NAXÇIVAN CƏBHƏÇİSİ : «FƏRƏC QULIYEV ELÇIBƏYƏ XƏYANƏT EDIB»
Redaksiyamıza Nxçıvan Xalq Cəbhəsinin xüsusi işlər üzrə sədr müavini Sahib Hüseynov tərəfindən şok faktlarla dolu bir yazı təqdim edilib. Bu yazıda əsasən hazırda millət vəkili olan Fərəc Quliyevin zamanında Xalq Cəbhəsinə vurduğu ziyandan söhbət açılır. Yazını olduğu kimi təqdim edirik.
Naxçıvan Xalq cəbhəsinin xüsusi işlər üzrə sədr müavini.
- Bakının açarı olan Nəvai postunu qoruyan, Elçibəyə sadiq Naxçıvan batalyonuna postdan getməyi kim əmr etdi ?
- Batalyon komandiri və Naxçıvan AXC- si sədrinin xüsusi işlər üzrə müavini Sahib Hüseynova postu tərk etmək üçün kimlər pul təklif etmişdi?
-Fərəc Quliyevin həbsxana həyatı onun həbsxana yoldaşlarının gözləri ilə!
Mən bu yazım ilə rəhmətlik prezident Əbülfəz Elçibəyin ruhu qarşısında olan vicdan borcumu yerinə yetirirəm. Bu gün hər yerdə söhbətlər gedir ki, Elçibəy H.Əliyevə könüllü olaraq postunu təhvil verib. Lakin bu belə deyildir. Sadəcə inandığı adamların ona etdiyi xəyanətlərin nəticəsində Elçibəy H. Əliyevi Bakıya dəvət etməyə məcbur oldu və sonrada onların yaratdığı situasiya elə həddə çatdı ki Elçibəy Bakını tərk etməli oldu. Bu xainlərdən biri bəlkə də ən əsası Fərəc Quliyevdir.
Əslində bizi elə içimizdən satmışdılar. Mən dediyim sözlərin məsuliyyətini tam dərk edirəm və aşağda deyəcəyim faktları həmişə sübut etməyə hazıram.
- 1993- cü ildə Gəncə hadisələri zamanı mən 300 nəfər döyüşçü ilə Bakıya gəldim və Nəvai postunda DİN, Daxili qoşunlar, Milli ordunun əskərləri ilə birlikdə müdafiə mövqeyi tutdum. Nəvai postu Bakının açarı idi. Sürət Hüseynovun dəstələrinin gəldiyini eşidəndən bir qədər sonra birdə gördük ki, bizimlə olan qüvvələrdən heç kim qalmayıb. Elə bil bir sehirli əl bizimlə olan hökumət qüvvələrini buradan yığışdırdı.
Başa düşmədim onlar qorxub qaçdılar ya belə əmr almışdılar. Mən yenidən öz qüvvələrimin imkanlarına əsasən müdafiə mövqeyi tutdum. Sonraki hadisələrdən mən başa düşdüm ki, mən bəzi satqın qüvvələrin oyununu pozmuşam. Biz Bakıya girmək istəyən qüvvələrlə döyüşə girdik və onları geri oturtduq. Bu döyüşdən sonra onlar hücumu dayandırdılar və dedilər ki, nə qədər ki, siz buradasınız biz Bakıya girməyəcəyik. Onu da deyim ki, Fəhmin Hacıyevin bizə göndərdiyi BRDM-lər gəlib çatmamışdılar. Deyilənə görə xarab olmuşdular. Toplar isə iki atəşdən sonra yararsız hala düşdü. Beləliklə nisbi sakitlik yarandı. Mən bundan istifadə edərək Bakıya gəldim və “İnturist” mehmanxanasının 14( on dörd) cü mərtəbəsində nömrədə paltarımı dəyişdim. Bu zaman nömrənin qapısı döyüldü. İçəri üç nəfər tanımadığım adam daxıl oldu. Birinin əlində diplomat var idi. Mən onları tanımadım. Onlar mənə müraciət edərək;
- Sahib bəy sən Nəvaidə dayanan qüvvələrini geri çək. Əvəzində bu pulu götür və qayıt get Naxçıvana. Burada hər şey həll olunub. Biz qansız Bakıya girmək istəyirik.
