"Gecə qadının uşağı olmuşdu. O, alt paltarını çıxarıb, uşağı bükmüşdü ki, donmasın"

 İndi Qarabağda gedən döyüşlərdə iştirak etmiş, Xocalı sakinlərinin yaşadığı dəhşətlərin şahidi olan bir şəxslə tanış edəcəyik sizi. II qrup Qarabağ əlili Zakir Cavadovla. Ağdam rayonunun Kolanı dərəsi kimi tanınan Əliağalı kəndindən olan Zakir Cavadov özünümüdafiə batalyonunda vuruşan əsgərlərdən olub. 

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Xocalı ilə Əliağalını Fərrux dağının başında olan Yenicə kəndi ayırırdı. Xocalı faciəsi baş verdikdən üç gün sonra, axşam vaxtı səs eşidilir. Kimsə meşə tərəfdən kənddə yaşayan kişiləri səsləyir. Əvvəl özünümüdafiə batalyonu elə bilir ki, qonşu kənddə yaşayan ermənilərdir. Onları aldadıb, pusquya salmaq istəyirlər. Buna baxmayaraq 7-8 əsgər səs gələn tərəfə - meşəyə yollanır. Çatanda isə onları səsləyənlərin Xocalı sakinləri olduğunu görürlər.

Zakir Cavadov - Ağdam sakini: "Üç gün qalmışdılar meşədə. Gecə meşədə qalmışdılar. 7 qadın idi, 4 kişi, 5 də uşaq var idi. Bizim uşaqlar bu qadınları dallarına almışdılar. "Botinka"larını çıxarıb, ayağı yer tutanlara vermişdilər. Həmin gecəsi hətta bir qadının uşağı olmuşdu. Qadın alt paltarını çıxarıb, uşağı bükmüşdü ki, donmasın".

Zakir Cavadov deyir ki, meşədə qalan xocalılar fevralın 25-dən 26-na keçən gecə baş verənləri dəhşətlə danışırdılar: "Dedilər elə töküldülər ki... İriçaplı silahlar, tanklar, hərbi texnikalarla hücuma keçdilər. O qədər texnika gətirmişdilər ki, elə bil böyük bir dövləti işğal edirlər".

Bundan sonra isə dinc sakinlərin başına açılan oyunların sayı hesabı olmayıb. Zakir Cavadov həmin dövrdə onunla birlikdə vuruşan əsgərlərin mərdliyini, igidliyini də xatırlayır: "Bizim bir seyid var, məşhur seyiddir. O qədər güclü adamdır ki, 9 ermənini ağacla döyüb, yerə uzatmışdı".

Zakir Cavadov əmindir... İndi də belə qüvvətli, cəsur oğullarımızın olduğuna, həmin oğulların işğal altında olan torpaqlarımızı azad edə biləcəyinə əmindir. Biz də inanırıq... Bizdən 24 il uzaqda qalan Xocalıya qayıdacağımıza, orada qalan ruhları azad edəcəyimizə, Azərbaycanın üç rəngli bayrağını o torpaqlarda dalğalandıracağımıza inanırıq...

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az