
Diqqəti mazğalda ,
əli tətikdə
qaragöz əsgərim dayanıb sərvaxt!..
Körpələr uyusun şirin yuxuda,
Sən də, ay ixtiyar,
get, arxayın yat!..
Qara kirpikləri qırov bağlayıb,
ələnir səngərə
son çillə qarı.
Zirvələr parlayır ay işığında,
gah alır qoynuna duman dağları...
Arxam, dayağımsan, gözümün nuru,
varsan ki, mən varam,
sözüm ötəndir!..
Şəhid əmanəti hər qarış torpaq,
qar üstünə düşən izin Vətəndir!..
*
Vaxt vardı,
vaxt mənimlə
şəltaq uşaq kimi gizlinpaç oynardı...
...Tələsəndə hərdən
daş asılırdı əqrəblərdən,
gecikəndə yel kimi əsərdi.
(Anlamırdım bu, nə bəhsəbəhsdi.)
İllər keçdi,
vaxt dəyişmədi--nə uzandı, nə də qısaldı.
Arzularımla dilbir olub,
ömrümdən ömür aldı!...
Nə vaxtı ram edə bildim,
nə də əl çəkə bildim arzulardan.
Yenə mən oldum uduzan!..
İnsanam axı, insan!...
Etibar Etibarlı