Mən dedim:
- Birinci mən Bakıya öz xoşumla gəlməmişəm. Əmrə tabeyəm. İkincisi siz kimsiniz axı? Rədd olun buradan.
Cavabında dedilər:
- Nə dəxli var biz kimik, sadəcə gəlmişik sənə pul verək ki, qüvvələrinidə götürüb evə gedəsən. Təəsüf ki, sən bu pulu götürmədin.
Onalr ağzı açıq diplomatı göstərdilər. Diplomatda dollarlar var idi. Mən onları qovandan iki saat sonra məni AXC icra aparatının sədri Fərəc Quliyevin yanına çağırdılar. Mən ora İntiqam ləqəbi ”Borman” , Fəxrəddin ləqəbi “ Ağ ayı” ilə getdim. Onların yanında Fərəc Quliyev mənə dedi ki;
- Əbülfəz Elçibəy əmr edir ki təcili surətdə Nəvai postundan geri çəkil.
Mən etiraz edərək dedim:
- Fərəc bəy Nəvai postu Bakının axırıncı müdafiə xəttidir. Əgər biz oradan getsək şəhər müdafiəsiz qalacaq.
Fərəc Quliyev:
- Bu mənim yox Əbülfəz bəyin əmridir və sizə ancaq icra etmək qalır!
Mən qüvvələri Nəvai postundan geri çəkib 230 ( iki yüz otuz ) nəfəri göndərdim geri. Sabahısı günü eşitdim ki. Əbülfəz Elçibəy gedib Naxçıvana. Mən də qalan uşaqları götürüb hava limanına getdim ki uçum Naxçıvana. Burada biz prezidentin köməkçisi Oqtay Qasımovla rastlaşdıq. O dedi ki, prezidentin möhürü və qalan nələri isə ondadır və o bu əşyaları təcili prezidentə çatdırmalıdır. Biz hava limanında liman işçiləri ilə mübahisə etməli olduq. Bizə təyyarə vermirdilər. Çox mübahisədən sonra biz təyyarəni aldıq və Naxçıvana uçduq. Naxçıvanda mənə sui- qəsd oldu. Xoşbəxtlikdən evdə pəncərədən mənə atılan güllə ayağıma dəydi. Mən bir müddət xəstəxanada müalicə aldım. Müalicədən sonra rəhmətlik Elçibəylə Kələkidə görüşəndə o məndən soruşdu;
- Sahib bəy siz niyə öz başına Nəvai postunu qoyub qayıtdınız Naxçıvana? Siz axı mənim əmrim olmadan oradan çıxmamalıydınız. Axı Azərbaycanın müqəddəratı orada həll olunurdu və mən sizə özüm qədər inanırdım!
Mənim elə bil başıma bir qazan qaynar su tökdülər. Mən dedim;
- Bəy sizin Fərc Quliyev vasitəsi ilə mənə etdiyiniz əmrə əsasən. Mən sizin əmr olmasaydı oradan bir addım da geri çəkilməzdim.
Bəy dedi;
- Mən elə əmr verməmişəm.
Mən zəng elədim Naxçıvandan İntiqmla, Fəxrəddin gəldi. Bəy onları dinlədi və mənə dedi;
- Sahib bəy siz dediniz mən eşitdim. Qalanı mənlikdir və mən ayırd edəcəyəm.
Mənim bütün bunları yazmaqda məqsədim hamıya bidirmək istəyimdir ki, qoy bilsinlər ki Fərəc Quliyevin bugün əldə etdiklərinin hamısı Elçıbəyi satdığının əvəzidir.
Əslinə qalsa mən sonralar keçən vaxt ərzində bir çox bilmədiyim şeyləri öyrəndim. Həbsxanada çox adamlarla görüşdüm, bu hadisələrin bir çox iştirakçıları ilə söhbətlər etdim və bu qənaətə gəldim ki, rəhmətlik Elçibəy xəyanətin qurbanı oldu. Üzdə dost, özlərini Elçibəy komandası adlandıran bəzi adamlar altdan ona qarşı işləyirdilər.
