Hacı Şahinin ETİRAZ reklamı kimlərin marağına XİDMƏT edir?

Hacı Şahinin ETİRAZ reklamı kimlərin marağına XİDMƏT edir?

Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsində (QMİ)  məscidlərin fəaliyyəti ilə bağlı  yeni qərarların müzakirəsinə həsr olunmuş iclasda yaranmış narazılıqla bağlı məlumat yayıldı. 

Adı çəkilən qurumun rəsmi nümayəndələrinin etirazı ilə bağlı yayılan xəbərdə qeyd olunurdu ki, iclas zamanı "Təzəpir" məscidinin axundu, ilahiyyatçı Mircəfər Eyyubov idarənin səlahiyyətli şəxslərinə Nazirlər Kabinetinin məscidlərin açılması ilə bağlı qəbul etdiyi  qərarlarda yer alan müddəaları şərh edərək iradını bildirib. 
Daha sonra, "Məşədi Dadaş" məscidinin axundu, ilahiyyatçı Şahin Həsənlinin konfrans zalını toplantı bitməmiş, etiraz əlaməti olaraq tərk etdiyi qeyd olunurdu.
Şahin Həsənlinin  iclası yarımçıq tərk etməsinin səbəbi isə  Nazirlər Kabinetinin qərarında açıqlandığı kimi məscidə yalnız namaz vaxtı getmək və namazı bitirdikdən sonra dərhal ibadət məkanını tərk etmək, özü ilə dəsmal, möhür, namaz xalçası gətirmək kimi bəndlərin olması bildirilir. 

Əvvəla onu qeyd edək ki, Azərbaycanda həyata keçirilən sosial izolyasiya tədbirləri koronavirus pandemiyasının  kütləvi hal almamasına xidmət edir. Bu, sirr deyil. Bütün atılan zəruri tədbirlərə baxmayaraq, müasir elm və texnologiya, bir sözlə, 21-ci əsrin insanı hələ də bu virusun qarşısında çarəsizdir.
Dünya Səhiyyə Təşkilatının hazırladığı hesabatlardan da aydın görünür ki, xəstəliyin müalicəsi yoxdur. Dünyanın hər yerində vəziyyət acınacaqlıdır, hətta inkişafda olan dünya ölkələri koronavirus pandemiyasının qarşısında acizdirlər.

Dövlətlərin sərhədləri, hava yolları bağlanıb. Ancaq koronavirusun yayılmaması üçün hansı ölkələr daha səmərəli addımlar atıbsa, orada vəziyyət daha ürəkaçandır. Belə nümunəvi  ölkələrdən biri də Azərbaycandır. Zamanında qəbul olunmuş düzgün qərarlar, dövlətin vətəndaşın yanında olması, sosial yönümlü siyasətin düzgün aparılmasının məntiqi sonluğu olaraq ölkəmiz bu bəladan daha az zərər görmüşdür. 
 
Ölkə başçısı İlham Əliyevin vəziyyətə şəxsən nəzarət etməsi onu göstərir ki, inkişaf etmiş ölkələrdə belə durum ölkəmizlə müqayisədə acınacaqlıdır. 
 
Məhz buna görə, QMİ-nin sözügedən iclasında bəzi din xadimlərinin etirazı şoudan başqa bir şey deyil. Bu,əslində, Azərbaycan dövlətinin yürütdüyü pandemiya siyasətinə olan etirazdır. İlahiyyatçı Şahin Həsənlinin nümayişkaranə şəkildə iclası yarımçıq tərk etməsi də bu qəbildən sayıla bilər.

Cənab Həsənlinin etirazının kökündə dayanan bir məqam da xüsusilə vurğulanır ki, guya, sosial şəbəkə istifadəçiləri pandemiya ilə əlaqədar  məscidə gələnlərin  ibadətdən sonra dərhal oranı tərk etmə qaydasına etiraz ediblər. 

Əvvəla, Şahin Həsənli və digər din xadimləri bilməlidirlər ki, dövlətin siyasəti sosial şəbəkə istifadəçiləri tərəfindən deyil, dövlət tərəfindən müəyyən edilir. Digər tərəfdən, Şahin Həsənli sosial şəbəkələrdə  izləyicilərindən daha çox, vətəndaşı olduğu dövlətin maraqlarını nəzərə almalıdır. Bu, ilk növbədə vətəndaş məsuliyyətidir. Şahin Həsənli unudur ki, əgər dövlət və dinin idarəçiliyi sosial şəbəkə istifadəçilərinin ixtiyarına verilsə idi, Azərbaycanda bu günkü mənzərə necə dəhşətli olardı. Məscid Allahın evidir. Burada yalnız ibadət olunur. Məsciddə ibadətdən sonra nə işin ola bilər axı? Çox qaranlıq sualdır, deyilmi?
Başa düşürük, Azərbaycan tolerantlıq baxımından bütün dünyaya nümunədir. Hətta ölkədə digər  məzhəblərin nümayəndələri  belə bir yerdə vəhdət namazı qılırlar. Ölkədə dini zəmində heç bir qarşıdurma, problem yoxdur, ola da bilməz. Amma Şahin Həsənlinin məlum etirazı məqsədli şəkildə ölkəmizdə dini zəmində qarşıdurma meyillərinin yaranmasına hesablanıb. Bu sosial media fenomeni dövlət qərarlarına zidd gedərək özündən uydurma qəhrəman yaratmağa çalışır. Amma unudur ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərarların  hamısında hökümət  vətəndaşlarının ilk növbədə sağlamlığı düşünülür. Əgər Şahin Həsənlinin və digər ilahiyyatçıların  Nazirlər kabineti yanında Operativ Qərərgahın qəbul etdiyi qərarlara etirazları varsa, buyursunlar, bəyənat versinlər, narazılıqlarını ifadə etsinlər, hökümətə təkliflər paketi versinlər. Sosial media üzərində özlərindən qəhrəman düzətməsinlər. Bu ucuz təbliğatla cəmiyyəti aldatmaq olmaz.  
Məscidə ibadət etmək başqa, orda toplaşmaq başqa. Əgər söhbət ibadətdən gedirsə, ibadət sözünün mənasını insanlara izah edin. Yox əgər siz də bunu bilmirsinizsə, o zaman biz izah edək:

