“Veteninfo.az”ın xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Ermənistanın işğalı altında olan torpaqlarımıza gedən yolların üzərində məlumatverici-göstərici nişanların qoyulmamasından narazılıq edib
Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə 2013-cü ilin büdcə müzakirələri zamanı Ermənistanın işğalı altında olan torpaqlarımıza gedən yolların üzərində məlumatverici-göstərici nişanların qoyulmamasını təəssüflə qeyd edib. O, Bakıdan Qarabağa gedən yolda işğal altındakı ərazilərimizə nə qədər məsafə qaldığı barədə işarələrin olmadığını təəssüflə qeyd edib:
“Çətindir ki, yollarda işarə qoyulsun ki, bu yol Xankəndinə, Xocalıya, Laçına, Şuşaya gedir? Çətindir ki, yollarda işarə qoyulsun ki, Xankəndinə, Xocalıya, Şuşaya, Kəlbəcərə bu qədər yol qalıb? Bu məsələ məni narahat edir və düşünürəm ki, hamımızı narahat etməlidir. Nə Bakıdan regionlara ayrılan mərkəzi yollarda, nə beynəlxalq yollarımızda, nə də Qarabağ istiqamətinə gedən yollarımızda Xankəndi, Şuşa, Xocalı, Laçın, bir sözlə Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonların Bakıdan hansı məsafədə yerləşdiyini göstərən bir dənə məlumatverici-göstərici nişanları qoyulmayıb. Bakı-Qazax, Bakı-Astara yazılır, Bakı-Şuşa, Bakı-Xankəndi, Bakı-Xocalı niyə yazılmayıb?
Ölkəmizə çoxlu xarici qonaqlar, turistlər gəlirlər, bölgələrə gedirlər, bir dənə belə bir məlumatverici-göstərici nişanları görməyəndə, bu onlarda hansı təəssürat yaradar. Elə öz daxilimizdə böyüyən gənc nəsillər üçün də bunun mənfi təsiri var.
Bir neçə gün əvvəl xarici jurnalistlərlə Ermənistanın işğalı altında olan bölgələrimizə yaxın bölgələrə səfərə getmişdik. Yol boyu bu cür məlumatverici-göstərici nişanları görə bilmədim və bu məni ciddi narahat etdi. Düşünün ki, xarici jurnalistlərdən biri bununla maraqlansa, ona nə cavab verə bilərdik. Mən hökumət üzvlərindən, bu sahəyə cavabdeh nazirliklərdən xahiş edirəm ki, bu məsələyə təcili baxsınlar və qısa zamanda bu məsələ öz həllini tapsın. Bu, çox ciddi bir məsələdir və ümid edirəm ki, bu məsələ öz həllini tapacaqdır.”
Elnur Eltürk