Elşad Abdullayev Gülər Əhmədovadan əl çəkmir
Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev Gülər Əhmədova ilə söhbətin videoyazısının daha bir fraqmentini yayıb. O, dünən “Azadlıq”a göndərdiyi məktuba sözügedən videogörüntüləri də əlavə edib.
Elşad Abdullayev məktubda yazır:
Hörmətli redaksiya!
Sizə təqdim etdiyim videogörüntüləri ictimailəşdirdiyiniz və bununla əlaqədar yaranmış vəziyyətə obyektiv yanaşmanıza, məlum video ilə bağlı təşkil etdiyiniz müzakirələrə görə qəzetinizə bir daha minnətdarlığımı bildirirəm. Qısaca olaraq, yaranmış vəziyyətə münasibətimi bildirmək istərdim. Gördüyünüz kimi, cəmiyyətdə olan buz tərpənmişdir, bunu problem ətrafında gedən müzakirələr də sübut edir.
Sevindirici haldır ki, dövlət rəsmilərinin də bu məsələ ilə bağlı susuqunluğuna nəhayət, son qoyulmuşdur. Prokurorluq tam əminəm ki, ölkə başçısının müdaxiləsindən sonra cinayət işi başlamış, Gülər Əhmədova deputat mandatından imtina etməyə məcbur olmuş, MSK onun mandatının alınmasını təsdiq etmişdir.
Amma hadisələrin inkişafı mənə belə deməyə əsas verir ki, proseslər yenə də qanun çərçivəsində deyil, siyasi konyuktura müstəvisində cərəyan edir. Prokurorluq hələ ki, cinayət törətmiş və bunun üçün məsuliyyəti cəlb edilməli olan şəxsləri deyil, məni nişan götürmüşdür. Son günlər Baş prokuror Zakir Qaralovun mənim barəmdə səsləndirdiyi fikirlər, ABU-da, mənə və ailə üzvlərimə aid olan evlərdə axtarışların aparılması buna əyani misaldır. Həm baş prokurorun, həm ondan aşağıda və yuxarıda duranların, həm də qəzetiniz vasitəsilə bununla maraqlanan bütün oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, bu yolla məni qorxuda bilməyəcəklər, mən həqiqətin müəyyən edilməsi üçün axıra kimi getməkdə israrlıyam.
Yeri gəlmişkən, qeyd edim ki, Baş prokurorun mənim guya insan alveri ilə məşğul olmağım barədə söylədikləri ağ yalandır, səbəbi də məlumdur. Bununla demək istəyir ki, biz hamımız rüşvət alırıq, ancaq Elşad Abdullayev, hətta insan orqanlarıyla alver edir. Obyektiv istintaq aparılacaqsa, mənim bu məsələyə heç bir qarışacağım olmadığı aşkar olunacaq. Ən azı, ona görə ki, ABU-nun nəzdində olan klinikaya mənim heç bir aidiyyətim olmamışdır.
Bir neçə kəlmə də hörmətli Ramiz Mehdiyevin video qalmaqalla bağlı söylədiklərinə cavab vermək istərdim. Əgər düz başa düşmüşəmsə, cənab Mehdiyev məni və Gülər Əhmədovanı dələduz adlandırıb. Əvvəla, xahiş edərdim ki, hörmətli Mehdiyev izah etsin ki, əgər Gülər Əhmədova məni aldadıb pulu onun adından alırdısa, onun bundan xəbəri yox idisə, aldanmış şəxs kimi mən niyə dələduz oluram? Ikincisi, Azərbaycan reallığından məlumatı olan hər kəsə, o cümlədən mənə aydındır ki, Gülər Əhmədova məni deputat “seçdirə” bilməzdi. O, məni inandırmışdı ki, pulu Ramiz müəllimə verəcək. Dediklərimi sübut etmək üçün Gülər Əhmədovayla danışığımızdan daha bir fraqmenti sizə göndərməklə onu yaymağınızı xahiş edirəm.
Son olaraq bir daha bildirirəm ki, mən video görüntülərin və audio yazıların indi yayılmasının əleyhinəyəm. Yenə də inanmaq istəyirəm ki, prezident Ilham Əliyev ona ünvanladığım müraciəti nəzərə alaraq iş üzrə müstəqil istintaq komissiyası yaradılmasına göstəriş verəcək. O zaman mən əlimdə olan bütün materialları KIV-ə yox, məhz həmin komissiyaya təqdim edəcəyəm.