"İbadət  hər hansı bir varlığa bəndəçilik etmək, yəni ona sayğı, təzim və ehtiram deməkdir, başqa sözlə, məbud qarşısında bəndənin təvazökarlığı və kiçilməsidir. Bu təvazökarlığın əvvəli insanın mərifət və inamıdır.
Allaha ibadət- Onun əmrlərini yerinə yetirmək, qadağan etdiklərindən çəkinməkdir. Necə ki, Həzrət Əli (ə) buyurur: "Günahlar iki cürdür: Allahın əmrlərindən boyun qaçırmaq, qadağan etdiklərini özünə rəva bilmək.” Buna görə də yaranmış bu bəlanın qarşısında elm və loğmanlar acizdirsə, onda bu xəstəliyin yayılmaması üçün əlimizdən gələni etmək özü də bir ibadətdir.”

Çox təssüflər olsun ki, Azərbaycanda bəzi din xadimlərinin ibadəti Allaha yox, xüsusi kütləyə hesablanıb.  Əslində bunun adı reklamdır, həm də ucuz reklam. Özü də bu reklamı dövlətin kölgəsinə sığınıb edirlər.

Düşünürük ki, bu qəbildən olan özünütanıtımı Allah heç zaman xoşlamaz. Hətta hədislərdən birində deyilir ki, əgər kimsə öyünmək üçün ən gözəl libasını geyinib özünü kiməsə göstərmək istəyirsə, o libası geyinəndən soyunana kimi Allah nəzərlərini o adamın üzərindən götürər və Allahın bütün mələkləri onu lənətləyər.
Bütün yaxşı niyyətlər Allah üçündür. Bu niyyətinizdən çəkinin, cənablar! Allahın sevmədiyi, sosial şəbəkələrin sevdiyi işlərdən qaçın! Dinimizdə deyildiyi kimi-əməllər niyyətlərə bağlıdır. Əməllərimizi paklayıb, şounu, reklamı deyil, Axirətimizi fikirləşək! 

Azərbaycan demokratik ölkədir, hər kəs tutduğu vəzifəsindən asılı olmayaraq tənqid oluna bilər. Azərbaycan qanunlarına  görə bütün məscidlər dövlətin nəzdində, mövcud qanunvericiliyə görə fəaliyyət göstərir. Məscidlərin müəyyən məhdudiyyətlərlə açılmasına cəmiyyətdə fikir ayrılığı yaratmaq, birbaşa QMİ-ni hədəfə gətirməkdə məqsəd bəllidir. Burda münasibətləri gərginləşdirmək ibadətlə bağlı deyil. Qafqaz Müsəlmanları İdarəsi yalnız din xadimlərinin məscidlərə təyinatına və məscid daxilində olan dini məsələlərə nəzarət edir. Məscidlərin  açılması ilə bağlı qərar isə  Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov tərəfindən 26 may 2021-ci il tarixində imzalanmışdır. Fikrimizcə, baş nazirin verdiyi bu qərarda ibadətin qarşısını alan heç nə yoxdur. Əksinə, "namazını qıl, get", "Allahına bəndə hesabatını ver, get" anlayışından başqa heç nə yoxdur. Əgər qərara qarşı hansısa dəlillər gətirəcək etirazınız varsa, o zaman baş nazirə müraciət edin.

Hacı Şahin Həsənlini və "Təzəpir” məscidinin axundu, ilahiyyatçı Mircəfər Eyyubovu məlum məsələyə etirazına görə  ittiham etmək fikrində deyilik.  Qarabağ ətrafında baş verən siyasi gərginliyin, dünya erməniliyininin üstümüzə gəldiyi vaxtda, İran-Azərbaycan münasibətlərinə xələl gətirmək üçün bəzi qüvvələrin çirkin niyyətlərini onlara xatırlatmağı özümüzə borc bildik.  Bu kimi etirazların ssenariləri daha çox  kənardan yazılır və idarə olunur. Bizim tanınmış ilahiyyatçıların da bilməyərəkdən o ssenarilərə uyğun, baş verə biləcək narazılıqlarda alət olunmaları kimsəyə başucalığı gətirməyəcək. 44 günlük Vətən müharibəsindən qalib çıxmış Azərbaycanı zəiflətməkdən ötrü bütün kartlardan istifadə olunur. Hətta bunların sırasında dini qarşıdurmaya zəmin yaratmaq planları da var. Unutmayın, dini fanatlarla siyasi fanatların arasında kifayət qədər fərq var.  Dövlətin din siyasətinə hörmətlə yanaşmaq hər bir vətəndaşın borcudur!
 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az