Fransanın ekologiya, energetika və iqlim naziri Anyes Pannye-Runaşe (Agnès Pannier-Runacher).
"Əliyevin COP29-un açılış mərasimində Fransa və Avropa ilə bağlı şərhləri qəbuledilməzdir. Ölkəmizə, onun institutlarına və ərazilərinə birbaşa hücumlar əsassızdır.
Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədən təhrikçi şəxsi məqsədləri üçün istifadə edir. Bu hücumlar BMT-nin İqlim Dəyişiklikləri haqqında Çərçivə Konvensiyasının Davranış Məcəlləsinin kobud pozuntusudur. Onlar cavabsız qalmayacaq.
Ölkə prezidenti və baş nazirlə müzakirə və razılaşdırmalardan sonra mən Bakıya getməmək qərarına gəldim", deyə nazir noyabrın 13-də Fransa Parlamentində çıxışında bildirib.
Xatırladaq ki, İlham Əliyev kiçik ada dövlətlərinin vəziyyətinə həsr olunmuş iclasda Fransa və Niderlandı neokolonizmdə, "dırnaqarası" dəniz ərazilərinin sərvətlərini talan etməkdə, bu ölkələrdə dövlətçiliyi və əhalini məhv etməkdə ittiham edib. O, ada ərazilərinin müstəqilliyinin məhv edilməsində "prezident Makronun rejiminin" rolunu vurğulayıb.
*****
Fransalı nazir və Argentina COP29-da iştirakdan geri çəkildi
Bakıda keçirilən COP29 tədbirinin üçüncü günündə fransalı nazir iqlim danışıqlarından geri çəkilib. Argentina da öz nümayəndə heyətini geri çağırıb.
Fransanın ekologiya naziri Agnes Pannier-Runacher Azərbaycan Prezidentinin rəsmi Parisi Yeni Kaledoniyada "müstəmləkə cinayətlərində” ittiham etməsindən sonra bu addımı atıb.
"Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir”, İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində deyib.
O əlavə edib ki, "bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır”.
Fransanın ekologiya naziri Agnes Pannier-Runacher Əliyevin "təəsüf doğuran" çıxışına etiraz olaraq səfərini ləğv etdiyini söyləyib.
O, Əliyevin çıxışını "qəbuledilməz və …COP prezidentliyinə yaraşmayan” adlandırıb.
Xanım Pannier-Runacher onu da deyib ki, bu, onun təbirincə, BMT iqlim danışıqlarının aparılması üçün "davranış kodeksinin kobud şəkildə pozulması idi".
Nazir Prezident Əliyevin təbii resurslara "Tanrının hədiyyəsi” dediyini xatırladaraq, bunu "qazıntı yanacaqlarla bağlı eyni dərəcədə qəbuledilməz şərhlər” adlandırıb.
Pannier-Runacher deyib ki, o ölkəsinə qayıtsa da, Bakıdakı fransalı komanda "planeti və əhalini iqlim dəyişikliyindən qorumaq üçün” razılaşma əldə etmək səylərindən əl çəkməyəcək.
Fransa və Azərbaycan arasında münasibətlər bir neçə ildir ki, rəsmi Parisin Ermənistanı dəstəkləməsi və onunla hərbi əlaqələrinə görə pisləşməkdədir.
Argentina COP29-dan çəkilir
Argentinalı nümayəndə heyətinin geri çəkilməsinə səbəb isə bu ölkənin hökumətindən gələn qərarla bağlıdır.
Argentinanın ətraf mühit üzrə müşaviri Ana Lamas "Guardian”-a deyib ki, onların COP29 danışıqlarında iştirakdan çəkilməsinə səbəb Prezident Javier Milei-nin qərarı ilə əlaqəlidir.
Ölkənin ifrat sağçı lideri Milei prezidentlik kampaniyası zamanı iqlim dəyişikliyini insan fəaliyyətinin təsiri ilə əlaqələndirən siyasətlərin "yalan” olduğunu söyləyib və iqlimşünasları "tənbəl sosialist” olmaqda ittiham edib.
O, keçən il Argentinanın "Paris razılaşması”ndan çıxaçağını demişdi.
Milei ötən gün ABŞ-ın yeni prezidenti Donald Trump-la danışıb, bundan sonra Milei-nin sözçüsü deyib ki, Trump argentinalı həmkarına onun "sevimli prezident” olduğunu söyləyib. (bbc)