Gədəbəyin icra başçısı müxalifətçini ölümlə hədələyir

Gədəbəyin icra başçısı müxalifətçini ölümlə hədələyir

Mülkü dağıdılan Əli Abdullayev: “Ramiz Yediyarov məni gedər-gəlməzə göndərəcəyini deyir”.

Gədəbəy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Ramiz Yediyarovun Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin üzvü, iş adamı Əli Abdullayevə məxsus olan 636 m2-lik sahəyə malik üçmərtəbəli obyekti sökdürməsindən bir aydan artıq vaxt keçsə də, mülk yiyəsinə hələ də kompensasiya ödənilməyib.
Ə. Abdullayevin “Yeni Müsavat” qəzetinə verdiyi məlumata görə, bütün sənədləri yerində olan özəl mülkünün dəyəri 625 min manatdır. Obyekti sökən zaman RİH ona 80 min manat veriləcəyini bildiribmiş. O isə bu məbləğin 625 manatın qarşısında çox az olduğunu deyib. Məsələ bu şəkildə qalıb.
Ə. Abdullayevin sözlərinə görə Gədəbəy RİH-in rəsmi şəxsləri bu vaxta qədər müxtəlif bəhanələr gətirərək sökülmüş mülkün əvəzini ödəməkdən imtina edirlər:
“Mülküm mayın 22-də sökülüb. Bu vaxta qədər mənə hər cür yalan satıblar. Gah dedilər həm pul verəcəyik, həm də mağaza tikmək üçün torpaq. Aparıb guya ayıracaqları torpağı da göstərdilər. Amma indi məlum olur ki, bunlar hamısı yalan və boş vədlərmiş. İcra başçısının müavini Rüstəm Nağıyev, digər məmur Sədaqət Abbasov, şəhər bələdiyyəsinin sədri Zirəddin Səfərov, baş memar Elxan Vəliyev, şəhər icra nümayəndəsi Şahbaz Bayramov , torpaq şöbəsinin müdiri Ədalət müəllim mənimlə dəfələrlə görüşüb sökülmüş mülkümə görə mütləq kompensasiya ödəniləcəyini bildiriblər. Hər biri ayrı-ayrılıqda bu məsələnin başqa tərəfinin olmadığını deyib. Amma ortada heç nə yoxdur. Mən may ayından işsizəm. Mülkümü yerlə bir etdilər, məni işsiz qoydular, ailəmin yeganə dolanışıq yerindən məhrum etdilər”.
İş adamı mülkiyyət hüquqlarının bərpa olunması istiqamətində fəaliyyətini sona qədər davam etdirəcəyini bildirir:
“Poçtla Gədəbəy Rayon İcra Hakimiyyətinin binası arasında 30 metr məsafə var. May-ın 22-dən , yəni mülküm sökülən gündən icra hakimiyyətinə məktub və teleqramlar göndərirəm. Nəhayət ki, bir aydan sonra icra hakimiyyətindən səs çıxdı. 15-dən artıq məktub və teleqramlarıma verilən rəsmi cavabda deyilir ki, mən mülkümə aid bütün sənədləri notariat qaydada təsdiq edib icra hakimiyyətinə təqdim etməliyəm. Başa düşə bilmirəm, bu adamlar mənim mülkümə aid sənədləri itiriblər, ya başlarını. Hər bir mülkə aid sənədlər bir neçə nüsxədə olur. Nüsxələrdən biri də heç şübhəsiz ki, icra hakimiyyətində saxlanılır. İndi bunlar məndən öz verdikləri sənədləri istəyirlər. Görünür, cavab vermək üçün başqa sözlər tapa bilməyiblər”.
Ə. Abdullayevin sözlərinə görə, prezidentə, nazirlərə və rəsmi dövlət qurumlarına göndərdiyi məktubların da baxılması üçün Gədəbəy RİH-ə yönəldiyinə dair bildiriş alıb. KXCH yetkilisi rayondakı səlahiyyət sahiblərinin ona dediklərindən də danışdı. Onun sözlərinə görə, Gədəbəyin icra başçısı Ramiz Yediyarov onun ünvanına hədələyici sözlər deyib:
“Mənə məlumat verdilər ki, başçı məni gedər-gəlməzə göndərəcəyini bildirib. Həm də “getsin hara istəyir şikayət etsin, yaxşı edib sökmüşəm” deyib. Mən bu adamlardan hər şey gözləyirəm. Məni hər cür təxribatlara çəkmək istəyirlər. Başıma bir iş gələrsə, hamı bilsin ki, bunun səbəbi sökülmüş mülkümə görə apardığım qanuni davadır. Mən bu adamlardan kompensasiya istəyirəm, bunlarsa məni ölümlə hədələyir, gedir-gəlməzə göndərmək istəyirlər. Mən ölkə rəhbərliyinə müraciət edirəm ki, Gədəbəydə baş verən bu qanunsuzluğa son qoyulması, mənim hüquqlarımın bərpası üçün addımlar atılsın”.
Sahibkar bildirdi ki,bir müddətdə gözləyək, əgər mülkün əvəzi ödənilməsə, Avropa Məhkəməsinə müraciət edəcək.
Gədəbəy RİH-ə bu məsələ ilə bağlı gün ərzində etdiyimiz zənglərə cavab verilmədi. İcra hakimiyyətinin və yazıda qarşı tərəf olaraq adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az