Daxili və xarici ELÇİBƏY HAKİMİYYƏTİNİN düşmənlərinə işləyən bəzi səlahiyyətlilərimiz bir tərəfdən H. Əliyevi Bakıya dəvət edirdilər o biri tərəfdəndə Elçibəy hakimiyyətinə quyu qazaraq onun dostlarını məqsədyönlü şəkildə düşmənə çevirirdilər. Buna misal Əlikram Hümbətov, Surət Hüseynəv Rəhim Qaziyev və sairə ola bilər. Əgər Surət Hüseynov günahkar idsə onu Bakıya çağırıb həbs etməyə nə var idi. Axı ona Milli Qəhrəmanı bəy vermişdi, onu korpus komandiri bəy etmişdi, prezidentin səlahiyyətli nümayəndəsi, baş nazirin müavini bütün bunları ona AXC- hakimiyyəti vermişdi. Nə oldu bu qədər vaxtda o xain olmadı, birdən birə xain oldu? Bütün imkanları ilə düşmənlə vuruşan bir komandanı saxta ittihamlarla küncə sıxışdırıb heç bir ədalətə ümid yeri qoymayaraq ancaq və ancaq ölüm və ya qiyam dileması qarşısında qoymuşdular. Əlbətdə Surətdə bir savaş adamı kimi qiyamı seçdi. Surət Hüseynov xain deyildi, prezident Gəncədə olanda Surəti TV- dən xain elan edən xain idi. Azərbaycanın qeyrətli oğlanlarını Azərbaycanın milli hökumətinə və qanuni prezidentinə qarşı provakativ surətdə qızışdıranlar xain idilər və bunu gələcək hərəkətləri ilə sübut etdilər.
-Bəlkə bu sübutların işartıları əvvəllər də var idi, lakin biz sadəlöhvlükdənmi ya təcrübəsizlikdənmi özümüzü görməməzliyə vururduq. Əslində Fərəc Quliyevin prezident Gəncədə olarkən AZ TV- də belə bəyanat verməsi əsl xəyanət idi. O zaman Surət bu provakasiyaya getmədi. Lakin atalar yaxşı deyiblər “ Mərdi qova qova namərd edərlər” Onu güya həbs etmək istəyirdilər. Amma əllərində neçə dəfə imkan olsa belə etmədilər. Amma ölumlə üsyana təhrik etdilər. Can və təmiz ad şirin şeydir. O da getdi. Mən Surəti şəxsən tanımıram. Amma onun apardığı döyüşlərdən xəbərim var. Mən deyirəm rəhmətlik Elçibəydə, Surətdə xəyanətin qurbanı oldular. Və bu xainlərin də biri bəlkə də birincisi Fərəcdir. Yadıma gəlir bir dəfə Naxçıvanda H. Əliyev Fərəcə üzünü tutaraq dedi;
- Fərəc sənin atan mənimlə işləyib, sən ki bunu bilirsən!
Fərəc gülərək heç nə cavab vermədi.
Qeyd edək ki, GUNDEMİNFO.AZ saytı olaraq bir müddət əvvəl millət vəkili Fərəc Qüliyevdən Naxçıvan cəbhəçilərinin ciddi şikayətlər etdiyi barədə kiçik xəbər yayımlamışdıq. Bu xəbəri yayımlayandan sonra deputatın oğlu, köməkçisi, partiyada müavini, hətta bir çox dostları bizə hədə, xahiş, rica edərək yazının həqiqət olmadığını iddia edir və məlumatın saytdan çıxarılmasını istəyirdilər. Sahib Hüseynovun bu yazısı GUNDEMİNFO-ya ünvanlanmasa da, hər halda konkret iddiadır və adam da ortadadır.
YAZININ DƏRC EDİLDİYİ ÜNVAN “ TEREF.İNFO SAYTI”
ARDI VAR.
“teref.info”