"Milli mətbuatın 140 illiyinin tamam olması hər birimizə qürur verir. Azərbaycan dövləti bu sahəyə söz, mətbuat azadlığına nə qədər önəm verdiyini bu ərəfədə bir daha sübut etmiş oldu. Cənab Prezident İlham Əliyevin "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 iyun tarixli Sərəncamı bunun əyani sübutudur”. Bu fikirləri millət vəkili Qənirə Paşayeva deyib.
Millət vəkili Həsən bəy Zərdabi başda olmaqla onun ardıcıllarının uğurlu yol qət etdiyini nəzərə çatdıraraq qeyd edib ki, onların ənənələri təkcə Azərbaycanda deyil, bütün dünyada öyrəniləcək ənənələrdir: "Azərbaycan dövləti müstəqillik qazandıqdan sonra medianı özünün prioritet istiqamətlərindən biri kimi seçərək mətbuatın inkişafına öz dəstəyini göstərdi. Bu dəstəyin əsas məqsədi isə ondan ibarət idi ki, ölkədə KİV lər daha da inkişaf etsin. Çünki medianın inkişafı cəmiyyətin inkişafı deməkdir. Media nə qədər inkişaf edərsə, cəmiyyətin də inkişafına öz müsbət təsirini göstərəcək. Bu gün 140 yaşlı mətbuatımızdan daha çox gözləntimiz millətimizin maarifləndirilməsində, insanlar arasında elmin, biliyin daha da artması istiqamətində aparılması gərəkən təbliğatdır. Müasir dünyanın təhlükələrindən gənclərimizi, uşaqlarımızı qorumaq üçün medianın üzərinə ağır yük düşür. Gənclərimizin daha doğru istiqamətdə yetişməsi, vətənpərvər ruhunda böyüməsi üçün də media əlindən gələni əsirgəməməlidir. 140 il əvvəl mətbuat öz işini hansı missiya üzərində qurmuşdusa, bu gün də həmin yolla davam etməlidir. Dövlətimizin inkişafından istifadə edərək daha da irəliyə gedən bütün media əhlini bu münasibətlə təbrik edir, onlara şərəfli vəzifələrində nailiyyət arzu edirəm.Çətin amma çox şərəfli peşədə uğurlar sizə, əziz həmkarlar!”
SİA